Azərbaycan modeli: milli kimlikdən qlobal sülh gündəliyinədək

Azərbaycan modeli: milli kimlikdən qlobal sülh gündəliyinədək
SİYASƏT
14:14 27.10.2026
207
Bakı Forumunun siyasi mesajları Azərbaycanın dövlətçilik fəlsəfəsini, beynəlxalq münasibətlərə baxışını və suveren inkişaf strategiyasını vahid məntiqdə birləşdirir.
Bakıda keçirilən VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu bir daha göstərir ki, mədəniyyətlərarası dialoq Azərbaycan üçün yalnız humanitar əməkdaşlıq platforması deyil, həm də milli maraqların, dövlətçilik dəyərlərinin və beynəlxalq məsuliyyət anlayışının ifadəsidir.
Prezident İlham Əliyevin "Ortaq gələcək naminə dialoq” mövzusu ətrafında səsləndirdiyi mesajların mahiyyəti üç istiqamətdə aydın görünür: milli kimliyin qorunması, münaqişələrdən davamlı sülhə keçid və dövlətlərin suverenliyinə hörmət.
Azərbaycançılıq ideologiyasının tarixi əhəmiyyəti məhz bu prinsiplərin milli təfəkkürdə birləşdirilməsindədir. Ümummilli Lider Heydər Əliyevin tarixi missiyası azərbaycançılığı müstəqil dövlətin ideoloji dayaqlarından birinə çevirmək, milli birliyi ümumi vətəndaşlıq və dövlətçilik mənafeyi ilə uzlaşdırmaq idi. Bu ideologiya fərqli etnik və dini mənsubiyyətləri vahid kimlik daxilində əridən deyil, onların birgəyaşayışını ortaq dövlətə mənsubiyyət hissi ilə möhkəmləndirən yanaşmadır. Müasir Azərbaycanın multikultural təcrübəsi də tarixi yaddaşla müstəqil dövlətçilik arasında yaranmış bu əlaqənin nəticəsidir.
Qafqaz Albaniyasından Şirvanşahlar, Ağqoyunlular, Səfəvilər və Əfşarlar dövrünədək uzanan siyasi-mədəni irs Azərbaycanın dövlətçilik tarixinin mürəkkəbliyini və zənginliyini nümayiş etdirir. Xanlıqlar dövründəki siyasi parçalanma və ayrı-ayrı hakimiyyətlərin birləşmə cəhdləri isə dövlətçilik tariximizin mühüm dərslərindən birini ortaya qoyur: siyasi suverenliyin davamlılığı üçün milli birliyin və ortaq strateji məqsədlərin əhəmiyyəti böyükdür. Bu tarixə yalnız keçmişin xronikası kimi deyil, bugünkü milli ideyanın formalaşmasını izah edən təcrübə kimi yanaşmaq lazımdır. Azərbaycançılığın müasir gücü də buradadır: tarixə söykənmək, lakin gələcəyi qurmaq.
Azərbaycanın sülh quruculuğu təcrübəsi beynəlxalq münasibətlər sisteminin ən ciddi problemlərindən birini gündəmə gətirir. Qəbul edilmiş qərarların icrası təmin olunmadıqda beynəlxalq hüququn nüfuzu necə qoruna bilər? Azərbaycan uzun illər ərazi bütövlüyünün pozulması, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasız qalması və beynəlxalq münasibətlərdə selektiv yanaşmalarla üzləşib. Bu təcrübə ölkənin təhlükəsizlik siyasətində özünə güvənən dövlət quruculuğunu ön plana çıxarıb. Azərbaycanın mövqeyindən irəli gələn əsas nəticə isə aydındır. Beynəlxalq hüquq dövlətlərin təhlükəsizliyinə real təminat verməli, siyasi iradə və icra mexanizmləri ilə dəstəklənməlidir.
