Azərbaycan dövlətçiliyinin qürurlu yolu: Cümhuriyyətdən suveren və qalib Azərbaycana

Azərbaycan dövlətçiliyinin qürurlu yolu: Cümhuriyyətdən suveren və qalib Azərbaycana
MEDIA
11:49 26.05.2026
281
28 May Azərbaycan tarixində qızıl hərflərlə yazılmış ən şərəfli günlərdən biridir. 1918-ci il mayın 28-də müsəlman Şərqində ilk dünyəvi və demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyəti elan edildi və bununla da xalqımızın əsrlərlə yaşatdığı müstəqillik arzusu gerçəyə çevrildi.

Şərqdə ilk parlamentli respublika kimi tarixə düşən Azərbaycan Xalq Cümhuriyyəti milli iradənin və dövlətçilik ənənələrinin yeni mərhələsini formalaşdırdı. Həmin gün Milli Şura İstiqlal Bəyannaməsini imzalayaraq Azərbaycanın müstəqilliyini dünyaya bəyan etdi.

Cəmi 23 ay mövcud olmasına baxmayaraq, Cümhuriyyət qısa müddətdə parlament və hökumət formalaşdırdı, dövlət atributlarını təsis etdi və demokratik dövlət quruculuğu istiqamətində mühüm addımlar atdı. Bu gün isə Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın azadlıq əzminin və milli dövlətçilik iradəsinin simvolu kimi yaşayır.

Milli Məclisin deputatı Rövşən Muradov AZXEBER.COM-a açıqlamasında bildirib ki, AXC-nin yaradılması milli tariximizin mühüm siyasi səhifəsidir:

"AXC-nin yaradılması milli tariximizin mühüm siyasi səhifəsi olmaqla bərabər, Azərbaycan xalqının dövlətçilik təfəkkürünün yetkinlik zirvəsinə yüksəldiyini nümayiş etdirən böyük tarixi hadisə idi. Şərqdə və müsəlman aləmində ilk demokratik, hüquqi və dünyəvi parlament respublikasının məhz Azərbaycanda qurulması təsadüfi reallıq kimi izah oluna bilməz. Bu, xalqımızın çoxəsrlik siyasi yaddaşının, azadlıq idealının və milli ləyaqət hissinin qanunauyğun nəticəsi idi. Cümhuriyyət Azərbaycan xalqına öz taleyinin sahibi olmaq inamını qaytardı, milli kimlik şüurunu siyasi iradəyə çevirdi və sübut etdi ki, dövlət qurmaq qabiliyyəti yalnız coğrafi sərhədlərlə deyil, xalqın mənəvi hazırlığı, intellektual səviyyəsi və tarixi məsuliyyət duyğusu ilə ölçülür”.

Deputat qeyd edib ki, AXC-nin əhəmiyyəti onun mövcud olduğu qısa zaman kəsiyi ilə məhdudlaşmır:

"AXC-nin əhəmiyyəti onun mövcud olduğu qısa zaman kəsiyi ilə məhdudlaşmır. Bu dövlət 23 ay ərzində elə bir mənəvi-siyasi irs formalaşdırdı ki, həmin irs sonrakı nəsillərin müstəqillik düşüncəsində silinməz iz buraxdı. İstiqlal Bəyannaməsinin qəbul edilməsi Azərbaycanın dövlətçilik iradəsini hüquqi-siyasi müstəvidə rəsmiləşdirən və ölkəmizi beynəlxalq aləm qarşısında müstəqil, suveren siyasi varlıq kimi tanıdan tarixi akt idi. Parlamentin təsis olunması, hüquq bərabərliyi prinsipinin önə çəkilməsi, dünyəvi idarəçilik modelinin qurulması, milli ordu və təhsil sahəsində atılan addımlar Cümhuriyyət xadimlərinin yalnız dövrün çağırışlarını deyil, gələcəyin dövlətçilik ehtiyaclarını da dərindən gördüklərini göstərirdi. Bu mənada AXC milli tariximizdə həm başlanğıc, həm də istiqamətverici ideya kimi yaşayır. XX əsrin sonlarında Azərbaycanın yenidən müstəqilliyə qovuşması Cümhuriyyət ideallarının tarixi yaddaşdan real siyasi müstəviyə qayıdışı idi. Lakin müstəqilliyin bərpası ilə onun qorunması arasında böyük məsafə vardı. Ölkənin ağır siyasi böhran, iqtisadi tənəzzül, daxili qarşıdurma və Ermənistanın hərbi təcavüzü ilə üz-üzə qaldığı bir dövrdə Azərbaycan dövlətçiliyi son dərəcə ciddi sınaqdan keçirdi. Belə bir mürəkkəb şəraitdə Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı müasir Azərbaycan tarixində xilas missiyası kimi dəyərləndirilir. Onun siyasi iradəsi, təcrübəsi və dövlətçilik məsuliyyəti sayəsində ölkədə sabitlik bərpa olundu, müstəqil dövlətin institusional dayaqları möhkəmləndirildi və Azərbaycan parçalanma təhlükəsindən qurtuldu”.

