Azərbaycanın Eurovision Mahnı Müsabiqəsi 2012 təmsilçisi Səbinə Babayeva bu gün ikinci məşqindən sonra ilk mətbuat konfransını keçirib. AZXEBER.COM-un Eurovision.az saytına istinadən məlumatına görə, Səbinə Babayeva məşqlərinin uğurla davam etdiyini bildirib.Qeyd edək ki, Azərbaycan təmsilçisinin "When the music dies" mahnısında muğam hissəsini xalq artisti, muğam ustası Alim Qasımov ifa edir. Səbinə Babayeva Alim Qasımovla birgə səhnədə olmaqdan qürurlandığını bildirib. Azərbaycan təmsilçisi Alim Qasımovun ona səhnə hazırlıqlarında böyük kömək etdiyini deyib.Səbinə Babayeva Azərbaycanı Azərbaycanda təmsil etməyin böyük məsuliyyət olduğunu bildirib və "Yenidən qalib olsam, qürur duyaram" deyib.Muğam ustası Alim Qasımov Eurovision səhnəsində Azərbaycan təmsilçisi ilə birgə ifa təklifini alanda şad olduğunu deyib və mətbuat konfransı zalında öz möhtəşəm muğam ifasını səsləndirib.Xatırladaq ki, Alim Qasımov həmçinin Eurovision Mahnı Müsabiqəsi 2012-nin mayın 26-da keçirilən final mərhələsinin açılış şousunda iştirak edəcək. Elə bu gün keçirilən mətbuat konfransından dərhal sonra Alim Qasımov açılış şousunun məşqinə gedib.