“Adi dərman” deyib qəbul edirik – Diqqətli olmasanız ölümlə nəticələnə bilər

“Adi dərman” deyib qəbul edirik – Diqqətli olmasanız ölümlə nəticələnə bilər
SOSİAL
12:45 19.08.2026
420

Gündəlik həyatda insanlar müxtəlif ağrılar, soyuqdəymə, yüksək temperatur, mədə-bağırsaq problemləri və digər narahatlıqlar zamanı həkimə müraciət etmədən dərman qəbul edirlər.

Bəzi preparatlar qısa müddətdə rahatlıq versə də, onların uzun müddət və ya düzgün dozadan artıq istifadəsi sağlamlıq üçün ciddi risklər yarada bilər.

Xüsusilə ağrıkəsicilər, antibiotiklər, soyuqdəymə dərmanları və digər preparatların nəzarətsiz istifadəsi əlavə sağlamlıq problemlərinə səbəb ola bilər.

Maraqlıdır, gündəlik həyatda ən çox istifadə olunan hansı dərmanların həkim məsləhəti olmadan qəbulu təhlükəlidir və bu preparatlar hansı fəsadlara yol aça bilər?

Mövzu ilə bağlı AZXEBER.COM-a danışan tibb elmləri doktoru, professor Adil Qeybulla bildirib ki, dərman preparatları, hətta sadə hesab edilən ağrıkəsicilər belə, həkim məsləhəti olmadan qəbul edilməməlidir.

"Bəzi dərman preparatlarının istifadəsi xəstəliyin simptomlarının müalicəsi, məsələn, ağrıkəsici məqsədlə, yaxud xəstəliyin strateji müalicəsi üçün nəzərdə tutulur. Ona görə də dərmanların, hətta adi aspirin, parasetamol və ibuprofenin belə həkim nəzarəti və təyinatı ilə istifadə edilməsi daha doğrudur. Həkim təyinatı olmadan heç bir dərmanı qəbul etmək məsləhət görülmür. Bu, başqa problemlərə yol aça bilər”, – deyə professor bildirib.

Professor qeyd edib ki, xüsusilə bəzi dərman qruplarının istifadəsi zamanı fərdi xüsusiyyətlər nəzərə alınmalıdır:

"Hətta qan təzyiqi dərmanlarını belə həkim təyin edir və onların seçimində çoxlu nüanslar nəzərə alınmalıdır. Bütün bu məsələlər diqqətdə saxlanılmalıdır. Bəzi dərmanlar çox tez təsir göstərir. Məsələn, adrenalin və digər bu tip preparatlar heç bir həkim təyinatı olmadan istifadə edilə bilməz”.

A.Qeybulla psixotrop və narkotik analjeziklərin də yalnız həkim təyinatı ilə istifadə olunmalı olduğunu vurğulayıb:

"Psixotrop dərmanlar çoxdur və bunlar ancaq həkim təyinatı ilə qəbul edilə bilər. Digər narkotik analjeziklər isə xəstəxana şəraitində ağrıkəsici məqsədlə istifadə olunur. Bəzi dərmanların onsuz da xüsusi təyinatı var. Ümumilikdə isə xəstələrin hətta adi və sadə hesab edilən dərmanları belə özbaşına istifadə etməsi məqsədəuyğun deyil”.

Fəridə Əsədzadə

 

OXŞAR XƏBƏRLƏR