Azərbaycanda 1 əsgər 6 əsgəri niyə öldürdü? – DƏHŞƏTLİ FAKTLAR

Azərbaycanda 1 əsgər 6 əsgəri niyə öldürdü? – DƏHŞƏTLİ FAKTLAR
Bütün Xəbərlər
11:35 14.12.2012
4528

 2011-ci il fevralın 20-də Müdafiə Nazirliyinin Göygöldə yerləşən “N” saylı hərbi hissəsində baş verən qanlı hadisə 7 əsgərin ölümü ilə nəticələnib. Məlum olduğu kimi, bütün ölkəni təəccübləndirən bu olay zamanı əsgərlər Naib Quliyev, Cavid Cavadzadə, Nurlan Suanverdiyev, Ramazan Xocberov,  Əfqan Kərimov, Əhməd Hüseynov və Zakir Quliyev ölüblər.

Araşdırmalar nəticəsində müəyyən edilib ki, hadisəni mərhum Zakir Quliyev törədib. O, avtomat silahla 6 əsgəri qətlə yetirəndən sonra özünü də güllələyərək intihar edib. 

İşgəncə və qətl... 

Zakir Quliyev Yasamal rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılıb. İstintaqın gəldiyi qənaətə görə, Ağdam rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılan Nurlan Suanverdiyev Zakir Quliyevi incidib, ona qarşı zorakılıq törədib. Başqa əsgərlər buna görə Zakir Quliyevə pis münasibət bəsləyib. Nəticədə Zakir onu incidən və ona pis münasibət bəsləyən əsgərləri, sonra isə özünü avtomat silahla öldürüb.

Əsgəri öldürülən komandirin poqonları sökülüb

Baş verən qanlı olaydan sonra Respublika Hərbi Prokurorluğunda fakt üzrə cinayət işi başlayıb. Cinayət hadisəsi ilə bağlı təhqiqat aparıldıqdan sonra Ali Baş komandan İlham Əliyevin qərarı ilə Şəmkir korpusunun komandiri Çingiz Şəfiyev tutduğu vəzifədən azad olunub, eyni zamanda o, general-mayor rütbəsindən bir pillə aşağı endirilib. Çingiz Məhərrəmovun yerinə Azərbaycanın Milli Qəhrəmanı, general-leytenant Rövşən Əkbərov təyin edilib.

Qətliam olan hərbi hissənin zabitləri həbs edilib

Olaydan sonra hərbi hissədə ciddi araşdırmalar aparılıb. Nəticədə hərbi hissənin komandiri mayor Əbil Əbilov, həmin hərbi hissənin sabiq komandiri mayor Arzu Məmmədov, tabor komandiri mayor Taleh Əhədov, hərbi hissənin əməliyyat və döyüş hazırlığı bölməsinin rəisi mayor Xəqani Sadıqov, bölük komandiri baş leytenant Mübariz Novruzov, şəxsi heyət bölməsinin zabiti kapitan Vasif Hüseynov, şəxsi heyət bölməsinin rəis müavini mayor Yavər Mustafayev, şəxsi heyət bölməsinin zabiti mayor Azər Hüseynov, tibb təminatı xidmətinə cavabdeh mayor Akif Əhmədov həbs olunublar. 

Təqsirləndirilənlərə Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2-ci (rüşvət alma), 331.3-cü (hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı və ya belə vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar rəisin öz tabeliyində olan şəxsi döyməsi və ya ona işgəncə vermə), 341.3-cü (hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə) maddələri ilə cinayət işi başlayıb. Təqsirləndirilənlərin işinə baxılması üçün cinayət işinin materialları Gəncə Hərbi Məhkəməsinə göndərilib.

Komandir əsgəri xidməti otağında təhqir edib 

İstintaq sənədlərinə görə, Mübariz Novruzov 2009-cu il iyunun 4-dən  2011-ci il fevralın 20-dək olan müddətdə Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin 1-ci taborunun 3-cü bölüyünün komandiri vəzifəsində baş leytenant hərbi rütbəsində xidmətdə olarkən vəzifəli şəxs kimi rüşvət istəyib, rəis kimi hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar tabeliyində olan şəxsi təhqir edib və döyüb.

Belə ki, M.Novruzov xidmətdə olarkən 2009-cu il oktyabrın 7-də saat 15 radələrində əsgər Şamil Abbasovu sıraya gecikdiyinə görə xidməti otağına çağıraraq ona öz iradlarını bildirib və sifət nahiyəsinə bir şillə zərbəsi vurub. O, hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar rəis kimi tabeliyində olan şəxsi təhqir edib.

