“Azərbaycanın sədrliyi yeni imkanlar yaradır” – Deputat

“Azərbaycanın sədrliyi yeni imkanlar yaradır” – Deputat
SİYASƏT
13:47 08.10.2026
160
Xəbər verdiyimiz kimi, Azərbaycan 2027-ci ildə Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşünə sədrlik edəcək.

Bu barədə Qırğızıstan Prezidenti Sadır Japarov Avazada keçirilən Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə bildirib. O, Azərbaycanın sədrliyinin birgə fəaliyyətə və qarşılıqlı faydalı əməkdaşlığın inkişafına yeni təkan verəcəyini qeyd edib.

Azərbaycanın bu formata sədrliyi ölkəmizin Mərkəzi Asiya dövlətləri ilə əlaqələrinin inkişafı və regional əməkdaşlıq baxımından mühüm addım kimi qiymətləndirilir.

Mövzu ilə bağlı AZXEBER.COM-a danışan Milli Məclisin deputatı Razi Nurullayev bildirib ki, Azərbaycanın bu formata sədr seçilməsi ölkəmizə olan etimadın göstəricisidir:

"Bu qərar Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə münasibətlərinin son illərdə nə qədər sürətlə dərinləşdiyini göstərən mühüm siyasi göstəricidir. Burada xüsusilə diqqət çəkən məqam üzv dövlətlərin yekdil dəstəyidir. Bu, Azərbaycanın artıq Mərkəzi Asiya ilə əməkdaşlıqda kənar tərəf deyil, regionlararası əlaqələrin fəal iştirakçısı kimi qəbul edildiyini göstərir. Azərbaycanın sədrliyinin qarşıdakı dövr üçün əsas əhəmiyyəti ondan ibarətdir ki, biz bu imkanlardan konkret nəticələr əldə etmək üçün istifadə edə bilərik. Xüsusilə Orta Dəhlizin inkişafı, nəqliyyat və logistika əlaqələrinin genişləndirilməsi, enerji əməkdaşlığı, investisiyaların artırılması və qarşılıqlı ticarətin inkişafı burada mühüm istiqamətlərdir”.
 
 

Razi Nurullayev qeyd edib ki, növbəti Zirvənin Azərbaycanda keçirilməsi də ölkəmizin diplomatik mövqeyi baxımından əhəmiyyətlidir:

"Növbəti Zirvənin Azərbaycanda keçirilməsi də ölkəmizin diplomatik mövqeyi baxımından əhəmiyyətlidir. Bakı artıq yalnız Cənubi Qafqazın deyil, Cənubi Qafqazla Mərkəzi Asiyanı birləşdirən daha geniş əməkdaşlıq məkanının mühüm mərkəzlərindən biri kimi çıxış edir. İndi əsas məsələ bu siyasi etimadı praktiki layihələrə çevirməkdir. Azərbaycanın sədrliyi dövründə qəbul olunacaq təşəbbüslər Mərkəzi Asiya ilə əlaqələrimizin daha da institusional və uzunmüddətli xarakter almasına xidmət edə bilər”.

Fəridə Əsədzadə
OXŞAR XƏBƏRLƏR