Xəbər verdiyimiz kimi, Bakının Sabunçu rayonunda yerləşən tibb müəssisələrinin birində anadangəlmə yuxarı ətrafları (qolları) olmayan körpə dünyaya gəlib.
Doğuşdan sonra körpənin anası övladından rəsmi şəkildə imtina edib.
Yeni doğulan uşağın fiziki xüsusiyyətləri və ya sağlamlıq vəziyyəti səbəbilə valideyni tərəfindən qəbul edilməməsi cəmiyyətdə ciddi suallar doğurur.
Belə hallarda valideynin uşağından imtina etmək hüququnun olub-olmaması, bu qərarın hüquqi nəticələri və uşağın hüquqlarının necə qorunduğu maraq doğurur.
Mövzu ilə bağlı AZXEBER.COM-a danışan vəkil Roman Qaraşov bildirib ki, uşağın fiziki məhdudiyyətlə dünyaya gəlməsi valideynə ondan imtina etmək hüququ vermir:
"Uşağın fiziki məhdudiyyətlə və ya əlilliklə dünyaya gəlməsi valideynə ondan sadəcə imtina etmək hüququ vermir. Azərbaycan qanunvericiliyində valideynin bir ərizə yazıb analıq və ya atalıq məsuliyyətindən tam çıxması kimi bir mexanizm yoxdur. Valideyn uşağın sağlamlığına, tərbiyəsinə və inkişafına görə məsuliyyət daşıyır. Əgər valideyn üzrlü səbəb olmadan uşağı doğum evindən və ya başqa müəssisədən götürməkdən imtina edirsə, bu hal onun valideynlik hüquqlarından məhrum edilməsi üçün əsas ola bilər. Amma bu da avtomatik baş vermir və yalnız məhkəmə qərarı ilə mümkündür".

Vəkil qeyd edib ki, valideynlik hüquqlarından məhrum edilmək belə valideyni uşağın saxlanılması ilə bağlı öhdəliklərdən tam azad etmir:
"Ən vacib məqam budur ki, valideynlik hüquqlarından məhrum olunmaq uşağa qarşı bütün öhdəliklərin bitməsi demək deyil. Valideyn uşağın saxlanmasına görə məsuliyyət daşımaqda davam edə və aliment ödəməli ola bilər. Uşaq da öz növbəsində valideynlə qohumluqdan yaranan əmlak və vərəsəlik hüquqlarını itirmir".
Roman Qaraşov vurğulayıb ki, valideyn uşağın başqa ailədə böyüməsini istəyirsə, bunun qanuni yolları mövcuddur:
"Əgər valideyn uşağın başqa ailədə böyüməsini istəyirsə, bunun qanuni yolu uşağı xəstəxanada qoyub getmək deyil. Bunun üçün övladlığa götürmə ilə bağlı qanuni prosedur mövcuddur və valideyn müəyyən qaydada buna razılıq verə bilər".
Vəkil bildirib ki, fiziki məhdudiyyəti olan uşaqların hüquqları digər uşaqlarla bərabər qorunmalıdır:
"Uşağın əlilliyi onun hüquqlarını azaltmır, əksinə dövlətin və aidiyyəti qurumların üzərinə daha ciddi müdafiə və dəstək öhdəliyi qoyur. Qanun əlilliyi olan uşaqların digər uşaqlarla bərabər hüquqlara malik olduğunu qəbul edir və onların sağlamlıq vəziyyətinə görə ayrı-seçkiliyə məruz qalmasını yolverilməz sayır.
Belə vəziyyətdə əsas məqsəd uşağı mümkün qədər ailədə saxlamaq və ailəyə sosial, tibbi və psixoloji dəstək göstərmək olmalıdır. Əgər uşağın valideynlərinin yanında qalması mümkün deyilsə, əvvəlcə qəyyumluq və himayə imkanları araşdırılır, daha sonra himayədar ailə və ya övladlığa götürmə məsələsinə baxılır. Uşağın müəssisəyə yerləşdirilməsi isə son variantlardan biri hesab olunur".
O qeyd edib ki, uşağın təhlükəli vəziyyətdə tərk edilməsi daha ciddi hüquqi nəticələr yarada bilər:
"Əgər valideyn uşağı elə vəziyyətdə tərk edirsə ki, onun həyatı və sağlamlığı real təhlükə altında qalır, məsələ artıq təkcə ailə hüququ ilə məhdudlaşmaya və cinayət məsuliyyəti də yarana bilər. Yəni uşağın fiziki məhdudiyyətlə doğulması valideyn üçün məsuliyyətdən imtina səbəbi sayılmır. Əksinə, belə uşağın hüquqlarının və mənafeyinin daha ciddi qorunması tələb olunur".
Fəridə Əsədzadə











































