Azərbaycanda autizmli uşaqların sayı niyə artır? – Mütəxəssisdən açıqlama

Azərbaycanda autizmli uşaqların sayı niyə artır? – Mütəxəssisdən açıqlama
SOSİAL
13:19 15.07.2026
168
Azərbaycanda son 5 ildə tibb müəssisələrində autizm sindromlu şəxslərin sayı artıb.
2021-i ildən 2025-i ilə dək 13 min 676 şəxsə autizm sindromu diaqnozu qoyulub. Statistikaya görə, uşaq autizmi diaqnozu ilə qeydiyyatda olanların sayı 2021-ci ildə 1624, 2022-ci ildə 2378, 2023-cü ildə 3029, 2024-cü ildə 3112, 2025-ci ildə isə 3533 nəfər olub. Atipik autizm diaqnozu ilə qeydiyyatda olanların sayı isə müvafiq olaraq 55, 64, 86, 103 və 123 nəfər təşkil edib.

Son beş ildə uşaq autizmi iki dəfədən çox artıb.

Autizm və ya autizm spektr pozuntusu (ASP) insanın beyninin fərqli inkişaf etməsi ilə əlaqəli neyroinkişaf xüsusiyyətidir. Bu xüsusiyyət insanın ünsiyyət qurmasına, sosial münasibətlərinə, davranışına və ətraf mühiti qəbul etməsinə təsir göstərə bilər.

Hazırda onu tam aradan qaldıran müalicə yoxdur. Lakin erkən diaqnoz, xüsusi təhsil, nitq terapiyası və digər dəstək xidmətləri autizmli şəxslərin bacarıqlarını inkişaf etdirməyə və həyat keyfiyyətini artırmağa kömək edə bilər.

Hazırda autizmi ana bətnində dəqiq müəyyən etmək mümkün deyil.

Bunun səbəbi autizmin qan analizi, ultrasəs və ya digər prenatal müayinələrlə təsdiqlənən bir xəstəlik olmamasıdır. Autizm adətən uşağın davranışı, ünsiyyəti və inkişaf xüsusiyyətləri qiymətləndirilərək, doğulduqdan sonra diaqnoz edilir.

Klinik psixoloq, psixoterapevt Rövşən Nəcəfov AZXEBER.COM-a açıqlamasında deyib ki, autizmin yaranması tək bir səbəblə izah olunmur: 

"Autizm erkən uşaqlıq dövründə formalaşan neyroinkişaf xüsusiyyətidir və onun yaranması tək bir səbəblə izah olunmur. Autizmin inkişafında genetik meyl əsas rol oynayır. Bununla yanaşı, hamiləlik və doğuş dövründə baş verən bəzi bioloji proseslər genetik həssaslıq fonunda autizm riskinə müəyyən təsir göstərə bilər. Bu səbəbdən autizm çoxfaktorlu neyroinkişaf xüsusiyyəti kimi qəbul edilir və onu hər hansı bir tək amillə əlaqələndirmək elmi baxımdan doğru deyil”.


O qeyd edib ki, son illərdə autizm diaqnozlarının sayında müşahidə olunan artım əsasən diaqnostik imkanların inkişafı ilə bağlıdır:

"Son illərdə autizm diaqnozlarının sayında müşahidə olunan artım əsasən diaqnostik imkanların inkişafı, meyarların təkmilləşdirilməsi, mütəxəssislərin təcrübəsinin artması və cəmiyyətdə məlumatlılığın yüksəlməsi ilə əlaqələndirilir. Keçmişdə psixi sağlamlıq və inkişaf xüsusiyyətləri ilə bağlı mövcud olan sosial damğalanma səbəbindən bəzi ailələr uşaqlarının yaşadığı çətinlikləri gizlətməyə çalışır, mütəxəssisə müraciəti gecikdirirdilər. Bu gün isə autizm spektri daha yaxşı tanınır, ailələr daha erkən dəstəyə müraciət edir. Erkən diaqnostika, fərdi yanaşma və uyğun psixoloji-pedaqoji müdaxilələr uşağın ünsiyyət, öyrənmə və gündəlik həyat bacarıqlarının inkişafını dəstəkləmək üçün mühüm əhəmiyyət daşıyır”.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR