Azərbaycan-Vyetnam iqtisadi-ticari əlaqələri ardıcıl şəkildə inkişaf edir.
Bu sözləri Prezident İlham Əliyev Vyetnam Xəbər Agentliyinə (VNA) müsahibəsində deyib.
2025-ci ilin yekunlarına görə, iki ölkə arasında ticarət dövriyyəsinin 150 milyon dollardan artıq olduğunu vurğulayan dövlət başçısı qeyd edib: "Bununla yanaşı, bu göstərici hələ ki, real imkanları əks etdirmir: hər iki tərəf qarşılıqlı ticarətdə əhəmiyyətli artım üçün böyük potensiala malikdir”.
Mövzu ilə bağlı AZXEBER.COM-a açıqlamasında Milli Məclisin üzvü Ceyhun Məmmədov bildirib ki, bu gün Azərbaycanla Vyetnam arasında əlaqələr sürətlə inkişaf edir:
"Bunu iqtisadi müstəvidə də aydın şəkildə görürük. Cənab Prezident Vyetnamın xəbər agentliyinə verdiyi müsahibədə də bu məsələyə toxunub. Artıq iki ölkə arasında ticarət dövriyyəsi 150 milyon manatı ötüb. Təbii ki, cənab Prezidentin də qeyd etdiyi kimi, bizim potensialımız bundan daha böyükdür. Hesab edirəm ki, bu baxımdan əlaqələrimizi daha da inkişaf etdirə bilərik.
Bu gün neft-qaz sahəsində əməkdaşlıq üçün geniş imkanlarımız var. Eyni zamanda, turizm sahəsində də əməkdaşlıq potensialımız böyükdür. Zaman-zaman Vyetnamdan olan tələbələr Azərbaycanda təhsil alırlar. Bu baxımdan, təhsil sahəsində də əməkdaşlıq üçün əla imkanlarımız mövcuddur. Mədəniyyət sahəsində əlaqələrimizi genişləndirmək, eləcə də qarşılıqlı mal mübadiləsini artırmaq üçün də geniş potensial var.
Bütün bunlardan daha önəmli və prioritet məsələ isə iki ölkə arasında əlaqələrin inkişafı üçün siyasi iradənin, siyasi mövqeyin, qətiyyətin və prinsipiallığın mövcud olmasıdır. Eyni zamanda, son vaxtlar həyata keçirilən qarşılıqlı səfərlər, görüşlər, rəsmi təmaslar, cənab Prezidentlə Vyetnam Prezidenti arasındakı əlaqələr və müxtəlif istiqamətlərdə əməkdaşlığımız bu prosesə ciddi və mühüm töhfə verir”.
Aynur Babazadə











