O vurğulayıb ki, Heydər Əliyevin AXC haqqında fikirləri milli dövlətçilik fəlsəfəsinin dərin mahiyyətini ifadə edirdi:

"Ulu Öndər Heydər Əliyevin Azərbaycan Xalq Cümhuriyyəti haqqında fikirləri milli dövlətçilik fəlsəfəsinin dərin mahiyyətini ifadə edirdi. Onun müstəqil Azərbaycan Respublikasını 1918-ci ildə yaranmış Xalq Cümhuriyyətinin varisi kimi təqdim etməsi tarixi ardıcıllığın, siyasi legitimliyin və milli ideya bütövlüyünün parlaq təsdiqi idi. Heydər Əliyevin dövlətçilik fəlsəfəsində AXC keçmişin ehtiramla yad olunan tarixi irsi kimi dəyərləndirilməklə yanaşı, müasir Azərbaycan dövlətçiliyinin mənəvi-siyasi təməlini və xalqımızın azadlıq iradəsinin ideya qaynağını təşkil edirdi. Ulu Öndərin rəhbərliyi ilə həyata keçirilən dövlət quruculuğu, enerji strategiyası, beynəlxalq tərəfdaşlıq siyasəti və ordu quruculuğu Azərbaycanı müstəqilliyini qorumağa qadir, regional proseslərə təsir imkanları olan nüfuzlu dövlətə çevirdi”.

Deputat bildirib ki, cənab Prezidentin siyasi fəaliyyəti Azərbaycan dövlətçiliyinin varislik prinsipi üzərində inkişaf etdirilməsinin mükəmməl nümunəsidir:

"Bu tarixi xətt cənab Prezident İlham Əliyevin rəhbərliyi dövründə daha yüksək mərhələyə yüksəldi. Cənab Prezidentin siyasi fəaliyyəti Azərbaycan dövlətçiliyinin varislik prinsipi üzərində inkişaf etdirilməsinin mükəmməl nümunəsidir. Onun rəhbərliyi ilə Azərbaycan yalnız iqtisadi, hərbi və diplomatik baxımdan güclənmədi, həm də tarixi ədaləti bərpa edən qalib dövlətə çevrildi. Cənab Prezident İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin ideallarını müasir dövrün reallıqları ilə birləşdirərək göstərdi ki, müstəqil dövlətin əsl gücü onun suveren qərar qəbul etmək bacarığında, milli maraqları ardıcıl müdafiə etməsində və xalqın iradəsinə söykənən siyasət aparmasındadır. 28 May 2023-cü il tarixində Laçına qayıdan sakinlərlə görüşün keçirilməsi bu baxımdan dərin rəmzi məna daşıyırdı. Cümhuriyyətin elan olunduğu gün azad Laçına qayıdan insanların sevinci müstəqillik ideyasının ən ali təcəssümlərindən biri idi. Prezident İlham Əliyevin "bu gün ikiqat bayramdır” fikri həmin tarixi məqamın mahiyyətini siyasi və mənəvi baxımdan dəqiq səciyyələndirirdi. Bu yanaşma 1918-ci ildə əsası qoyulan istiqlal ənənəsi ilə işğaldan azad olunmuş ərazilərə qayıdış prosesinin yaratdığı milli qürur və həmrəylik duyğusunu vahid tarixi kontekstdə birləşdirirdi. Laçında dalğalanan Azərbaycan Bayrağı Cümhuriyyətin mirası ilə müasir qalib Azərbaycanın siyasi qüdrətini birləşdirən müqəddəs simvola çevrildi”.

"Azərbaycan Xalq Cümhuriyyətindən başlanan istiqlal yolu Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyası ilə qorunmuş, Prezident İlham Əliyevin liderliyi ilə zəfər, suverenlik və milli dirçəliş mərhələsinə çatdırılmışdır. Bu tarixi ardıcıllıq göstərir ki, Azərbaycan dövlətçiliyi təsadüflərin deyil, iradənin, müdrik rəhbərliyin və xalq-dövlət birliyinin məhsuludur. Bugünkü müstəqil Azərbaycan Cümhuriyyət ideallarının yaşayan, inkişaf edən və qalib gələn ən möhtəşəm ifadəsidir”,- deyə deputat vurğulayıb. 

Şahanə Ziyad 

Yazı Medianın İnkişafı Agentliyinin "Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği” mövzusunda dərc edilib.

OXŞAR XƏBƏRLƏR