“Azərbaycan öz gücünə arxalanaraq zəfər qazandı”

“Azərbaycan öz gücünə arxalanaraq zəfər qazandı”
SİYASƏT
16:17 05.10.2026
303
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayında çıxışı zamanı Azərbaycanın Vətən müharibəsi dövründə üzləşdiyi beynəlxalq siyasi vəziyyətə toxunub.

Dövlət başçısı Azərbaycanın müharibə zamanı Ermənistanın arxasında dayanan böyük dövlətlərə qarşı təkbaşına mübarizə apardığını və ATƏT-in Minsk qrupunun həmsədrlərinin də Azərbaycana qarşı mövqe tutduğunu bildirib.

Prezidentin fikirləri Azərbaycanın Qarabağ münaqişəsinin həlli ilə bağlı uzun illər davam edən diplomatik prosesdə üzləşdiyi vəziyyəti və Minsk qrupunun fəaliyyətinin nəticələrini yenidən gündəmə gətirib.

Mövzu ilə bağlı AZXEBER.COM-a danışan Birinci Qarabağ müharibəsinin veteranı, Azərbaycan Bayrağı ordenli, polkovnik-leytenant Elxan Şıxəliyev bildirib ki, Prezidentin "təkbaşına” ifadəsini Azərbaycanın heç bir tərəfdaşının olmadığı kimi başa düşmək düzgün deyil:

"Prezidentin çıxışında səsləndirdiyi fikri Azərbaycanın son 30 ildən artıq müddətdə apardığı xarici və təhlükəsizlik siyasətinin ümumiləşdirilməsi kimi qiymətləndirərdim. Burada ‘təkbaşına’ ifadəsini Azərbaycanın heç bir tərəfdaşı olmayıb kimi literal başa düşmək düzgün olmaz. Azərbaycan müxtəlif mərhələlərdə Türkiyə və digər tərəfdaşlarla siyasi, diplomatik və hərbi-texniki əməkdaşlıq aparıb. Prezidentin vurğuladığı əsas məqam Azərbaycanın ərazi bütövlüyünün bərpası prosesində onun əvəzinə döyüşən və ya böyük dövlət səviyyəsində müharibənin nəticəsini Azərbaycanın xeyrinə dəyişən xarici gücün olmamasıdır”.

E. Şıxəliyevin sözlərinə görə, Prezidentin "böyük dayı” ifadəsi müasir müharibələrdə böyük dövlətlərin siyasi, hərbi, maliyyə və diplomatik imkanlarının roluna işarə edir:

"Prezident ‘böyük dayı’ ifadəsini məcazi mənada işlədərək, müharibələrdə böyük dövlətlərin siyasi, hərbi, maliyyə və diplomatik dəstəyinin roluna diqqət çəkir. Müasir müharibələrdə dövlətin gücü yalnız ordusunun sayından ibarət deyil. Burada silah və sursat təchizatı, kəşfiyyat məlumatları, peyk imkanları, maliyyə yardımı, diplomatik dəstək və siyasi himayə kimi amillər də mühüm rol oynayır. Prezidentin ‘bəzilərinin arxasında bir neçə’ deməsi də böyük dövlətlərin müxtəlif tərəflərə verdiyi dəstəyə işarə kimi qiymətləndirilə bilər. Azərbaycan öz iqtisadi resurslarını, ordusunu, müdafiə imkanlarını və siyasi iradəsini uzun müddət ərzində formalaşdırdı. Bu prosesin nəticəsində 2020-ci ildə qarşıya qoyulan hərbi-siyasi məqsədlərə nail olundu. Burada əsas məsələ ondan ibarətdir ki, Azərbaycan Zəfərini xarici hərbi müdaxilənin hesabına deyil, öz ordusunun, iqtisadi imkanlarının, siyasi iradəsinin və uzunmüddətli dövlət strategiyasının nəticəsi kimi təqdim edir”.
 
 

E. Şıxəliyev Minsk qrupunun fəaliyyətinə də toxunaraq qeyd edib ki, Prezidentin bu quruma münasibəti uzun illərdir dəyişməyən siyasi mövqenin davamıdır:

"Prezidentin mövqeyi kifayət qədər aydındır. ATƏT-in Minsk qrupunun həmsədrləri olan ABŞ, Rusiya və Fransa uzun illər ərzində münaqişənin həllində Azərbaycanın ərazi bütövlüyünün bərpasını təmin edən nəticəyə gətirib çıxara bilmədilər. Azərbaycanın baxışında diplomatik proses münaqişənin həllindən daha çox onun uzanmasına gətirib çıxardı. Bu baxımdan 2020-ci ildə əldə olunan nəticə əvvəlki diplomatik prosesdən fərqli olaraq, Azərbaycanın öz gücünə əsaslanaraq məsələyə yanaşmasının nəticəsi oldu. 1990-cı illərdən etibarən Azərbaycanın qarşısında əsas məqsədlərdən biri iqtisadi potensial yaratmaq, ordu quruculuğunu həyata keçirmək, hərbi imkanları artırmaq və siyasi müstəqilliyi gücləndirmək idi. Bu proses uzun illər davam etdi. Nəticədə iqtisadi potensial, hərbi güc və siyasi iradə bir-birini tamamladı. Bunu belə ifadə etmək olar: diplomatik və iqtisadi müstəqillik, hərbi potensial, siyasi iradə və nəticədə Zəfər”.

Polkovnik-leytenant hesab edir ki, Prezidentin çıxışında səslənən fikirlər yalnız Vətən müharibəsinə və keçmiş hadisələrə qiymət verməklə məhdudlaşmır:

"Burada gələcəyə yönəlmiş mühüm mesaj da var. Azərbaycan öz təhlükəsizliyini başqa dövlətlərin himayəsinə bağlamamalıdır. Dövlət öz müdafiə və təhlükəsizlik imkanlarını daim gücləndirməlidir. Çünki beynəlxalq münasibətlər sistemində vəziyyət sürətlə dəyişir və dövlətlərin öz maraqlarını qorumaq imkanları birbaşa onların gücü ilə bağlıdır. Prezidentin ‘hər zaman, hər gün onlardan 10 qat güclü olmaq’ fikri də bu yanaşmanın ifadəsidir. Azərbaycanın Türkiyə ilə strateji müttəfiqliyini, müxtəlif dövlətlərlə hərbi-texniki əməkdaşlığını, enerji və nəqliyyat diplomatiyasını da nəzərdən qaçırmaq olmaz. Bunlar Azərbaycanın gücünü artıran mühüm amillərdir. Ona görə Prezidentin ‘təkbaşına’ ifadəsini Azərbaycanın bütün beynəlxalq tərəfdaşlardan təcrid olunması kimi təqdim etmək düzgün olmaz. Burada söhbət ondan gedir ki, Azərbaycan öz Zəfərinin əsasını öz ordusunun, iqtisadi imkanlarının, siyasi iradəsinin və uzunmüddətli dövlət strategiyasının üzərində qurdu”.

Fəridə Əsədzadə
OXŞAR XƏBƏRLƏR