Azərbaycanda peşə təhsili alanların sayı artıb

Azərbaycanda peşə təhsili alanların sayı artıb
SOSİAL
15:36 18.11.2026
51
Azərbaycanda peşə təhsilinə maraq son illərdə əhəmiyyətli dərəcədə artıb. 2022-ci illə müqayisədə 2026-cı ildə peşə təhsili alanların sayı 47 faiz, bu sahədə təhsil almaq üçün müraciət edənlərin sayı isə 77 faiz yüksəlib.

"Azərbaycan müəllimi” Peşə Təhsili üzrə Dövlət Agentliyinə istinadən xəbər verir ki, 2022-ci ildə ölkədə peşə təhsili alanların sayı 19 min nəfər olub. 2026-cı ildə bu göstərici 47 faiz artaraq 28 min nəfərə çatıb.

Peşə təhsili almaq istəyənlərin sayında da nəzərəçarpan artım qeydə alınıb. Belə ki, 2022-ci ildə bu məqsədlə 29 min nəfər müraciət etmişdisə, 2026-cı ildə müraciətlərin sayı 77 faiz artaraq 52 min nəfər olub.

Yüksək texniki peşə təhsili – ali təhsilə keçid imkanı

Yüksək texniki peşə təhsilinə qəbul göstəricilərində də son illərdə davamlı artım nümayiş etdirilir. 2022-ci ildə peşə təhsilinin bu səviyyəsinə 860 nəfər qəbul olub. 2023-cü ildə qəbul sayı 2070, 2024-cü ildə isə 4523 nəfərə çatıb.

Artım tendensiyası sonrakı illərdə də davam edib. 2025-ci ildə yüksək texniki peşə təhsilinə 7113 nəfər, 2026-cı ildə isə 9911 nəfər qəbul olunub.

İllər üzrə qəbul sayındakı artım belə olub:

- 2023-cü ildə – 1210 nəfər
- 2024-cü ildə – 2453 nəfər
- 2025-ci ildə – 2590 nəfər
- 2026-cı ildə – 2798 nəfər

Bu göstəricilər yüksək texniki peşə təhsilinə marağın ildən-ilə artdığını ortaya qoyur.

Peşə təhsili beynəlxalq platformalarda

Azərbaycan 2020-ci ildə "WorldSkills International” təşkilatına üzv olub. Bu üzvlük ölkənin peşə bacarıqlarının beynəlxalq platformalarda nümayiş etdirilməsi, təcrübə mübadiləsi və peşə təhsilinin qlobal standartlara uyğun inkişafı baxımından əhəmiyyətli imkanlar yaradıb.

2022-ci ildə Lütserndə keçirilən "WorldSkills Competition 2022 Special Edition” yarışlarında Azərbaycan 56 ölkə arasında 3 bacarıq sahəsi üzrə 4 iştirakçı ilə təmsil olunub. Yarışda ölkəmizin nümayəndəsi aşpazlıq üzrə "Medallion for Excellence” mükafatına layiq görülüb.

2023-cü ildə Əbu-Dabidə keçirilən yarışlarda Azərbaycan 30-dan çox ölkə arasında 2 bacarıq üzrə 2 iştirakçı ilə təmsil olunub.

2024-cü ildə Lion şəhərində 69 ölkənin iştirakı ilə təşkil olunan yarışlarda ölkəmizi 6 bacarıq üzrə 7 iştirakçı təmsil edib.

2026-cı ildə Şanxayda 70 ölkənin iştirakı ilə keçirilən yarışlara isə Azərbaycan 7 bacarıq üzrə 8 iştirakçı ilə qatılıb.

Peşə təhsili çevik bacarıqlar ekosistemi formalaşdırır

Peşə təhsili sahəsində 2030-cu ilə qədər müəyyənləşdirilən əsas hədəflər sırasında təhsilin əhatə dairəsinin genişləndirilməsi, maliyyələşmə mexanizmlərinin və infrastrukturun təkmilləşdirilməsi, tədris məzmununun əmək bazarının tələblərinə uyğun çevik şəkildə yenilənməsi yer alır. Bu istiqamətlər müasir əmək bazarının ehtiyaclarına cavab verən bacarıqlar ekosisteminin formalaşdırılmasına xidmət edir.

