Dövlət bankı Azər Türk Bankın rəhbərliyi Vətən müharibəsində şəhid olmuş həmkarları Rauf Əliyevin anım günü münasibətilə onun məzarını ziyarət edib.
Qəhrəman şəhidimizin əziz xatirəsi dərin ehtiramla yad edilib, məzarı üzərinə əklil qoyulub və gül dəstələri düzülüb.
Göstərdiyi şücaətə görə igid əsgərimiz ölümündən sonra Azərbaycan Respublikasının Prezidentinin müvafiq sərəncamları ilə "Vətən uğrunda”, "Füzulinin azad olunmasına görə” və "Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilmişdir.
Ölkə Prezidentinin Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında Şəhid olmuş şəxslərin təltif edilməsi haqqında Sərəncamına əsasən döyüş zamanı şəhid olmuş "Azər-Türk Bank" ASC-nin əməkdaşı Rauf Əliyev 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeninə layiq görülüb.
Qeyd edək ki, Rauf Əliyev 4 iyun 1994-cü ildə Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Əbrəqunus kəndində anadan olub. O, orta təhsilini Bakı şəhərində almış, daha sonra Azərbaycan Texniki Universitetində "İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi” ixtisası üzrə ali təhsilini tamamlamışdır.
Tələbəlik illərindən etibarən informasiya texnologiyaları sahəsinə böyük maraq göstərmiş, proqramlaşdırma üzrə bilik və bacarıqlarını daim inkişaf etdirmiş, bir sıra beynəlxalq sertifikatlar əldə etmiş və xaricdə peşəkar təlimlərdə iştirak etmişdir.
2016-cı ildə həqiqi hərbi xidmətə çağırılmış, Aprel döyüşlərində iştirak etmişdir. Hərbi xidmətini başa vurduqdan sonra əmək fəaliyyətini davam etdirərək 28 avqust 2018-ci il tarixində Azər Türk Bankın İnformasiya Texnologiyaları Departamentinin Proqram Təminatı Şöbəsində mühəndis vəzifəsində işə başlamışdır. Daha sonra mühəndis-proqramçı və aparıcı mühəndis-proqramçı vəzifələrində fəaliyyətini davam etdirmişdir.
2020-ci ildə Vətən müharibəsi başladıqda könüllü olaraq cəbhəyə yollanaraq torpaqlarımızın işğaldan azad olunması uğrunda qəhrəmancasına mübarizə aparmışdır. O, 22 oktyabr 2020-ci il tarixində Hadrut istiqamətində gedən döyüşlər zamanı şəhid olmuşdur.
"Azər-Türk Bank” ASC-nin İdarə Heyətinin sədri Günel Nəbiyeva və bankın rəhbərliyi Rauf Əliyevin ailə üzvlərinin iştirakı ilə şəhidimizin əziz xatirəsini dərin ehtiram və minnətdarlıqla yad edib, onun timsalında bütün şəhidlərimizi hörmət və ehtiramla anmışlar.
Şəhidlərimizin fədakarlığı və qəhrəmanlığı xalqımızın yaddaşında daim yaşayacaq.
















































