Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ölkədə bir sıra banklar fəaliyyətini dayandırıb.
Bankların bəzilərinin lisenziyası ləğv edilib, digərləri isə müflis elan olunub və ya yenidən təşkil edilib.
AZXEBER.COM müstəqillikdən sonra Azərbaycanda bağlanan bankları və onların fəaliyyətini dayandırmasının səbəblərini araşdırıb.
"Borçalı” bankı
1992-ci ildən fəaliyyət göstərən "Borçalı” Kommersiya Bankının fəaliyyəti 31 yanvar 2005-ci ildə dayandırılıb. Bankın ləğvetmə prosesi 2023-cü ildə yekunlaşıb. Lakin fəaliyyətinin dayandırılmasının konkret səbəbi barədə ətraflı rəsmi məlumat yoxdur.
2012-ci il: "Royal Bank”
"Royal Bank”ın lisenziyası 2012-ci ildə ləğv edilib. Bank sonradan ləğvetmə prosesinə cəlb olunub.
2015-ci il: "Azərbaycan Kredit Bankı” və "Eurobank”
2015-ci ildə "Azərbaycan Kredit Bankı” və "Eurobank”ın lisenziyaları ləğv edilib. Həmin il manatın devalvasiyası bank sektorunda maliyyə çətinliklərini artırsa da, bu iki bankın bağlanmasının konkret səbəblərini ayrıca qiymətləndirmək lazımdır.
2016-cı il: bir sıra banklar bağlanıb
2016-cı ildə "Bank Standard”, "Bank of Azerbaijan”, "Texnikabank”, "AtraBank”, "Qafqaz İnkişaf Bankı”, "Kredobank”, "Gəncəbank”, "Zaminbank”, "Parabank” və "Dekabank”ın lisenziyaları ləğv edilib.
Bu dövrdə bankların fəaliyyətini dayandırmasına maliyyə problemləri, kapital çatışmazlığı və tənzimləyici tələblərlə bağlı çətinliklər təsir göstərib.
2017-ci il: "DəmirBank”
1989-cu ildən fəaliyyət göstərən "DəmirBank”ın lisenziyası 23 dekabr 2017-ci ildə ləğv edilib.
2020-ci il: dörd bankın lisenziyası ləğv edilib
2020-ci ildə "AtaBank”, "Amrahbank”, "AGBank” və "NBCBank” fəaliyyətini dayandırıb. Mərkəzi Bankın məlumatına görə, bu banklarda kapital çatışmazlığı, maliyyə itkiləri və kreditorlar qarşısında öhdəliklərin yerinə yetirilməsi ilə bağlı problemlər olub.
2022-ci il: Pakistan Milli Bankının Bakı filialı
2022-ci ildə Pakistan Milli Bankının Bakı filialının lisenziyası ləğv edilib. Bu hadisə yerli bankın müflisləşməsindən fərqlənir, çünki söhbət xarici bankın filialından gedir.
2023-cü il: "Günay Bank” və "Muğanbank”
2023-cü ildə "Günay Bank” və "Muğanbank”ın lisenziyaları ləğv olunub. Mərkəzi Bankın açıqlamalarında kapital çatışmazlığı və maliyyə dayanıqlılığı ilə bağlı problemlər əsas səbəblər arasında göstərilib.
2024-cü il: "Naxçıvanbank”
2024-cü ildə "Naxçıvanbank”ın lisenziyası ləğv edilib. Bankın fəaliyyəti müflisləşmə səbəbindən deyil, yenidən təşkil prosesi çərçivəsində dayandırılıb.
Banklar niyə bağlanıb?
Azərbaycanda bankların fəaliyyətini dayandırmasının əsas səbəbləri kapital çatışmazlığı, problemli kreditlər, maliyyə itkiləri və öhdəliklərin yerinə yetirilməməsi olub. 2015-ci ildə manatın devalvasiyası da bank sektorundakı çətinlikləri artırıb.
Fəridə Əsədzadə












































