Günay Cəlilova: "Qadının uğurunun qarşısını ala biləcək bir güc yoxdur" - VİDEOMÜSAHİBƏ

MÜSAHİBƏ
17:25 11.12.2019
19039

AZXEBER.COM-un "Uğurlu Qadın" rubrikasının qonağı "AccessBank"ın icraçı direktoru Günay Cəlilovadır.


Həmin müsahibəni təqdim edirik:

 

 

 


- Günay xanım, mümkünsə özünüz haqda oxucularımıza məlumat verərdiz...


- Günay Cəlilova, 1981-ci ildə Bakıda anadan olmuşam. Bakalavr və magistr təhsilimi İqtisad Universitetinin "Maliyə-kredit” ixtisası üzrə almışam. 15 ildən çoxdur ki, bank sektorunda çalışıram. İlk işim Azercell şirkətində satış üzrə təmsilçi olub. Bank sektorunda isə ilk olaraq təmsilçi-mütəxəssis, daha sonra kredit mütəxəssisi kimi çalışmışam. Təcrübəm artıqca karyeramda pillə-pillə qalxmışam - baş mütəxəssis, şöbə müdiri, filial rəhbəri.

 

 

 

8 il filial müdiri çalışdıqdan sonra mənə "Satış və biznesin idaredilməsi" departamentinin rəhbərliyini həvalə etdilər. Qarşıma qoyulan bütün öhdəlikləri düzgün və vaxtında yerinə yetirdikdən sonra, 3 il müddətində Marketinq və korporativ satış departamentini idarə etməyə başladım. Burada da tam məsuliyyətli və peşəkar komanda ilə öhdəlilərimizi yerinə yetirdik.


Bu ilin aprel ayından etibarən isə icraçı direktor vəzifəsinə yüksəldim. Vəzifəmin artması ilə yanaşı, məsuliyyət və kurasiyam da genişləndi.


Ailəliyəm, iki övladım var.


- Üzdə olan xanımlardansız. Sizcə cəmiyyətdə qadına uğur qazanmaq üçün nə lazımdır?


- Maraqlı sualdır (gülür). Mənə elə gəlir ki, uğur qazanmaq istəyən qadın ancaq nə etməli olduğunu düşünüb, ”kənardan nə deyərlər” deyə heç düşünməməlidir. Qadın yetər ki, istəsin, bu istəklə yanaşı, bir az da inad etsə, istədiyi uğura nail olacaq və uğur onu daim izləyəcək. Qadın istəkli və cəsarətli olarsa, onun uğur qazanmasına heç nə mane ola bilməz.

 

 

 

- Xaricdə təhsil almısız. Bir xanımın xaricdə oxuması üçün özü qədər ailəsinin də fikri önəmlidir. Ailəniz bu məsələdə sizə dəstək oldumu?


- Mən universitetdə təhsil aldığım vaxtlar, anam mənim xaricdə də təhsil almağımı istəyirdi. Buna görə, bir neçə dili öyrənməyə çalışırdım. Anamın arzusu olduğu üçün xaricdə təhsil almağı daha çox istəyirdim. Ancaq qismət elə gətirdi ki, magistr təhsilimi bitirdikdən sonra ailə həyatı qurdum və planlarım dəyişdi.


 

Ancaq bu arzu həmişə mənimlə idi. Elə oldu ki, karyeramda irəliləyişi və ətrafda olan tələbatı gördükcə təhsil almaq arzum daha da ciddiləşdi. Ancaq bunun üçün valideynimdən deyil, yoldaşımdan icazə almalı oldum (gülür).


Sağ olsun, yoldaşım da məni dəstəklədi və mənimlə təhsil almaq qərarına gəldi. Beləliklə, biz həyat yoldaşımla tələbə yoldaşı da olduq (gülür).


Beləliklə, mən həm anamın arzusunu reallaşdırdım, həm də işimdə yüksəlişə nail oldum.


- Xaricdə oxumağın müsbət cəhətləri haqda danışardız...


- Xaricdə təhsilin müsbət cəhətləri çoxdur. Mən Böyük Britaniyanın Warwick biznes məktəbində (University of Warwick) MBA dərəcəsini almışam. Oradakı təhsil nəinki bizim, hətta Türkiyənin təhsil sistemindən də fərqli idi. Orada əsas məsuliyyət müəllimin deyil, tələbənin üzərinə düşür. Bizim təhsil sistemindən fərqli olaraq, orada müəllim tələbənin dərs oxumasına can yandırmır. Onun işi yalnız dərs haqda məlumat verməkdən ibarətdir. Ətraflı məlumat toplamaq isə tələbənin üzərinə düşür ki, bu da arada rəqabət mühitini yaradır. Kim daha dolğun məlumat toplayıb, yüksək nəticə alacaqsa, o da uğurlu olacaq. Məhz buna görə də tələbə nəticələrinin yüksək olması üçün əlindən gələni edir.

 

 

- Ölkənin ən aparıcı banklarından birində vəzifədəsiz. Kişilərə rəhbərlik etmək necə hissdir?


- Mənim karyeramda işçilər fərqli olub. Mən filial rəhbəri çalışan zaman ilk illərdə bütün kollektiv qadınlardan ibarət idi. Ancaq indi əksinədir. Yalnız bir qadın əməkdaşımız var ki, onu da qorumağa çalışırıq (gülür).

