Ağız qoxusu (halitoz) bir çox insanın zaman-zaman qarşılaşdığı problemdir.
AZXEBER.COM xəbər verir ki, səhərlər ağız qoxusunun yaranması, uzun müddət davam edən və ağız gigiyenasına baxmayaraq keçməyən qoxu müxtəlif sağlamlıq problemlərinin əlaməti ola bilər.
Ağız boşluğu və diş əti xəstəlikləri
Davamlı ağız qoxusunun ən geniş yayılmış səbəbi ağız boşluğunda yaranan problemlərdir. Dişlərin düzgün təmizlənməməsi nəticəsində bakteriyalar çoxalır və pis qoxuya səbəb olur. Bundan başqa:
* Diş əti iltihabı (gingivit);
* Parodontit;
* Diş çürükləri;
* Dil üzərində bakteriyaların toplanması;
* Keyfiyyətsiz protez və ya plomblar ağız qoxusuna yol aça bilər.
Mədə problemləri
Cəmiyyətdə ağız qoxusunun əsas səbəbinin mədə olduğu düşünülsə də, bu hər zaman doğru deyil. Bununla belə, bəzi hallarda aşağıdakı xəstəliklər ağız qoxusuna səbəb ola bilər:
* Qastroezofageal reflüks (mədə turşusunun qida borusuna qayıtması);
* Mədə xorası;
* Helicobacter pylori infeksiyası.
Şəkərli diabet
Nəzarətsiz diabet zamanı orqanizmdə keton cisimcikləri artır və nəfəsdən meyvəyə və ya asetonu xatırladan qoxu gələ bilər. Bu, xüsusilə diabetik ketoasidoz zamanı təcili tibbi müdaxilə tələb edən əlamətlərdən biridir.
Qaraciyər və böyrək xəstəlikləri
Qaraciyər funksiyası pozulduqda nəfəsdə şirin və ya kifə bənzər qoxu hiss oluna bilər. Böyrəklərin fəaliyyətinin zəiflədiyi hallarda isə ağızdan ammonyak və ya sidiyi xatırladan qoxu gələ bilər.
Tənəffüs yolu infeksiyaları
Sinusit, xroniki tonzillit, badamcıqlarda daşların (tonsillolitlərin) yaranması, bronxit və bəzi ağciyər infeksiyaları da ağız qoxusuna səbəb ola bilər.
Ağız quruluğu
Tüpürcək ağız boşluğunu bakteriyalardan təmizləməyə kömək edir. Tüpürcək ifrazı azaldıqda bakteriyalar sürətlə çoxalır və ağız qoxusu yaranır. Bu vəziyyət:
* Az su içdikdə;
* Bəzi dərmanların qəbulu zamanı;
* Siqaret istifadəsi;
* Uzun müddət ağızdan nəfəs alma nəticəsində baş verə bilər.
Digər səbəblər
Ağız qoxusu aşağıdakı amillərlə də əlaqəli ola bilər:
* Siqaret və digər tütün məhsullarının istifadəsi;
* Alkoqol qəbulu;
* Zülalla zəngin pəhrizlər;
* Uzun müddət ac qalmaq;
* Bəzi dərman preparatlarının yan təsirləri.
Şahanə











