Lakin müharibənin başa çatması ilə davamlı sülhün qurulması eyni proses deyil. Birincisi siyasi və hərbi nəticə, ikincisi isə uzunmüddətli məsuliyyət, qarşılıqlı etimad və regional əməkdaşlıq tələb edir. Azərbaycanın təcrübəsinin beynəlxalq müzakirələr üçün əhəmiyyəti də bu fərqin düzgün anlaşılmasındadır. BMT-nin fəaliyyətindəki problemləri qabartmaq beynəlxalq təşkilatların rolunu inkar etmək deyil, onların qəbul etdiyi qərarların hamıya eyni prinsiplərlə tətbiq olunmasını tələb etməkdir. Prezident İlham Əliyevin Şanxay Əməkdaşlıq Təşkilatının "ŞƏT plyus” formatındakı çıxışı kimi beynəlxalq platformalarda səsləndirilən mesajlar da suverenlik, ərazi bütövlüyü və ikili standartlara münasibət məsələlərinin Azərbaycan diplomatiyasının ardıcıl gündəliyində olduğunu göstərir.
Dövlət suverenliyinin digər mühüm tərəfi ideoloji təhlükəsizlikdir. Fiziki təhlükəsizlik sərhədləri və dövlət institutlarını qoruyursa, ideoloji təhlükəsizlik cəmiyyətin milli kimliyini, tarixi yaddaşını və müstəqil qərarvermə iradəsini müdafiə edir. Başqa ölkələrə siyasi və mənəvi mühazirələr oxumağa üstünlük verənlər öz cəmiyyətlərindəki problemləri də eyni obyektivliklə qiymətləndirməlidirlər. Beynəlxalq dialoq qarşılıqlı hörmət üzərində qurulmadıqda, əməkdaşlıq vasitəsi olmaqdan çıxaraq təzyiq alətinə çevrilir. Suverenliyə hörmət isə tənqiddən imtina deyil, münasibətlərdə bərabər ölçülərin tətbiqidir.
Heydər Əliyevin təməlini qoyduğu müstəqil dövlətçilik strategiyası və Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən inkişaf xətti Azərbaycanın regional mövqeyinin möhkəmlənməsinə, beynəlxalq təşəbbüslərinin genişlənməsinə şərait yaradıb. İslam Əməkdaşlıq Təşkilatının dövlət və hökumət başçılarının Zirvə görüşünün Bakıda keçirilməsi, 2028-ci ildə isə Avropa Siyasi Birliyinin sammitinə ev sahibliyi edilməsi ölkənin fərqli siyasi məkanlar arasında dialoq imkanlarını genişləndirir. Bu platformaların əhəmiyyəti yalnız ev sahibliyi ilə ölçülmür. Bunlar Azərbaycanın həm müsəlman dünyası, həm də Avropa ilə münasibətlərində siyasi təmas və əməkdaşlıq imkanlarının miqyasını nümayiş etdirir.
Bakı Forumunun əsas mesajı da bu kontekstdə aydınlaşır. Milli kimlik qapanma deyil, özünəinam mənbəyi, güclü dövlətçilik qarşıdurma məqsədi deyil, təhlükəsizliyin təminatı, dialoq isə yalnız söz mübadiləsi deyil, konkret nəticələrə aparan siyasi iradə olmalıdır.
Azərbaycanın tarixi təcrübəsi bu üç istiqamətin bir-birini tamamladığını göstərir. Ortaq gələcək yalnız fərqliliklərin tanındığı, beynəlxalq hüququn seçmə qaydada tətbiq edilmədiyi və dövlətlərin suverenliyinə hörmət göstərildiyi şəraitdə qurula bilər.
Bakının dünyaya təqdim etdiyi əsas yanaşma da məhz budur. Dialoq zəruridir, amma onun nəticəsi ədalət, bərabərlik və qarşılıqlı məsuliyyətlə ölçülməlidir.
 
Azər Niftiyev,
Siyasi şərhçi
OXŞAR XƏBƏRLƏR