“Adımız var, səlahiyyətimiz yoxdur” – Deputatlar Naqif Həmzəyevin fikri ilə razılaşırmı?

“Adımız var, səlahiyyətimiz yoxdur” – Deputatlar Naqif Həmzəyevin fikri ilə razılaşırmı?
SOSİAL
14:29 12.11.2026
70
Deputatların seçiciləri qarşısında məsuliyyəti və onların problemlərinin həllindəki səlahiyyətləri zaman-zaman müzakirə mövzusuna çevrilir.

Milli Məclisin deputatı Naqif Həmzəyev də bu məsələyə toxunaraq deputatların səlahiyyətlərinin məhdudluğundan şikayətlənib. O, "Adımız var, ancaq heç bir səlahiyyətimiz yoxdur”, – deyə bildirib:

"Vətəndaşlar mənə irad tuturlar ki, bəlkə də bu asfalt üçün vəsait ayrılıb, bəlkə də bu vəsait başqa yerə xərclənib. Mən heç nəyə cavab verə bilmirəm. Yəni, açıq deyim ki, bizim adımız var, ancaq heç bir səlahiyyətimiz yoxdur.

Biz seçicilərlə görüşəndə çox əziyyət çəkirik. Xüsusilə də doğulub boya-başa çatdığımız və ya bir yerdə böyüdüyümüz qonşuların qarşısına çıxa bilmirik. Yəni deyirlər ki, sən vəzifə tutursan, yaxşı dolanırsan, bəs bizi niyə düşünmürsən?!"

Bəs digər deputatlar bu fikirlə razıdırlarmı?

AZXEBER.COM mövzu ilə bağlı Milli Məclisin deputatlarına müraciət edib.
 

Razi Nurullayev bildirib ki, deputatın nüfuzu tutduğu vəzifənin adından deyil, sözünün çəkisindən və fəaliyyətinin nəticəsindən daha çox qaynaqlanır:

"Deputat həmkarım Naqif Həmzəyevə hörmətim böyükdür. Təbii ki, deputatların düşüncəsi, yanaşması və fikirləri müxtəlif ola bilər və bu, parlament fəaliyyətinin normal tərkib hissəsidir. Deputatın statusu ilə real səlahiyyətləri arasında müəyyən fərqlər var. Deputat yalnız qanunverici orqanın üzvü deyil, həm də seçicilərin təmsilçisidir. Onun əsas imkanları qanunvericilik təşəbbüsündə, parlament nəzarətində, hökumətə suallar ünvanlamaqda və seçicilərin problemlərini dövlət qurumları qarşısında qaldırmaqdadır.

Əlbəttə, deputatın icra hakimiyyətinin səlahiyyətlərini öz üzərinə götürməsi düzgün deyil. Amma dövlət qurumları da deputatın sorğusuna, zənginə və qaldırdığı məsələlərə biganə yanaşmamalı, onu qulaqardına vurmamalıdır. Deputatın arxasında seçicilərin etimadı dayanır. Onun müraciətlərinə laqeyd münasibət göstərildiyi halda, deputatın da daha sərt və prinsipial mövqe ortaya qoyacağını hər kəs bilməlidir. Parlament nəzarətinin mahiyyəti də məhz budur. Bunu da bilməliyik ki, deputatın nüfuzu tutduğu vəzifənin adından deyil, sözünün çəkisindən və fəaliyyətinin nəticəsindən daha çox qaynaqlanır”.

Elçin Mirzəbəyli isə məsələyə münasibət bildirmək istəməyib:

"Naqif Həmzəyev həmkarımdır. Mən həmkarlarımın fikirlərinə münasibət bildirmirəm”.
 

Fəzail İbrahimli bildirib ki, Naqif Həmzəyev deputatın ümumiyyətlə səlahiyyətlərinin olmadığını deyil, vətəndaşların qaldırdığı problemləri birbaşa icra etmək səlahiyyətinin olmadığını demək istəyib:

"Naqif Həmzəyev sözün müstəqil və məntiqi mənasını bilən, hər zaman məntiqə söykənən, günün aktual məsələlərinə obyektiv münasibət bildirən və lazımi məqamlarda problemləri gündəmə gətirə bilən deputatdır. O, vaxtilə mənim tələbəm olub. Təbii ki, onun məntiqi təfəkkürünə bələdəm. Sadəcə, hesab edirəm ki, Naqif bu ifadəni işlədərkən fikrini bəlkə də bir qədər düzgün ifadə edə bilməyib. Deputatın səlahiyyətləri, hüquq və vəzifələri Milli Məclis tərəfindən qəbul edilən qanunlarla və Konstitusiya ilə müəyyən olunur. Burada söhbət daha çox qərarların icrası mexanizmindən gedir. Deputat hər hansı məsələni gündəmə gətirə, müvafiq təkliflərlə çıxış edə bilər. Məsələn, Milli Məclis müəyyən qərar qəbul edir, həmin qərar qanunvericilikdə nəzərdə tutulan qaydada təsdiqlənir və qüvvəyə minir. Bundan sonra onun icrası müvafiq icra orqanlarının səlahiyyətinə aid olur.
Naqif fikrini bir qədər sərt formada ifadə edib. O, deputatın ümumiyyətlə səlahiyyətlərinin olmadığını deyil, vətəndaşların qaldırdığı problemləri birbaşa icra etmək səlahiyyətinin olmadığını demək istəyib”.
 

Aydın Hüseynov qeyd edib ki, Naqif Həmzəyev "bizim səlahiyyətimiz yoxdur” deyərkən konkret olaraq tikinti və abadlıq işlərini nəzərdə tutur:

"Mən Naqif müəllimin çıxışına baxmamışam. Ancaq mən belə başa düşürəm ki, o, "bizim səlahiyyətimiz yoxdur” deyərkən konkret olaraq tikinti və abadlıq işlərini nəzərdə tutur. Məsələn, hər hansı ərazidə abadlıq işlərinin aparılması, su və kanalizasiya xətlərinin çəkilməsi kimi məsələləri deputatların özlərinin həyata keçirmək səlahiyyətinin olmadığını demək istəyir. Mənim anladığım qədər, burada ümumilikdə deputatın səlahiyyətlərindən söhbət getmir. Çünki çıxışında dam örtüklərinin dəyişdirilməsi, Gəncənin ayrı-ayrı məhəllələrinin abadlaşdırılması kimi məsələlərə toxunur. Yəni bu işlərin icrası üçün deputatların müvafiq səlahiyyətlərinin olmadığını nəzərdə tutur. Hesab edirəm ki, onun fikrini bu kontekstdə başa düşmək lazımdır”.

Fəridə Əsədzadə
OXŞAR XƏBƏRLƏR