Azərbaycanda yeni xəbər telekanalı yaradılır - MTRŞ-dan açıqlama

Azərbaycanda yeni xəbər telekanalı yaradılır - MTRŞ-dan açıqlama
MEDIA
13:52 19.12.2017
1161
"Hazırda müsabiqəsini elan etdiyimiz xarici dildə xəbərlər yayımlayacaq kanal yerüstü yayımçıdır”.

Bunu "Sherg.az”a Azərbaycanda yaradılacaq yeni xəbər kanalı haqqında danışarkən Milli Televiziya və Radio Şurasının Hüquq və Beynəlxalq Əlaqələr şöbəsinin müdiri Nemət Cavadov deyib.

O bildirib ki, yeni kanal 24 saat ancaq xəbərlərin yayımı ilə məşğul olacaq:

"Biz Azərbaycanda fəaliyyət göstərən bütün kanalların ancaq Azərbaycan dilində yayım aparmasını tələb edirik. Xəbər kanalı üçün 16 noyabr 2017-ci il tarixdən 16 dekabr 2017-ci il tarixə qədər müsabiqə müəyyən etdik. Bu ixtisaslaşmış kanal olacaq. Hələlik ixtisaslaşmış 3 kanal Azərbaycanda fəaliyyət göstərir: CBC Sport, İdman Azərbaycan və Mədəniyyət Azərbaycan. Yeni kanal da bu şəkildə ixtisaslaşmış kanal olacaq.

Hazırda 3 iddiaçı – "BAKU ART LAB” MMC, "Türkel TV” MMC, "MEDİA MASTER” MMC müsabiqəyə sənədlərini təqdim edib. Bundan sonrakı 1 ay ərzində şura iclası keçiriləcək, kollegial şəkildə qərar qəbul olunacaq ki, bu iddiaçılardan hansına lisenziya verilsin”.

Yeni kanalın istifadəyə veriləcəyi tarixə gəlincə isə N.Cavadov vurğulayıb ki, yanvarın 16-da işlər başlana bilər:

"Yeni telekanalın adı, digər parametrləri müəyyən olunmayıb. Sənədləri təsdiq olunan MMC-lər öz layihələrini hazırlayıblar. Hansı müəssisə lisenziya alarsa, o da düşündüyü brend adla çıxış edəcək”.

Qeyd edək ki, Milli Televiziya və Radio Şurası (MTRŞ) tərəfindən ixtisaslaşmış (xəbər) televiziya kanalının açılması üçün ümumrespublika televiziya yayımı üzrə Bakı və Abşeron ərazisində 31-ci tezlik resursuna 16 noyabr 2017-ci il tarixdən 16 dekabr 2017-ci il tarixədək elan edilmiş müsabiqə başa çatıb. Vurğulanıb ki, "Televiziya və radio yayımı haqqında” qanunun tələbinə uyğun olaraq MTRŞ tərəfindən müsabiqənin elan edildiyi gündən 60 gün müddətində müsabiqənin nəticələrinə baxılacaq və müvafiq qərar qəbul ediləcək.
OXŞAR XƏBƏRLƏR