2027-ci ildən fermerlərə böyük dəstək: Yeni subsidiya məbləğləri

2027-ci ildən fermerlərə böyük dəstək: Yeni subsidiya məbləğləri
SOSİAL
23:42 13.09.2026
885
2027-ci ildən kənd təsərrüfatı üzrə subsidiya siyasətində yeni mərhələ başlayır. Aqrar Subsidiya Şurasının təsdiqlədiyi yeni mexanizmlə dövlət dəstəyinin həm istiqamətləri, həm də əhatə dairəsi genişləndirilir. Daha məhsuldar və texnoloji istehsala üstünlük verilir. Müasir suvarma və lazer hamarlama texnologiyalarından istifadə edən, sertifikatlı toxum tətbiq edən fermerlər üçün daha yüksək subsidiyalar nəzərdə tutulur. İstixanalar, ixracyönümlü bitkilər və emal sənayesi üçün istehsal olunan məhsullar da əlavə dəstək alacaq. Yeni mexanizmin əhatə dairəsi bununla məhdudlaşmır. Süd, balıqçılıq, yumurta, atçılıq və intensiv heyvandarlıq kimi sahələr üzrə ayrıca subsidiya mexanizmləri tətbiq ediləcək. Eyni zamanda, müəyyən meyarlara cavab verən təsərrüfatlara əkin subsidiyasının 30 faizinin əvvəlcədən ödənilməsi nəzərdə tutulur. Dövlətin yeni yanaşması bir tərəfdən fermerlərin maliyyə yükünü azaltmağa, digər tərəfdən isə məhsuldarlığı, texnoloji yenilənməni, emalı və ixrac imkanlarını artırmağa hesablanıb.

AZXEBER.COM mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:

Daha keyfiyyətli və nəticəyönümlü mərhələ

Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi sədrinin müavini Azər Badamov hesab edir ki, yeni mexanizmi aqrar siyasətdə daha keyfiyyətli və nəticəyönümlü mərhələyə keçid kimi qiymətləndirmək olar: "Burada əsas məsələ təkcə subsidiyaların məbləğinin artırılması deyil, dövlət dəstəyinin məhsuldarlığın yüksəldilməsinə, müasir texnologiyaların tətbiqinə və kənd təsərrüfatının rəqabət qabiliyyətinin artırılmasına yönəldilməsidir. Məsələn, buğda istehsalında lazer hamarlama suvarmanın daha səmərəli təşkilinə, su itkilərinin azalmasına və məhsuldarlığın yüksəlməsinə imkan verir. İstixanaların, ixracyönümlü bitkilərin və emal sənayesi üçün istehsal olunan məhsulların əlavə dəstəklənməsi aqrar sektorun yalnız xammal istehsal edən sahə kimi deyil, daha yüksək əlavə dəyər yaradan sektor kimi inkişafına şərait yarada bilər".

"Hər hektardan keyfiyyətli məhsul əldə olunmalıdır"

Millət vəkilinin sözlərinə görə, yeni subsidiya siyasətində əsas yanaşma fermeri daha səmərəli və müasir üsullarla istehsala yönəltməkdir: "Bu yanaşma uzunmüddətli perspektivdə aqrar sektorda struktur dəyişikliklərinə səbəb ola bilər. Real dönüş üçün əsas şərtlərdən biri məhsuldarlığın artırılmasıdır. Bunun üçün yalnız əkin sahələrinin genişləndirilməsi kifayət etmir. Mövcud torpaq və su resurslarından daha səmərəli istifadə etməklə hər hektardan daha çox və keyfiyyətli məhsul əldə olunmalıdır. Müasir texnologiyaların tətbiqi bu baxımdan mühüm rol oynayır. Ənənəvi üsullarla becərilən təsərrüfatlarda taxılın məhsuldarlığı 15-25 sentner səviyyəsində olduğu halda, innovativ texnologiyalardan istifadə edən bəzi təsərrüfatlarda bu göstəricini 60 sentnerə qədər yüksəltmək mümkündür".

