Yeni 100 manatlıq əskinasın dövriyyəyə buraxılmasından sonra bəzi satıcıların bu pul vahidini tanımadığı və saxta ola biləcəyindən ehtiyat edərək qəbul etməkdə tərəddüd etdiyi bildirilir.
Bir vətəndaş sosial şəbəkədə paylaşım edərək yeni əskinasla ödəniş etmək istəyən şəxslərin bəzi satış məntəqələrində problemlə qarşılaşdığını bildirib. Onun sözlərinə görə, satıcıların əskinasın həqiqiliyinə dair şübhələri səbəbindən ödənişin qəbulunda tərəddüd yaranır.
Bəs yeni əskinasın bəzi satıcılar tərəfindən tanınmaması nədən qaynaqlanır və bu hal nağd ödənişlərə necə təsir göstərə bilər?
Mövzu ilə bağlı AZXEBER.COM-a danışan iqtisadçı Günay Hüseynova bildirib ki, belə halların yaşanması yeni əskinasla bağlı maarifləndirmənin yetərli aparılmadığını göstərə bilər:
"Belə bir hal yaşanıbsa, demək ki, maarifləndirmə tədbirləri yetərincə görülməyib. Media və sosial şəbəkələri vətəndaşlar yaxından izləyir. Ona görə də düşünürəm ki, məlumatlandırma məhz bu vasitələrlə aparılmalı idi. Həm satıcılar, həm də sahibkarlar məlumatlı olmalı idilər.
Yeni əskinasla alış-verişin gün ərzində və ya həftə ərzində bir dəfə baş verməsi mümkündür. Yəni satıcı üçün bu, ilk hal ola bilər. Əks halda, dövlət qurumlarından məlumat alaraq əskinasın həqiqiliyini yoxlamaq mümkündür. Digər məsələ odur ki, yeni əskinasla alış-veriş etmək istəyən hər bir istehlakçını geri qaytarmaq satıcı üçün də zərərli olardı. Böyük ehtimalla, belə bir hal geniş yayılmayıb. Yəni ya istehlakçıdan köhnə əskinas tələb edilib, ya da POS-terminal vasitəsilə ödəniş olunub”.

G.Hüseynovanın sözlərinə görə, nağd ödənişlərlə bağlı Azərbaycanda daha geniş problem mövcuddur:
"Bazarda nağd ödənişlərə və alqı-satqı prosesinə təsirinə gəldikdə isə, ilk öncə bir məsələni diqqətə gətirmək istəyirəm. Ölkəmizdə vətəndaşın nağdsız ödəniş etmək istəyi qlobal problemə çevrilib. Ya POS-terminal xarabdır, ya "Get kimə istəyirsən, şikayət et, bizim vergidə adamımız var” kimi ifadələr eşidir istehlakçı, ya da məhsul ümumiyyətlə satılmır.
Xüsusilə də iri ticarət və iaşə obyektləri tərəfindən qanunun tələbinin pozulması halları ilə qarşılaşmaq mümkündür. Belə olduğu halda istehlakçı xarici ticarət platformalarına yönəlir. Çünki həm qiymət, həm də keyfiyyət onu qane edir”.
İqtisadçı hesab edir ki, istehlakçının ödəniş formasını sərbəst seçmək hüququ təmin edilməli, qanun pozuntularına qarşı nəzarət gücləndirilməlidir:
"Ümumiyyətlə, istənilən ticarət obyektində istehlakçı azadlığı olmalıdır. İstər nağd ödəsin, istərsə də nağdsız. Bundan əlavə, vətəndaş hansısa dövlət qurumlarına ayrı-ayrılıqda şikayət etməli vəziyyətdə qalmamalıdır.
Monitorinqlərin sayı artırılmalı, həm maarifləndirici və profilaktik söhbətlər aparılmalı, həm də qanunun tələbini pozanlar cərimələnməlidir. Vətəndaşların nəzərinə çatdırmaq istəyirəm ki, istənilən istehlakçı hüquqlarının pozulması halında Antiinhisar və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə müraciət edə bilərlər”.
Fəridə Əsədzadə











































