Azərbaycanın ilk qadın DJ-i, Azercell-in siması, məşhur nəslin davamçısı - Nigar Şıxlınskaya kimdir? - VİDEOMÜSAHİBƏ

Azərbaycanın ilk qadın DJ-i, Azercell-in siması, məşhur nəslin davamçısı - Nigar Şıxlınskaya kimdir? - VİDEOMÜSAHİBƏ
MÜSAHİBƏ
17:56 30.12.2019
46505
AZXEBER.COM-un "Uğurlu qadın" layihəsinin qonağı Azercell-in Korporativ ünsiyyət şöbəsinin rəhbəri Nigar Şıxlinskayadır .
  

- İlk olaraq oxucularımıza özünüz haqda məlumat verin...
 
- İlk növbədə xoş gəlmisiniz. Növbəti müsahib kimi məni seçdiyini üçün təşəkkür edirəm. Özüm haqqında məlumata gəldikdə isə deyə bilərəm ki, 1978-ci il, sentyabrın 28-də anadan olmuşam. Orta məktəbi bitirdikdən sonra, Bakı Dövlət Universitetinə daxil olmuşam. Orta məktəblə yanaşı Georgi Şaroyev adına 35 nömrəli 11 illik musiqi məktəbini də bitirmişəm. Universitetdə təhsilimi davam etdirdiyim vaxtda ilk müstəqil teleradio şirkəti ANS-də xəbərlər redaktoru, aparıcı,  və reportyor kimi çalışmışam. Daha sonra təhsilimi davam etditrmək üçün Birləşmiş Krallığa getmişəm. Orada "PR və ingilis dili" kurslarını bitirmişəm. Vətənə qayıtdıqdan sonra ailə həyatı qurmuşam. Oğlum dünayaya gəldikdən sonra Azercell-də işimə başlamışam. 2004-cü ildən Azercell şirkətində çalışıram. İlk dəfə işə media mütəxəssisi olaraq başlamışam. Hazırda Korporativ ünsiyyət şöbəsinin rəhbəriyəm. 2 övladım var. 
 
- Layihəmizin adı "uğurlu qadın”dır. Özünüzü uğurlu qadın hesab edirsiniz?
 
- Bəli, özümü uğurlu qadın hesab edirəm. Təbii ki, hələ də qarşımça qoyduğum məqsəd və arzularım var. Ancaq buna baxmayaraq özümü kifayət qədər uğurlu hesab edirəm. 
 

 

- Adınız və soyadınız çox məşhurdur. Azərbaycanın ilk şəfqət bacısı, general Əliağa Şıxlınskinin həyat yoldaşı Nigar Şıxlınskaya ilə qohumluğunuz var?
 
- Bəli, birbaşa qohumluğumuz var. Mənim adımı babam Osman Şıxlinski Nigar xanımın  şərəfinə qoyub. İstəyib ki, tarixdə daha bir Nigar Şıxlinskaya yaşasın. Nigar xanımla Əliağa bəyin övladı olmayıb. Biz onun qardaşının övladları sayılırıq.
 


- Bu cür nüfuzlu soyadın müsbət və mənfi cəhətləri nədir?
 
- Mənfi cəhətini görməmişəm. Deyə bilərəm ki, soyadım həmişə mənə kömək və dəstək olub.
 

 

- Ailənizdə məşhur şəxslərdən kim olub?
 
- Ailəmizdə olan məşhur şəxslər daima mənə örnək olub. Hər zaman çalışmışam ki, bu soyada layiq olum. Çalışmışam ki, həyatımı bu soyada uyğun yaşayım. Bu soyadın nümayəndəsi olduğum üçün həmişə fəxr etmişəm. Ailəmizin tanınmış nümayəndələrinə gəldikdə isə Əliağa Şıxlinski, Cavad bəy Şıxlinski, bir çox elm xadimləri, İsmayıl Şıxlı, Elçin Şıxlı və Leyla Şıxlinskayanın adını çəkə bilərəm.
 


- Uğur qazanmaq üçün nələrdən keçmisiniz?

- İlk olaraq onu deyim ki, mən özümü xoşbəxt qadın hesab edirəm. Çünki həyatı mən sevə-sevə yaşamışam. Mənə elə gəlir ki, hər şey mənə asanlıqla başa gəlib. Universitetdə böyük həvəslə oxumuşam, uzun mərhələli müsahibədən keçərək istədiyim iş yerinə qəbul olunmuşam. Daha sonra sevdiyim ölkədə təhsilimi davam etdirmişəm. İşdə olduğum qədər ailə həyatımda da özümü xoşbəxt sayıram. Son olaraq isə sevdiyim şirkətə və işə qəbul olunmuşam. Düzdür bütün bunlar həvəsli olduğum üçün asan başa gəlib, ancaq deyə bilərəm ki, hər şeyə öz gücümlə nail olmuşam.
 

 

- Ölkənin aparıcı mobil operatorlarından birinin departament rəhbərisiniz. Fəaliyyətniz haqda məlumat verin zəhmət olmasa...
 