  

 

Hətta vakansiya elan etdiyimiz zaman belə, ilk sözüm "yeni əməkdaş qadın olsun" olur. Ancaq onu da deyim ki, işdə qadın və kişi arasında fərq görmürəm. Məncə bu insanın xarakterindən asılıdır.


- Qadın işçilərinizə qarşı tərəfkeşlik edirsiz?


- Bəlkə bunu kişi əməkdaşlarımız bəyənməyəcək (gülür), ancaq düzünü deyəcəm. Bəli, qadın əməkdaşlarımıza qarşı tərəfkeşlik edirəm. Mən hesab edirəm ki, kişi ilə qadının uğur qazanmaq üçün göstərdiyi səy fərqlidir. Əgər bir qadın da, kişi də saat 9-da çıxıb evə gedirsə, bu, mənim üçün eyni ola bilməz.


Çünki qadının işdən sonra da, əvvəl də məsuliyyəti var. Mən də anayam və həyat yoldaşıyam. Hər gün səhər tezdən durub övladlarımı dərsə hazırlayıb, işə gəlirəm. İşdə də heç nə olmamış kimi gümrah görünməliyəm ki, işin nəticəsi mükəmməl olsun.


Evə gəldikdə isə heç yorulmamış kimi görünmək və daim təbəssüm etmək çox çətindir. Mən bir qadın kimi bunu hiss edirəm. Onu da qeyd edim ki, qadınlardan tələb olunan diqqət və qayğı kişilərdən tələb olunmur.

 

- İşiniz şəxsi həyatınıza mane olmur?


- Çalışıram ki, işim şəxsi həyatıma mane olmasın. Ancaq deyərdim ki, mənim şəxsi həyatımda işimin də rolu var. Həyat yoldaşım da bank sektorunda çalışır və biz tez-tez müzakirələr edir, trendlərdən, yerli və dünya bazarlarında baş verənlərdən danışırıq. Mənə elə gəlir ki, övladlarımız da bizim təhsil və işimizə baxıb ibrət götürürlər. Evə, işə və ailəyə düzgün vaxt ayırmaq üçün "qızıl balansı" tutmaq lazımdır. Bu balansı tutduqdan sonra nə iş ailəyə, nə də ailə işə mane olmayacaq.

 

 

 

- Belə bir deyim var ki, bir qadın üçün ən önəmli vəzifə analıqdır. Bu fikirlə razısız?


- İlk olaraq onu deyim ki, bir ana olaraq daim hər hansı qərar qəbul etdikdə ilk olaraq övladlarım haqda fikirləşirəm. İstəyirəm ki, mənim övladlarım mənimlə qürür duysunlar. Ancaq onu deyə bilərəm ki, qadının xoşbəxt olması üçün daim onu sevən biri yanında olmalıdır. Əgər bu olarsa, onun xoşbəxt ana olmağına da müsbət təsirini göstərəcək. İnsan özünə və ailəsinə əmindirsə, o analığa da təsir edəcək. Mənə elə gəlir ki, qadın ilk olaraq qadın kimi, daha sonra ana kimi, sonda isə işdə xoşbəxt olmalıdır. Bu üç amili birləşdirib, ortaq nötqəni tapmaq lazımdır.

 

- Deyirlər, hər uğurlu kişinin arxasında bir qadın durur. Bəs uğurlu qadının?


- Mənə elə gəlir ki, bu fikir həm qadına, həm də kişiyə aiddir. Bir qadına evdə dəstək mütləqdir. Mənim uğurumun ən böyük səbəbi daim ailəmdən dəstək almağım olub. Mənə elə gəlir ki, bu amil bir qadın üçün çox vacibdir. Həm qadın, həm də kişinin arxasında güclü ailə üzvü olmalıdır ki, o istədiyi uğura nail ola bilsin.

   

- Övladlarınızın da bank sektorunda çalışmasını istərdiz?


- Bir az çətin sualdır. Biz bunu böyük oğlumla çox müzakirə edirik. Niyə də olmasın. Bank sektoru çox maraqlı bir sektordur. Ancaq düşünürəm ki, əsas amil övladımın hansı peşəyə yiyələnməsindən asılıdır. Çünki elə bir peşəyə yiyələnməlidir ki, gələcəkdə də ona tələbat olsun. Bank sektorunda elə şöbələr var ki, 10 ildən sonra onlar avtomatlaşdırılacaq. Bunları nəzərə alaraq seçimimizi düz etməliyik. Hansı ixtisası seçməklərindən asılı olmayaraq, övladlarımın vətənə və millətə xeyirli olmalarını istəyirəm və bu istiqamətdə daim onlarla danışıb, müzakirələr aparırıq.


- Son olaraq uğur qazanmaq istəyən gənc xanımlara nə məsləhət görərdiz?


- Uğur qazanmaq istəyən qadınlara onu deyə bilərəm ki, qarşılarında heç bir maneə görməsinlər. Daim irəli getmək haqda düşünsünlər.

 

 

Mənə elə gəlir ki, qadının uğurunun qarşısını ala biləcək bir güc yoxdur. Qadın daim üzərində işləyib, bird aha təkrarlayım, "ətrafdan nə deyəcəklər" deyə düşünməməlidir. Mütləq öz üzərində işləyib, irəli getməyi düşünməlidir! Uğur qazanmaq üçün öncə istəkli və cəsarətli olmaq lazımdır.


Günel Hüseynli

 

Video: Rüfət Hüseynov


OXŞAR XƏBƏRLƏR

X Mostbet