Sentyabrın 4-də PISA beynəlxalq qiymətləndirmə tədqiqatı ilə bağlı məlumatlandırma görüşü keçirilib.
AZXEBER.COM xəbər verir ki, görüşdə təhsil ictimaiyyətinin və media nümayəndələrinin iştirakı ilə PISA proqramının məqsədləri, əsas xüsusiyyətləri və qiymətləndirmə meyarları barədə məlumat verilib.
Təhsil İnstitutunun direktor səlahiyyətlərini müvəqqəti icra edən, nazir müşaviri Elnur Əliyev bildirib ki, PISA 15 yaşlı şagirdlərin oxu, riyaziyyat və təbiət elmləri üzrə bilik və bacarıqlarını qiymətləndirir.
Onun sözlərinə görə, PISA yalnız şagirdlərin nə bildiyini deyil, əldə etdikləri bilik və bacarıqları real həyat situasiyalarında necə tətbiq edə bildiklərini də müəyyənləşdirir.
Qeyd olunub ki, Azərbaycan PISA tədqiqatında 2018-ci ildən iştirak edir. PISA 2025 tədqiqatında isə əvvəlki illərdən fərqli olaraq region məktəbləri də qiymətləndirməyə cəlb olunub.
Elnur Əliyev vurğulayıb ki, PISA reytinq yarışı deyil. Tədqiqat ölkələrə öz təhsil sistemlərini təhlil etmək və inkişaf istiqamətlərini müəyyənləşdirmək imkanı verən beynəlxalq qiymətləndirmə platformasıdır.
Görüşdə həmçinin bildirilib ki, 2029-cu ildən etibarən PISA tədqiqatının dörd ildən bir keçirilməsi nəzərdə tutulur.
Tədbir iştirakçıların suallarının cavablandırılması ilə davam edib.











