- Hazırda Azercell-də korporativ ünsiyyət departamentinin rəhbəriyəm. Burada bir çox sahə birləşir - tədbirlərin təşkili, şirkətdaxili ünsiyyət, şirkət kommunikasiyası, müxtəlif kommunikasiya kanallarının idarə olunması, korporativ sosial məsuliyyət və media ilə iş. Ancaq onu deyim ki, işimiz çox şaxəlidir və gün nə vaxt başlayıb, nə vaxt bitir onu bilmirik. Onu da deyim ki, cox yaxşı və professional komandamız var.
 

 

- Azercell-in digər operatorlardan ən böyük fərqi və üstünlüyü nədir?
 
- Mən müqayisə etməyi sevmirəm. Məncə uğurlu şirkət və insan odur ki, özü-özünə qalib gələ bilsin. Öz nəaliyyətlərini daha yüksəklərlə əvəz etsin. Ancaq onu deyim ki, "Azercell" bazarın lideridir. Biz hər zaman bazarda şəffaf və düzgün rəqabət aparmağa çalışmışıq. Hər zaman çalışmışıq ki, dünya trendləri ilə rəqabət aparaq və dünya trendlərini ölkəmizdə tətbiq edək. Azercell ölkəyə müştərilərin rahatlığını düşünərək ən son yenilikləri gətirən şirkət olub.
 
Məhz buna görə də liderliyi qorub saxlamağı bacarıb.
 

 

- Çətin deyil bir qadına departament idarə edib, şirkətin sözcüsü olmaq?
 
- Yenə də deyirəm ki, mən şanslı adamam ki, işimi sevirəm. Nə zaman ki, işi sevib, öhdəsindən gəlirsən bu iş adama çətinlik yaratmır. Nəticə mükəmməl olduqda isə çətinlik çəkməyə dəyər deyərdim.
  

 

- Mediada adınız ancaq Azercellə hallanır, adınızı axtarışa verəndə yalnız şirkət xəbərləri çıxır. Bu sizə necə təsir bağışlayır?
 
- (Gülür) Mən fəxr edirəm ki, Azercell-də işləyirəm. Azercell elə nümunəvi şirkətdir ki, onunla asossasiya olmaq ancaq xoş hisslər yarada bilər. 15 ildir ki, "Azercell"də çalışıram və adımın bu şirkətlə hallanması da normaldır.
 


- Adətən deyirlər ki, bir yerdə 5 ildən artıq işləmək düzgün deyil. Daim dəyişib, inkişaf etmək lazımdır. Razısınız bu fikirlə?
 
- Bəli, mən bu fikirlə razıyam. Ancaq iş yeri dedikdə eyni vəzifə və eyni yer nəzərdə tutulur burda. Mənim işim şirkət daxilndə dəyişdiyi üçün mən bu normativlərə uyğunam. Özüm haqda bir məlumatı da verim ki, mən azərbaycanın ilk Dj qadınıyam. Mən DJ-lik edəndə qadın DJ yox idi.
 

 

- Deyirlər ki, hər bir uğurlu qadının arxasında bir kişi dayanır. Bəs sizin?
 
- Mən bu fikirlə razı deyiləm. Mənim arxamda atam dayandığı qədər anam da dayanıb deyərdim. Məhz buna görə də hər uğurlu insanın arxasında onu sevən insanlar dayanır deyərdim. İndi arxamda valideynlərim, övladlarım və həyat yoldaşım var. Burada kişi-qadın ayrımı etmədən insanın arxasında onu sevən doğmaları və dostları var.
 

 

- Sizcə cəmiyyətdə qadınlar niyə uğur qazanmaqda çətinlik çəkir?
 
- Hər bir insana uğur qazanmaq üçün dəstək lazımdır. Zəhmətkeş qadınların hamısı çox uğurlu karyera qurmağa çalışırlar. Ancaq elə qadınlar da var ki, işlərini ailəsinə qurban verib uğurdan yan keçiblər. Bəlkə də uğursuzluğun səbəbi budur.
 

 

- Həyat yoldaşınız kimdir və nə işlə məşğuldur?

- Həyat yoldaşım da ziyalı ailədəndir. Mən yoldaşımla paralel sinifdə oxumuşam, qaynanam da müəlliməm olub. Biz onunla uşaqlıqdan dost idik. Yoldaşım ixtisasca həkimdir. Həkim kimi fəaliyyət göstərir. Məni hər zaman anlayıb, mənə dəstək olan insandır. 
 

 

- Övladlarınız kimin davamçısı olsun istərdiniz?
 
- Oğlumun yaxşı əl qabiliyyəti olduğu üçün plastik cərrah olmasını istəyirdim. Ancaq oğlum bunu istəmir. Bizim üçün heç bir fərqi yoxdur, əsas odur ki, uşaqlarımız istədikləri peşənin sahibi olsun. 
 

 

Günel Hüseynli
OXŞAR XƏBƏRLƏR