- Elmar bəy, mümkünsə özünüz haqda məlumat verərdiniz…
- Mən Elmar Quliyev Kimya fakültəsinin Ekologiya ixtisasında 2-ci kursda təhsil alıram. İctimai sektorda aktiv olduğum üçün Kimya fakültəsi Tələbə Gənclər Təşkilatının sədri seçildim. Daha sonra Tələbə Gənclər Təşkilatında İctimaiyyətlə Əlaqələr departamentinin rəhbər vəzifəsinə təyin olundum.
- Necə oldu ki, BDU-nun Facebook səhifəsini yaratmağı qərara aldınız?
- Facebook sosial şəbəkəsinə yeni qoşulduğum vaxtlar idi, axtarışa BDU yazdım, bir neçə səhifə gördüm, amma səhifələr çox passiv idi, demək olar ki, səhifədə yeniliklər yox idi, ona görə mən qərara aldım ki, BDU - Baku State Univesrity səhifısini açım, əvvəlcə bu səhifəyə qrup uşaqları, sonra isə onların BDU-da təhsil alan tanışları qoşuldu, beləliklə şəbəkələşmə getdi və günü-gündən səhifəmizin azerkeşləri artmağa başladı. Mən bu səhifəni 19 aprel 2010-cu ildə açmışam.
- 5000 nəfəri bir yerə yığmaq asan iş deyil. Siz bunu necə bacardız?
- Mən buna çətin deməzdim, özümü tərifləmək kimi də çıxmasın, bunu hamı edə bilər, amma biraz dünyagörüşün olmalıdı, hərtərəfli olmalısan, yeniliklərdən xəbərin olmalıdır ki, onları səhifədəki azerkeşlərə çatdırasan. 5000 nəfərin zövqünü oxşamaq çox çətin bir işdi, bir şey post edərkən, əvvəlcə özüm fikirləşirəm görəsən kütlənin buna rəyi necə olacaq, bütün kütləni nərəzə alaraq postumu dəqiqləşdirib ondan sonra səhifəyə yazıram.
- Səhifənin neçə idarəçisi var?
- Səhifənin hal-hazırda bir idarəçisi var. Amma 3 moderator səhifəmizə nəzarət edir. Mən çox vaxt postları özüm edirəm, işlərim çox olduqda nəzarətçilərə deyirəm postu onlar edir.
- Bizdə olan məlumata görə, Azərbaycan Dövlət İqtisad Universiteti (ADİU) Facebookda ən çox üzvü olan universitet səhifəsidir. Bu sizdə qısqanclıq yaratmır ki?
- Bəli, Facebook sosial şəbəkəsində universitetlərin səhifələri arasında ADİU 1-ci yerdədir. Qısqanclıq deməzdim, sadəcə rəqabət aparmağa dəyər. Çünki nəzərə alsaq ən çox tələbəsi olan universitet bizik ona görə birinci yerdə bizim universitet olmalıdır. Ümidvaram çox keçmədən bizim səhifə 1-ci olacaq. ADİU səhifəsinın azərkeş sayı ilə bizim səhifənin azərkeş sayı arasında elə də böyük fərq yoxdur.
- Bəs Azərbaycan təhsilində baş verən məsələlər sizin səhifədə müzakirə olunurmu? Məs: Hicab məsələsi, təhsildə rüşvət və bu tipli mövzular?
- Səhifədə aktual mövzuları post edirəm və fikirləri özüm də qeyd edirəm, gələcəkdə mənə lazım olacaq. Təhsildə rüşvətlə bağlı çox postlar etmişəm, maraqlı müzakirələrimiz olub.
- Universitet rəhbərliyi bu səhifəylə maraqlanırlarmı? Sizə irad bildirən olubmu?
- Universitet rəhbərliyi bu səhifə ilə maraqlanmasa da Tələbə Gənclər Təşkilatı bu səhifə ilə maraqlanmışdır. Mənə irad bildirən olmayıb çünki, Tələbə Gənclər Təşkilatının dəstəyi nəticəsində bu universitetimizin rəsmi səhifəsinə çevrilmişdir. Universitetlə bağlı yeniliklər bizim səhifədə post olunur.
- Səhifə idarəçiliyini və təhsili necə çatdırırsız bir arada?
- Səhifə idarəçiliyi və təhsili çatdırmaq çətin olsa da, mən bunun öhdəsindən gəlirəm. Həm dərslərimə, həm də səhifə idarəçiliyinə məsuliyyətlə yanaşıram.
- Bəs tələbələrin aktivliyi, sosial şəbəkələrdən istifadəsi sizi qane edirmi?
- Tələbələrin aktivliyi məni qane edir, postlar nə qədər maraqlı olsa tələbələr bir o qədər aktiv olar. Mən bacardığım qədər Azərbaycanda tələbələrlə bağlı olan saytlardakı məlumatları səhifədə yazaraq digər tələbələrin nəzərinə çatdırıram. Bunlara misal olaraq, xaricdə təhsil proqramları, təlimlər, seminarlar, tədbirlər və s.-ni misal göstərmək olar.
- Son olaraq tələbələrə nə demək istərdiz?
- Son olaraq tələbələrə demək istərdim ki, Facebook sosial şəbəkəsində çalışın vaxtınızı boş sərf etməyin. Yəni boş vaxtlarınızda daxil olun. Hər şeydən əvvəl bizim təhsilimiz gəlir. Bizə qalan bizim elmimiz olacaq. AZXEBER.COM portalınln kollektivinə də təşəkkür edirəm ki, bizim səhifəni daimi olaraq xəbərlərinizlə təmin edirsiniz.
Hacıbəy HEYDƏRLİ