Ötən il sosial şəbəkələrdə təşkilatnan bir qrup gənc “11 mart gününü– Böyük Xalq Günü” elan etmişdilər. “11 Mart - Böyük Xalq Günü qrupu yaradan gənclər insanları aksiyaya cəlb etmək məqsədi ilə səhifələrində videoroliklər yerləşdirmişdi. “Facebook”da minlərlə adam aksiyaya gələcəyini təsdiqləsə də, həmin gün 20-yə yaxın gənc aksiyaya qoşulmuşdu.
AZXEBER.COM-un məlumatına görə, bu il də gənclər virtual aksiyaya start veriblər. Böyük Xalq Hərəkatı kampaniyasının təşkilatçıları proseslərin gedişinə uyğun olaraq ölkədəki gənclər təşkilatları, siyasi partiyalarla koordinasiyalı şəkildə hərəkət edəcəklərini bildiriblər.
AZXEBER.COM portalı məsələylə bağlı ölkənin ən böyük gənclər təşkilatlarından olan Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) sədri Şahin İsmayılovun fikrini öyrənib. İsmayılov deyib ki, ikinci 11 mart aksiyası da fiaskoya uğrayacaq: “Düşünürəm ki, belə aksiyalara heç bir lüzum yoxdur. Faktdır ki, Azərbaycan siyasi, iqtidasi, mədəni cəhətdən ən çox inkişaf etmiş ölkələrdəndir. Tam əminliklə deyirəm ki, bu aksiyaların heç bir nəticəsi olmayacaq. Dəfələrlə şahid olmuşuq ki, 5-10 nəfərin arxasınca cəmi 2-3 gənc küçələrə çıxır. Bu bir daha onu göstərir ki, Azərbaycan gəncləri dövlətimizin yanındadır. 3-5 nəfər gəncə isə arzu edirəm ki,öz fikirləriylə hərəkət etsinlər, təsir altına düşməsinlər. Gənclər küçələrə çıxıb etiraz etməkdənsə, elmə, təhsilə meyl göstərsələr daha yaxşı olar. 11 mart aksiyası keçən il olduğu kimi bu ildə fiaskoya uğrayacaq”.