Yüksək məhsuldarlıq, aşağı maya dəyəri

A.Badamov bildirdi ki, subsidiya mexanizminin təsirini artırmaq üçün fermerlərin bilik və bacarıqları da gücləndirilməli, aqrar məsləhət xidmətləri inkişaf etdirilməli və texnologiyalara çıxış imkanları genişləndirilməlidir: "Dövlət dəstəyi fermerin istehsal xərclərinin bir hissəsini kompensasiya etməklə maya dəyərinin azalmasına və gəlirliliyin yüksəlməsinə imkan verir. Gəlirlərin artması isə fermerin növbəti istehsal mövsümünə daha çox vəsait yatırmasına şərait yarada bilər. Beləliklə, daha keyfiyyətli toxum, müasir suvarma sistemi və texnikaya investisiya imkanları genişlənir. Əkin subsidiyasının 30 faizinin əvvəlcədən ödənilməsi də bu baxımdan mühüm addımdır. Fermer gəliri məhsulu satdıqdan sonra əldə etsə də, toxum, gübrə, yanacaq, texnika və suvarma kimi əsas xərcləri əkin dövründə qarşılamalıdır. Xüsusilə kiçik təsərrüfatlar üçün bu, ciddi maliyyə yükü yarada bilər. Subsidiyanın bir hissəsinin əvvəlcədən ödənilməsi fermerə müəyyən qədər dövriyyə vəsaiti qazandıraraq əkin prosesinə daha rahat başlamasına imkan verə bilər. Mexanizmin səmərəli işləməsi üçün tətbiq qaydalarının sadə və şəffaf olması vacibdir. Kiçik təsərrüfatların dəstəkdən yararlanması üçün həddindən artıq mürəkkəb tələblərin müəyyənləşdirilməsi gözlənilən effekti zəiflədə bilər".

"Aqrar istehsalın diversifikasiyasına imkan yaradır"

İqtisadçı Elçin Əkbərov isə düşünür ki, yeni mexanizmin diqqətçəkən tərəflərindən biri dövlət dəstəyinin konkret istehsal davranışları ilə əlaqələndirilməsidir: "Bundan sonra fermerin hansı texnologiyadan istifadə etməsi və istehsal prosesinin rəsmi şəkildə sənədləşdirilməsi daha çox əhəmiyyət daşıyacaq. Konkret olaraq buğda subsidiyası buna nümunədir. 22 ixtisaslaşmış rayonda müasir suvarma ilə becərilən buğdaya hektara 400 manat, ənənəvi suvarma və ya dəmyə üsulu ilə becərilən buğdaya isə hektara 200 manat subsidiya nəzərdə tutulması texnoloji yenilənmənin maliyyə baxımından daha çox təşviq edildiyini göstərir. Kartof və tərəvəz üzrə müasir suvarmadan istifadə edən təsərrüfatlara daha yüksək dəstəyin verilməsi də istehsalçıların texnologiyaya keçidini sürətləndirə bilər. Eyni zamanda, yeni subsidiya istiqamətlərinin heyvandarlıq və akvakultura sahələrini əhatə etməsi aqrar istehsalın diversifikasiyasına imkan yaradır".

Tək subsidiya kifayət deyil

E.Əkbərov hesab edir ki, yeni mexanizmin real dönüş yaratmaq potensialı var, lakin subsidiya aqrar sektorun bütün problemlərini təkbaşına həll edə bilməz: "Torpaqların parçalanması, su təminatı, maliyyəyə çıxış, texniki bilik və aqrar məsləhət xidmətlərinin yetərli olmaması, eləcə də emal imkanlarının məhdudluğu kimi məsələlər də paralel şəkildə həllini tapmalıdır. İslahatın effektivliyini qiymətləndirərkən subsidiya alan təsərrüfatlarda məhsuldarlığın artması, məhsul vahidinə sərf olunan suyun azalması, emala yönəldilən məhsulun həcminin yüksəlməsi və əlavə dəyərli məhsulların ixracının genişlənməsi kimi göstəricilər əsas götürülə bilər".