Belə bir ekosistem bir neçə əsas xüsusiyyəti özündə birləşdirir:

- Əmək bazarının tələblərinə sürətlə uyğunlaşan;
- İşəgötürənlərin real tərəfdaş kimi iştirak etdiyi;
- Texnoloji və yaşıl bacarıqların formalaşdırıldığı;
- Çevik və kredit əsaslı təhsil yollarının təqdim olunduğu;
- Praktik hazırlıq və səriştələrin ön plana çəkildiyi;
- Məzunların məşğulluq göstəricilərinin və karyera inkişafının izlənildiyi;
- Keyfiyyət göstəricilərinin ölçüldüyü və məlumat əsaslı idarəetmənin tətbiq olunduğu;
- Beynəlxalq səviyyədə tanınan və rəqabətqabiliyyətli təhsil modelinin qurulduğu sistem.

Keyfiyyətli peşə təhsilinin təmin olunması dövlət, işəgötürənlər və təhsil müəssisələri arasında səmərəli əməkdaşlığa əsaslanır. Bu prosesdə işəgötürənlərin üzərinə tədris proqramlarının hazırlanmasında iştirak, iş yerində təlim və təcrübənin təşkili, mentorluq dəstəyi göstərilməsi, eləcə də bacarıq ehtiyacları barədə məlumatların təqdim edilməsi kimi vəzifələr düşür.

Təhsil müəssisələri isə səriştə əsaslı tədrisin təşkili, praktiki təlimlərin keçirilməsi, işəgötürənlərlə əməkdaşlığın qurulması, məzunların məşğulluğunun izlənilməsi və karyera dəstəyinin təmin edilməsi istiqamətində fəaliyyət göstərməlidir.
Burada dövlətin də üzərinə bir sıra öhdəliklər düşür. Bunlara strategiya və siyasət, standartlar və kvalifikasiya çərçivəsi, nəticəyönümlü maliyyələşmə, təhsil və əmək bazarının koordinasiyası, keyfiyyət təminatı və monitorinq daxildir. 

İşəgötürənlərin tədris prosesindəki yeri

2022-2026-cı illərdə işəgötürənlərlə əməkdaşlıq 80-dən 160-a qədər artıb. Bu, 2 dəfə artım deməkdir. İş yerindəki təlimlərin sayı isə 800-dən 2200-ə qədər artıb ki, bu da 2.7 dəfə artım deməkdir. 

2022-2025-ci illər ərzində dual proqram məzunlarının 67-74%-i işlə təmin edilib. 2019–2025-ci illərin məzunların sayı isə 78 670 nəfər olub ki, onların da 65-69%-i işlə təmin edilib.

Peşə təhsilində təhsilverənlərin peşəkar inkişafı
Son 5 ildə pedaqoji heyətin 75%-i müxtəlif təlimlərə cəlb edilib. 2022-2026-cı illər arasında təlimlərdə illik iştirakçı sayı 446 nəfərdən 850 nəfərə qədər artıb ki, bu da 2 dəfəyə yaxın artım deməkdir. Bu illər ərzində isə ümumi iştirakçı sayı 2700 nəfər olub. Onlardan 1600 nəfəri yerli ixtisasartırma, 600 nəfəri ToT, metodiki və ustad təlimləri, 500 nəfəri isə beynəlxalq təlimlərdə iştirak ediblər.

Rəqəmsallaşma şəffaf və məlumat əsaslı idarəetmə

2020–2026-cı illərdə peşə təhsili ilə bağlı 8 elektron xidmət istifadəyə verilib. Xidmətlər arasında elektron qəbul, elektron jurnal, elektron diplom xidmətləri də yer alır. Bu xidmətlərdən 6 ildə ümumilikdə 300 mindən çox dəfə istifadə edilib. Elektron xidmətlərin müsbət tərəfləri arasında müraciət və nəticə onlayn izlənilmənin mümkünlüyü, növbəsiz, məsafədən xidmət, vahid bazaya əsaslanan təhlili göstərə bilərik.
OXŞAR XƏBƏRLƏR