Azərbaycanda saxta mobil telefonlar işləməyəcək

Azərbaycanda saxta mobil telefonlar işləməyəcək
Bütün Xəbərlər
14:15 19.04.2013
1555
Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi istehlakçılara satışda olan saxta mobil telefon cihazları almamağı tövsiyə edir.

İKT İnformasiya Mərkəzindən «APA-Economics»ə verilən məlumata görə, ölkə ərazisinə qeyri-qanuni yollarla idxala cəhd edilən saxta mobil telefon cihazlarının mütəmadi olaraq hüquq-mühafizə orqanları tərəfindən aşkarlanma faktları nəzərə alınaraq, istehlakçılara bu tövsiyəyə ciddi yanaşmaları məsləhət görülür.

«May ayının 1-dən mobil cihazların qeydiyyat sistemi (MCQS) fəaliyyətə başlayır və həmin tarixdən sonra bütün saxta IMEI nömrəli yeni mobil telefon cihazlarının respublikamızın mobil rabitə şəbəkələrində istifadəsi məhdudlaşdırılacaq», - deyə məlumatda bildirilir.

Mobil cihazların qeydiyyat sistemi işə düşdükdən sonra, hər hansı istehlakçı saxta IMEI nömrəli yeni mobil telefon cihazı alaraq onu mobil operatorların şəbəkələrinə qoşmaqla xidmətdən yararlanmağa çalışarsa, həmin cihazın istifadəsi mümkün olmayacaq: «Ona görə də istehlakçılar yeni mobil telefon cihazları alan zaman bu kimi məsələlərə xüsusi diqqətlə yanaşmalıdırlar».

İstehlakçılar yeni fəaliyyətə başlayanwww.imei.azünvanı vasitəsi ilə IMEI nömrələrini yoxlaya və ya 1677 xidmətinə zəng etməklə ətraflı məlumat əldə edə bilərlər.

Mobil cihazların qeydiyyat sistemi Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Məlumat Hesablama Mərkəzində Nazirlər Kabinetinin 2011-ci il 28 dekabr tarixli 212 nömrəli qərarı ilə təsdiq edilmiş «Mobil cihazların qeydiyyatının aparılması Qaydası»na uyğun yaradılıb. Mobil cihazların qeydiyyat sisteminin yaradılması «İKT ili» çərçivəsində həyata keçirilən silsilə tədbirlərdəndir.

OXŞAR XƏBƏRLƏR