Komandirlərin rüşvət sövdələşməsi

Bundan başqa, M.Novruzov vəzifəli şəxs olaraq 2010-cu ilin mart ayının ortalarında hərbi hissənin 1-ci taborunun komandiri Taleh Əhədov ilə qabaqcadan əlbir olan bir qrup şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar etdikləri hərəkətə görə rüşvət almaq barədə razılığa gəliblər. Onlar əsgər Əfqan Kərimovun xidmət şəraiti nisbətən yüngül olan şərti olaraq “Sarıqaya” adlanan komendant postuna xidmətə təyin edilməsini xahiş edən sonuncunun qardaşı Sərvər Kərimovdan 700 manat məbləğində rüşvət istəyiblər. 

M.Novruzov Sərvər Kərimovdan 700 manatı və əlavə olaraq özü üçün verdiyi 100 manatı, cəmi 800 manatı qəbul etməklə rüşvət alıb. M.Novruzov həmin puldan 200 manatı özünə götürüb, 600 manatını xidməti otağında T.Əhədova verib, sonuncu da öz növbəsində 600 manatdan 100 manatı ona verib 500 manatı özündə saxlayıb. T.Əhədov aldığı pulun müqabilində 2010-cu ilin aprel ayında əsgər Əfqan Kərimovun xidmət etmək üçün komendant postuna göndərilməsinə nail olub.

Komandir hərbi qulluqçular arasında homoseksual əlaqələrin yaranmasına şərait yaradıb

Bundan əlavə, M.Novruzov 2010-cu il oktyabrın 26-da “Sarıqaya” adlanan komendant postuna gedərək orada xidmət aparan əsgər Şamil Abbasova məruzə etmədən tabora mülki avtomobil buraxdığına görə öz iradlarını bildirib. M.Novruzov əsgəri döyüb.

M.Novruzov döyüş şəraitində hakimiyyətindən müntəzəm olaraq qəsdən istifadə etməyərək tabeliyində olan komendant postunun şəxsi heyəti üzərində lazımi nəzarəti həyata keçirməyib, onlara diqqət və qayğı göstərməyib. M.Novruzov hərbi qulluqçularla fərdi söhbətlər apararaq onlar arasında qarşılıqlı münasibətlərin, nizamnamə qaydalarının pozulması hallarının vaxtında aşkar edilərək müvafiq tədbirlərin görülməsini təmin etməyib. 

Zorlama, qətl, intihar...

O, əsgərlərin postda Daxili Xidmət Nizamnaməsinin 4-cü fəslinin tələblərinə uyğun yerləşdirilmələrini təmin etməyib, 9 nəfər əsgərin xidmət etdiyi komendant postunda yalnız 2 ədəd ikimərtəbəli çarpayının olmasını, həmin postun hamamla və ayaqyolu ilə təhciz olunmamasını, əsgərlərin bit həşaratlarının hücümündan əziyyət çəkmələrini bildiyi halda, mövcud yarıtmaz məişət şəraitinin yaxşılaşdırılması üçün heç bir tədbir görməyib. Bit həşaratların paltardan yataqlara keçməsinin qarşısını almaq məqsədi ilə çılpaq şəkildə bir çarpayıda iki nəfər yatmaq məcbiriyyətində qalan əsgərlərin arasında homoseksual əlaqələrin yaranmasına, mənəvi və fiziki cəhətdən nisbətən güclü olan əsgərlərin digər hərbi qulluqçulara qarşı zor tətbiq etməsinə zəmin yaradib. 

M.Novruzovun ağır nəticələrə səbəb olan bu hərəkətləri nəticəsində ona tabe olan bölmədə yaranan cəzasızlıq, nəzarətsizlik mühitindən yararlanan əsgər Naib Quliyev qısa müddət ərzində  xidmət yoldaşı olan əsgər Zakir Quliyevlə kodub rəftar edib. 

Naib Quliyev Zakiri növbədən kənar posta xidmətə çıxarıb, mütəmadi olaraq onu homoseksual cinsi əlaqələrə girməyə məcbur edib. Hətta Naib Quliyev 2011-ci il fevralın 18-də Zakir Quliyevə qarşı təhqiramiz hərəkətlər edib, onunla cinsi əlaqədə olub. Naib Quliyev bu barədə nümayişkəranə şəkildə şəxsi heyətə elan etməklə və onunla heç kimin görüşməməsi, onun su içdiyi qabdan heç kimin istifadə etməməsini bildirməklə Zakir Quliyevin şərəf və ləyaqətini alçaldıb.

Nəticədə əsgər yoldaşlarının ona qarşı münasibətlərinin dəyişməsindən, ondan iyrəndiklərini bildirmələrindən, “Zayka” və bu kimi adlarla müraciət edərək şərəf və ləyaqətini mütəmadi olaraq alçaltmalarından bezən əsgər Zakir Quliyev 2011-ci il fevralın 20-də saat 5 radələrində döyüş növbətçiliyində olarkən xidməti istifadə üçün sığınacaqdakı silah piramidasından götürdüyü AKM markalı avtomat silaha içərisində 30 ədəd patron olan darağı taxıb. O, silahı atəşə hazır vəziyyətə gətirərək sığınacağa daxil olub və qisas niyyəti ilə iki və daha artıq şəxsi öldürmək məqsədi ilə sığınacaqda yatmış əsgərlər - Cavid Cavadzadə, Əfqan Kərimov,  Nurlan Suanverdiyev, Əhməd Hüseynov, Ramazan Xoçberov, Naib Quliyev və Kamran Musazadəyə çoxsaylı atəşlər açaraq öz iradəsindən asılı olmayan səbəbdən güllə dəymədiyindən sağ qalan Kamran Musazadədən başqa, digərlərini qəsdən öldürüb. Zakir Quliyev sonra sığınacaqdan təxminən 100 metr məsafəyə aralanaraq yaxınlıqdakı qayanın altında silahın lüləsini alnına dirəyərək bir atəş açaraq özünü öldürüb.