İqtisadçının fikrincə, subsidiyanın 30 faizinin əvvəlcədən ödənilməsi də bu baxımdan diqqətçəkən məqamdır: "Avans mexanizmi bütün kiçik fermerləri əhatə etmir. Hazırda açıqlanan qaydalara əsasən, 5-100 hektar əkin sahəsi olan, müəyyən edilmiş birillik yazlıq və ya payızlıq bitkiləri becərən və fermer reytinqi 30-dan yuxarı olan təsərrüfatlar bu imkandan yararlana bilər. Bu isə 5 hektardan az əkin sahəsi olan təsərrüfatların mexanizmdən kənarda qalması deməkdir".
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
30 il öncə Ramiz Mehdiyevə “İblis” deyən yazıçı danışdı: “Heydər Əliyev mənə dedi ki..”
16:22 29.10.2026
30 il öncə Ramiz Mehdiyevə “İblis” deyən yazıçı danışdı: “Heydər Əliyev mənə dedi ki..”
Hacıbəy Heydərli: Jurnalistlərə qarşı zorakılıq heç bir halda qəbul edilə bilməz
16:16 29.10.2026
Hacıbəy Heydərli: Jurnalistlərə qarşı zorakılıq heç bir halda qəbul edilə bilməz
Prezident Bakıda keçirilən FİFA U-15 yarışının finalçılarını mükafatlandıracaq
16:08 29.10.2026
Prezident Bakıda keçirilən FİFA U-15 yarışının finalçılarını mükafatlandıracaq
Əli Əsədov Gürcüstanda səfərdədir
16:01 29.10.2026
Əli Əsədov Gürcüstanda səfərdədir
“Gəlin-qaynana münasibətlərində də ciddi problemlər var”
15:43 29.10.2026
“Gəlin-qaynana münasibətlərində də ciddi problemlər var”
Qadınların kişilərdən az maaş almasının səbəbi budur - AÇIQLAMA
15:35 29.10.2026
Qadınların kişilərdən az maaş almasının səbəbi budur - AÇIQLAMA
Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi - FOTOLAR
15:32 29.10.2026
Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi - FOTOLAR
Avtomobil saxlamaq ayda neçəyə başa gəlir? – ARAŞDIRMA
15:24 29.10.2026
Avtomobil saxlamaq ayda neçəyə başa gəlir? – ARAŞDIRMA
Alimentin artırılması boşanmaların sayına necə təsir edəcək?
15:19 29.10.2026
Alimentin artırılması boşanmaların sayına necə təsir edəcək?
Şimali Kipr Türk Cümhuriyyətindən Fələstin prezidentinə sərt - REAKSİYA
15:16 29.10.2026
Şimali Kipr Türk Cümhuriyyətindən Fələstin prezidentinə sərt - REAKSİYA
Qan qruplarına görə insan xasiyyəti
15:10 29.10.2026
Qan qruplarına görə insan xasiyyəti
Fələstin Prezidenti Kipr Respublikasına səfərə getdi
15:04 29.10.2026
Fələstin Prezidenti Kipr Respublikasına səfərə getdi
Xidməti avtomobildən şəxsi məqsədlər üçün istifadə edənləri hansı cəza gözləyir? - AÇIQLAMA
15:03 29.10.2026
Xidməti avtomobildən şəxsi məqsədlər üçün istifadə edənləri hansı cəza gözləyir? - AÇIQLAMA
AZAL və “Sea Breeze” birgə lotereyanın 100 qalibini müəyyən etdi - FOTOLAR
14:47 29.10.2026
AZAL və “Sea Breeze” birgə lotereyanın 100 qalibini müəyyən etdi - FOTOLAR
Misir Mərdanovdan jurnalistlərə dəstək gəldi: "Qəti qəbulolunmazdır"
14:36 29.10.2026
Misir Mərdanovdan jurnalistlərə dəstək gəldi: "Qəti qəbulolunmazdır"
Gündəlik həyatda ən böyük probleminiz nədir? – VİDEOSORĞU
14:25 29.10.2026
Gündəlik həyatda ən böyük probleminiz nədir? – VİDEOSORĞU