Süni intellekt videolarına baxdı, kartından 71 manat çıxdı – Bunlara əməl etməsəniz pulunuz oğurlana bilər

Süni intellekt videolarına baxdı, kartından 71 manat çıxdı – Bunlara əməl etməsəniz pulunuz oğurlana bilər
MANŞET
13:07 14.08.2026
235
"Bu gün AI videolarına baxdığım yerdən kartımdan 71 AZN pul çıxdı. Banka zəng elədim, kartımı bağladılar. Özlərinə dedim, necə olur bu axı, abunəliyim yoxdur. Buna nə edə bilərəm? 10-20 AZN çıxsa, heç, birdən-birə 71 manat çıxıblar”.

Bu sözləri bir vətəndaş sosial şəbəkə hesabında yazıb.

Qeyd edək ki, son dövrlər süni intellektlə hazırlanmış videoların və müxtəlif AI platformalarının istifadəsi genişlənib. Vətəndaşların da bu videolara və platformalara qarşı xüsusi marağı müşahidə olunur.

Belə olan halda, istifadəçilər bu cür platformalardan yararlanarkən bank kartlarından xəbərləri olmadan vəsait silinməsi çaşqınlıq yaradır.

Mövzu ilə bağlı AZXEBER.COM-a açıqlamasında informasiya texnologiyaları üzrə mütəxəssis Fərid Əmirov bildirib ki, yalnız videoya baxmaqla bank kartından vəsaitin silinməsi mümkün deyil:

"Son zamanlar bu məzmunlu şikayətlərə tez-tez rast gəlinir. Məlumat təhlükəsizliyi və texniki baxımdan yalnız videoçarxa baxış keçirməklə bank kartından vəsaitin silinməsi mümkün deyil. Bu hallar kiberdələduzların istifadəçilərin diqqətsizliyindən yararlanaraq tətbiq etdiyi fırıldaqçılıq üsullarının nəticəsidir”.


Ekspert qeyd edib ki, kartdan vəsait silinməsi əsasən gizli abunəliklər, fişinq keçidlər və zərərli proqramlar vasitəsilə baş verə bilər:

"Birincisi, gizli abunəliklərdir. "3 gün pulsuz AI xidməti” adı ilə kart məlumatları alınır və sınaq müddəti bitdikdə xəbərsiz olaraq aylıq abunə haqqı tutulur. İkincisi, fişinq saytlardır. Videonun rəyindəki keçidlərdə "davamına baxmaq üçün 1 AZN ödəyin” tələbi ilə kartın məxfi rekvizitləri oğurlana bilər. Üçüncüsü isə zərərli proqramlardır. AI tətbiqi adı altında yüklədilən saxta fayllar vasitəsilə cihazdakı bank SMS-ləri ələ keçirilə bilər”.

F.Əmirov vətəndaşlara bu cür hallardan qorunmaq üçün bir sıra təhlükəsizlik qaydalarına əməl etməyi tövsiyə edib:

"Heç bir halda videoya baxmaq üçün kart məlumatı daxil edilməməlidir. Heç bir rəsmi platforma video izləmək üçün kartın CVV kodunu tələb etmir. İnternet ödənişləri üçün əsas kart əvəzinə balansı sıfır olan virtual kartdan istifadə edilməli, rəylərdə paylaşılan şübhəli keçidlərə daxil olunmamalı və bank tətbiqində 3D Secure (SMS təsdiq) xidməti aktiv saxlanılmalıdır”.

Ekspert bildirib ki, kartdan artıq icazəsiz vəsait silinibsə, vətəndaş dərhal banka müraciət etməlidir:

"Əgər kartınızdan artıq icazəsiz vəsait silinibsə, növbəti ödənişlərin qarşısını almaq üçün dərhal bankla əlaqə saxlayaraq kartı bloklaşdırmaq və əməliyyata etiraz müraciəti etmək lazımdır”.

Fəridə Əsədzadə
OXŞAR XƏBƏRLƏR