Abel Məhərrəmov "Reytinq"i məhkəməyə verir

GƏNCLİK
21:56 10.01.2011
3178

Həmin məlumatda bildirilir ki, E.Əliyev davamlı olaraq rektor haqqında qərəzli, həqiqəti əks etdirməyən yazılar yazır: “E.Əliyevin «Reytinq» qəzetinin 09 yanvar 2011-ci il tarixli sayında dərc etdirdiyi yazı da bu qəbildəndir. Materialda rektor haqqında həqiqəti əks etdirməyən fikirlər özünə yer alıb. Belə ki, 1991-ci ildə bir qrup BDU aliminin Naxçıvan Muxtar Respublikası Ali Sovetinin Azərbaycanda prezident seçkilərində iştirakdan imtina barədə bəyanatlarından yazılıb və həmin bəyanata imza atanlardan birinin guya Abel Məhərrəmov olduğu göstərilib. Halbuki həmin bəyanat «Bakı Universiteti» qəzetinin 14 sentyabr 1991-ci il tarixli sayında dərc edilib və orada Məhərrəmov soyadı ümumiyyətlə yoxdur. Məlumat üçün bildirək ki, «Alternativ» qəzetinin 06-12 iyun 2007-ci il tarixli sayında da eyni məzmunlu yazı dərc edilmiş və Abel Məhərrəmov böhtan yazısına görə həmin qəzeti məhkəməyə vermiş, saxtakarlıqlarını sübuta yetirmişdir. Sonradan həmin qəzet 11-17 iyul 2007-ci il tarixli sayında təkzib vermiş və bildirmişdir ki, “BDU rektoru haqqında qeyri-dəqiq, yoxlanılmamış məlumat yayımlamışıq. Çünki araşdırmalarımız nəticəsində məlum olmuşdur ki, 1991-ci il 10 sentyabr tarixdə Naxçıvan MR Ali Sovetinin sədri Heydər Əliyevə qarşı bəyanata BDU-nun rektoru, akademik Abel Məhərrəmov imza atmamışdır».

BDU-nun Mətbuat və İnformasiya şöbəsi qeyd edir ki, təkzibi verilən bir yazını 3 il sonra yenidən dərc etdirmək təəccüb doğurur. Universitetin Mətbuat və İnformasiya şöbəsinin məlumatı bu cür bitir: “ 2010-cu ildə keçirilən sorğuya görə «Jurnalistləri dostu» elan edilmiş möhtərəm Prezidentimiz cənab İlham Əliyevin tövsiyələrinə uyğun olaraq dözümlülük nümayiş etdirib, hər hansı qəzetin və qərəzli silsilə məqalələrin müəllifi olan Etibar Əliyevin məhkəməyə verilməsini istəmirdik. Lakin davamlı olaraq qeyri-obyektiv və böhtan xarakterli yazıların yazılması ikrah hissi doğurur və buna görə də məsələnin hüquqi müstəvidə araşdırılmasının tərəfdarıyıq”.

Məsələ ilə bağlı 21-ci Əsr Təhsil Mərkəzinin sədri Etibar Əliyevə də müraciət etdik. E. Əliyev BDU-nun mətbuat xidmətinin yaydığı məlumatın qərəzli olduğunu dedi: “İndiyə qədər Abel Məhərrəmovun şərəf və ləyaqətini təhqir edən heç nə yazmamışam. Mən müstəqil QHT rəhbəri kimi BDU-dakı təhsilin keyfiyyəti ilə bağlı yazılar yazmışam. Bu mənim peşə fəaliyyətimin tərkib hissəsidir. O ki, qaldı BDU-nun müəllimlərinin imzası məsələsi... Məndə olan materiallarda Abel Məhərrəmovun da adı o siyahıda var idi. Bu gün BDU-nun mətbuat xidmətinin mənə təqdim etdiyi rus variantında da kiminsə adı pozulub. Mənim istinad etdiyim mənbə Bakı Dövlət Universitetinin həmin tarixdə dərc olunmuş Azərbaycan dilində qəzetdi. “Alternativ” qəzetində dərc olunmuş müraciətdə Abel Məhərrəmovun adı var. Bakı Dövlət Universiteti məni və “Reytinq” qəzetini məhkəməyə versə biz vəsatət qaldıracağıq ki, həmin qəzetlərin orijinalları gətirilsin... Mənim Abel Məhərrəmova qarşı heç bir qərəz xarakteri daşıyan niyyətim olmayıb. Sadəcə olan faktlar əsasında “Reytinq” qəzetində yazı yazmışam”.

“Reytinq” qəzetinin baş redaktoru Afiq Mirzəbəyli A. Məhərrəmovun hansı səbəblərlə qəzeti məhkəməyə verdiyini anlamadığını dedi: “Bunun məsuliyyətini qəzet daşımamalıdır. Etibar Əliyev bunun məsuliyyətini çəkə bilər. Yəni yazdığı faktları sübuta yetirə bilər. Etibar Əliyev təhsil sahəsində kifayət qədər çalışıb və məlumatlıdır. Və yazdığı yazını əlindəki faktlara istinad edib yazıb. KİV haqqında qanuna görə, “Reytinq” qəzeti bu məsələdə məsuliyyət daşımır. Çünki bu məsələ ilə bağlı yazılar vaxtı ilə digər mətbu orqanlarda da dərc olunub. Amma buna baxmayaraq biz istənilən vaxt Abel Məhərrəmovun mövqeyini dərc etməyə hazırıq” .
musavat.com

OXŞAR XƏBƏRLƏR