"ATGTİ Azərbaycan gəncliyinin müasir maraqlarını qarşılamağa qadir bir təşkilatdır"
GƏNCLİK
21:45 22.09.2011
2365
Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) mətbuat xidmətinin rəhbəri Məcid Musayev təşkilatın tələbə gənclərin maarifləndirilməsi sahəsində həyata keçirdiyi fəaliyyət haqqında danışdı. Hər gün yenilənən, dəyişib inkişaf edən dünyamızda maarifləndirmə amili prioritet məsələlərdən biridir. Cəmiyyətimizdə müasir texnologiyalar vasitəsi ilə innovativ tədris üsullarından, informasiya mübadiləsinin yeni metodlarından geniş şəkildə istifadə olunur. Zaman dəyişdikcə cəmiyyətimiz, əsas da gənc nəsil inkişaf edir, zamanla ayaqlaşır. Qeyd etmək istərdim ki, bu gün müasir Azərbaycan gənci inkişaf səviyyəsinə görə xarici həmyaşıdlarından heç də geri qalmır, əksinə müəyyən məqamlarda Azərbaycan gəncliyi dünya gənclərinə nümunə ola bilər. Gəncliyimizin müasir tələbləri, onların istək və maraqları birmənalı şəkildə daima nəzərə alınmalıdır. Günümüzdə gənclərin geniş fəaliyyət platformasına çevrilmiş ATGTİ, Azərbaycan gəncliyinin müasir maraqlarını qarşılamağa qadir bir təşkilatdır. İttifaqımızın əsas məqsədilərindən biri tələbə-gəncləri maarifləndirməkdir. Deyə bilərəm ki, yarandığımız gündən bu sahədə bir çox işlər görmüş, uğurlu layihələr reallaşdırmışıq. Dövrümüzdə sürətlə inkişaf edən vətəndaş jurnalistikasının Azərbaycanda da kifayət qədər davamçısı olduğunu nəzərə alaraq ATGTİ nəzdində “Gənc bloqçular” işçi qrupu yaradıldı ki, işçi qrupunun əsas məqsədi yeni media sistemlərinin, bloqçuluq və qeyd etdiyim vətəndaş jurnalistikasının düzgün inkişafına dəstək olmaqdır. Sevindirici haldır ki, yeni yaranmış işçi qrupu artıq ilk təlimini reallaşdırıb və 30-a qədər gənci bloq sahəsi haqqında məlumatlandırıb. Lakin fəaliyyət davam edir, qarşıda xüsusi bloqçular şəbəkəsinin yaradılmasə məsələsi durur. Bu şəbəkə ölkəmiz barəsində dürüst məlumatları dünya ictimaiyyətinə çatdırmaqla məşğul olacaq. Bundan əlavə gənclərin xarici dillərə marağını nəzərə alaraq ATGTİ-nin Elm və təhsil departamenti ingilis və rus dillərinin əhatə edən “Conversation Club” (danışıq klubu) yaradıb. Gənclərimizin klubda iştirak etmək üçün çoxsaylı müraciətlərin nəzərə alan departament nümayəndələri əvvəlcə nəzərdə tutulmuş 3-4 dərs qrupunun sayını artıraraq 7-8-ə çatdırdılar. ATGTİ tərəfindən tam təmənnasız olaraq həyata keçirilən ingilis və rus dili dərslərində 100-dən çox gənc iştirak edəcək. Klubda təşkil olunan dərslərində yeni tədris metodlarından, video və audio materiallardan geniş şəkildə istifadə olunur və dərslərdə iştirak edən bütün tələbələr lazımi dəsr vəsaiti ilə İttifaq tərəfindən təmin edilir. Bu işdə ATGTİ-yə Rusiya Federasiyasının və ABŞ-ın Azərbaycandakı səfirlikləri kömək edir. Belə ki, hər iki diplomatik nümayəndəlik İttifaqa öz ölkələrinin nağıllarını, etnik musiqilərini, mədəniyyət və tarixlərini əks etdirən kitablar və kasetlər, rus və ingilis dillərinin qısa tarixi icmalını əks edən broşurlər və hər iki ölkənin bayraqlarını hədiyyə ediblər. Eyni zamanda gəncliyimizin beynəlxalq səviyyədə təmsil olunmasına diqqət verən ATGTİ, azərbaycanlı gənclərin beynəlxalq təcrübədən yararlanmaları üçün onların bir çox xarici ölkələrdə keçirilən tədbirlərdə iştirakını dəstəkləyir. Bu sahədə təşkilat Gənclər və İdman Nazirliyi ilə əməkdaşlıq edir. Qeyd edə bilərəm ki, 2011-ci ilin iyul-sentyabrı ərzində İttifaq fəalları Türkiyə, Gürcüstan, Cənubi Koreya, Polşa, Almaniya, Rusiya, Ukrayna, Latviya və bir sıra digər ölkələrdə müxtəlif tədbirlərdə iştirak edərək Respublikamızı, gəncliyimizi, tarix və mədəniyyətimizi uğurla təbliğ etmişlər. ATGTİ gəncləri maarifləndirmə işini yeni tədris ilində də davam etdirəcək. Qarşıda yeni məlumat vəsaitlərinin hazırlanıb tələbələr arasında paylanması, yeni bilik və təcrübə sahələrini əhatə edən layihlərin həyata keçirilməsi planlaşdırılır.