Daha sonra istintaq materiallarında qeyd edilir ki, T.Əhədov “N” saylı hərbi hissənin 1-ci taborunun komandiri vəzifəsində mayor rütbəsində xidmətdə olarkən əsgər Pənah Piriyevin xidmət şəraiti nisbətən yüngül olan şərti olaraq “Sarıqaya” adlanan komendant postuna xidmətə təyin edilməsini xahiş edən sonuncunun atası Nəcəf Piriyedən 3-cü bölüyün komandiri vəzifəsində xidmət etmiş kapitan Xəyal Əhədovun vasitəsi ilə 300 manat məbləğində rüşvət istəyib. O, bir neçə gündən sonra Nəcəf Piriyevin taksi ilə Xəyal Əhədova göndərdiyi 300 manat məbləğində pulu sonuncudan xidməti otağında qəbul edib. Bunun müqabilində 2009-cu ilin aprel ayında Pənah Piriyevin 1-ci taborun 3-cü bölüyünün 3-cü tağımının 3-cü manqasına təyin edilməsinə və komendant postuna göndərilməsinə nail olub. T.Əhədov bu müqabildə 10-dan çox əsgərin valideynindən rüşvət almağa nail olub.

Daha sonra istintaq materiallarında qeyd edilir ki, V.Hüseynov polkovnik-leytenant Azər Hüseynovla qabaqcadan əlbir olan bir qrup şəxs halında xidməti vəzifələrinin icrası ilə əlaqədar etdikləri hərəkətə görə rüşvət almaq barədə razılığa gəliblər. V.Hüseynov əsgər Emin Əlizadənin xidmət şəraiti nisbətən yüngül olan maddi-texniki təminat bölüyünə xidmətə təyin edilməsini xahiş edən sonuncunun atası Həmdulla Əliyevlə Göygöl şəhərində “Karusel” kafesinin yanında görüşüb.

Bunun müqabilində hərbi qulluqçular əsgərin atasından 1200 manat rüşvət istəyiblər və həmin məbləğdə pulu ondan alıblar. V.Hüseynov həmin pulu xidməti otağında mayor Azər Hüseynova verib, aldığı rüşvət müqabilində əsgər Emin Əlizadənin maddi texniki-təminat bölüyünə təyin edilməsinə nail olub.  Bu müqabildə V. Hüseynov və digər təqsirləndirilən şəxslər 20-dən çox əsgərin valideynindən külli miqdarda rüşvət almağa nail olublar.

Gəncə Hərbi Məhkəməsində hakim Əlizamin Abdullayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub. Məhkəmənin hökmü ilə Mübariz Novruzov 10 il, Taleh Əhədov 11 il, Xəqani Sadıqov 6 il, Vasif Hüseynov 9 il, Əbil Əbilov 7 il, Arzu Məmmədov 7 il, Azər Hüseynov 11 il, Yavər Mustafayev 3 il 6 ay, Akif Əhmədov 3 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər. 

Həmin hökmdən təqsirləndirilən şəxslər apelyasiya şikayətləri veriblər. Onlar şikayətlərində daha yüngül cəzanın verilməsini istəyiblər. Gəncə Apelyasiya Məhkəməsinin Hərbi Kollegiyasında təqsirləndirilən şəxslərin şikayətlərinə baxılıb. 

Hakim Rəşid Məhərrəmlinin sədrlik etdiyi kollegiyada qərar elan edilib. Qərara görə, təqsirləndirilən şəxslərin apelyasiya şikayətləri qismən təmin edilib və Gəncə Hərbi Məhkəməsinin hökmü dəyişdirilib. 

Yeni hökmə əsasən, Taleh Əhədova 8 il, Xəqani Sadıqov 3 il, Azər Hüseynov 8 il müddətinə azadlıqdan məhrum edilib. Digər təqsirləndirilənlər - Əbil Əbilova 3 il, Arzu Məmmədova 3 il, Yavər Mustafayevə 2 il, Akif Əhmədova 2 il şərti cəza təyin edilməklə məhkəmə zalından azadlığa buraxılıblar. Digər təqsirləndirilən şəxslərin apelyasiya şikayətləri təmin edilməyib. 

Teleqraf.com

OXŞAR XƏBƏRLƏR