Qarabağa turist axını kəskin artıb – Ən çox səfər edilən bölgələr

Qarabağa turist axını kəskin artıb – Ən çox səfər edilən bölgələr
SOSİAL
12:33 14.08.2026
167
Yay mövsümünün gəlişi ilə insanların istirahət üçün bölgələrə marağı da artır. İsti havalarda dincəlmək istəyən turistlər Azərbaycanın müxtəlif rayonlarına üz tuturlar. Şəhərin səs-küyündən və gündəlik həyatın tempindən uzaqlaşmaq istəyən insanlar tətil günlərini Azərbaycanın müxtəlif rayonlarında keçirməyə üstünlük verirlər. Xüsusilə təbiəti, sərin havası, dağlıq əraziləri, meşələri, çayları və tarixi məkanları ilə seçilən bölgələr yay aylarında daha çox diqqət çəkir. 

Dövlət Turizm Agentliyinin məlumatına görə, hazırda turistik səfərlər ənənəvi olaraq 4 əsas turizm dəhlizi üzrə cəmləşib. Bunlar Bakı-Şimal, Bakı-Şimal-Qərb, Bakı-Qərb və Bakı-Cənub turizm dəhlizləridir. 

Agentliyin məlumatına görə, əsas turizm resurslarının, nəqliyyat əlçatanlığının, turizm fəaliyyətlərinin, turizm nümayiş obyektlərinin və digər dəstəkləyici infrastrukturun cəmləşdiyi bölgələr ən çox səfər olunan istiqamətlər sırasındadır. Qarabağ və Şərqi Zəngəzur da artıq turistlərin ən çox səfər etdiyi istiqamətlər arasındadır. Bu dəhlizlərdən əlavə, Naxçıvan ayrıca turizm destinasiyası kimi diqqət çəkir.

Dövlət Turizm Agentliyinin məlumatına əsasən, 2026-cı ilin ilk rübündə Bakıdan sonra iqtisadi rayonlar üzrə ən çox səfər edilən ərazilər Şəki-Zaqatala, Quba-Xaçmaz, Qarabağ, Abşeron-Xızı, Lənkəran-Astara, Gəncə-Daşkəsən və Dağlıq Şirvan olub.

Qurumun məlumatına görə, 2026-cı ilin I rübündə Azərbaycanda turizm sektorunda gəlir və turist sayında artım qeydə alınıb. Bakı üzrə turizm gəlirləri 2025-ci ilin I rübündə 543,9 milyon manat olduğu halda, 2026-cı ilin eyni dövründə 743 milyon manata yüksəlib. Bu, 37 faiz artım deməkdir.

Regionlar arasında ən yüksək gəlir artımı Cəbrayılda qeydə alınıb. Burada gəlir 226,7 min manatdan 952,7 min manata yüksələrək 320 faiz artıb. Füzulidə gəlirlər 239 faiz, Laçında 126 faiz, Zəngilanda 160 faiz, Şuşada 97 faiz, Ağdamda isə 97 faiz artıb.

Turist sayında da işğaldan azad edilmiş ərazilər üzrə ciddi artım müşahidə olunub. Cəbrayıla gələn turistlərin sayı 914 nəfərdən 8 215 nəfərə yüksəlib ki, bu da 799 faiz artım deməkdir. Zəngilanda turist sayı 929-dan 6 290-a çataraq 577 faiz, Füzulidə 3 290-dan 16 563-ə yüksələrək 403 faiz, Ağdamda isə 7 629-dan 21 312-yə çataraq 179 faiz artıb.

Şuşaya gələn turistlərin sayı 15 279 nəfərdən 36 255 nəfərə yüksəlib və 137 faiz artım qeydə alınıb. Xızıda turist sayı 136 faiz, Naftalanda 63 faiz, Tərtərdə 88 faiz, Daşkəsəndə isə 76 faiz artıb.

2026-cı ilin I rübündə ənənəvi turizm bölgələrində isə fərqli dinamika müşahidə olunub. Qubada turizm gəlirləri 2025-ci ilin I rübündə 47,6 milyon manat olduğu halda, 2026-cı ilin I rübündə 33,5 milyon manata düşüb. Qusarda gəlirlər 57,7 milyon manatdan 28,4 milyon manata, Qəbələdə isə 61,6 milyon manatdan 27,2 milyon manata enib. Xaçmazda gəlirlər 22 milyon manatdan 13 milyon manata, Şəkidə isə 19,3 milyon manatdan 12,7 milyon manata geriləyib.

Bakı isə turist sayına görə də əsas mərkəz olaraq qalır. Paytaxta 2025-ci ilin I rübündə 427 806 turist gəldiyi halda, 2026-cı ilin I rübündə bu rəqəm 466 329 nəfər olub. Artım 9 faiz təşkil edib.

Turizm eksperti Ceyhun Aşurov AZXEBER.COM-a açıqlamasında bildirib ki, turizm infrastrukturu inkişaf edən bölgələrə daha çox turist səfərləri olur:

"Xüsusilə turizm infrastrukturu inkişaf edən bölgələrə daha çox turist səfərləri olur. Daha çox paytaxtdan 3 saatlıq avtomobil yolu məsafəsində olan ərazilər mənimsənilir. Qarabağ turizm destinasiyası olaraq böyük maraq doğurur. Xüsusilə Qarabağda icazələrin asanlaşması, yeni marşrutların istifadəyə verilməsi ora daha çox turist cəlb edir”.

O qeyd edib ki, Cənub istiqamətinə də son dövrlər maraq artır: 

"Regionlar üzrə mənimsənilmə, Bakı-Şimal, Şimal-Qərb istiqamətləri, xüsusən Quba, Qusar, Şəki, Qəbələ istiqamətlərindədir. Cənub istiqamətinə də son dövrlər maraq artır. Gəncə, Naftalan istiqamətlərində də müəyyən hərəkətlilik görükür.
Zaqatala, Balakən istiqamətləri dəmir yolu ilə də əlaqəlidir və dəmir yolu istifadəyə verilib. Lakin paytaxtdan müəyyən qədər uzaq məsafədə yerləşdiyinə və qiymətlərə görə daha az turistlər gedir. Yəni daha uzaq məsafədə olan turizm destinasiya­ları qiymət baxımından da turistlər üçün daha əlverişli qiymətlər təklif edir”.

"Ümumiyyətlə, turizmin inkişafı ilə bağlı işlərdə, ilk növbədə, nəqliyyatın rahatlığı və əlverişliliyi çox vacibdir. Ümumi götürsək, daxili turizmdə dinamika yenə də aktivdir. Amma ölkə xaricindən gələn turistlərin sayında bu il 10 faizdən çox azalma müşahidə edirik. Bunun artırılması üçün düşünürəm ki, xaricdən Azərbaycana yönəlik hava nəqliyyatı imkanlarının artırılmasına, daha əlverişli və daha əlçatan olmasına ehtiyac var. Biz region ölkələrindən məhz bu istiqamətdə geri qalırıq”,-deyə ekspert bildirib.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR