Akademik Nizami Cəfərov Bakı Dövlət Universitetinin (BDU) müəllimi Nərman Qocatürkün müdafiəsi üçün Prezident İlham Əliyevə müraciət edib. Müraciət Qocatürkün ölümündən sonra ictimaiyyətə açıqlanıb.
Akademikin müraciətinin mətni noyabrın 19-da "Ədəbiyyat və incəsənət” portalında yayımlanıb.
Nizami Cəfərov dövlət başçısına ünvanladığı məktubda uzun illər tanıdığı, vaxtilə tələbəsi olmuş Nərman Qocatürkə qarşı sosial şəbəkələrdə qarayaxma kampaniyası aparıldığını bildirib.
Akademik qeyd edib ki, Nərman Qocatürk ömrünü elmə, təhsilə və milli-mənəvi dəyərlərə həsr etmiş ziyalı, çoxsaylı elmi məqalə və monoqrafiyaların müəllifidir.
O, Qocatürkün "Xızır”, "Biz türklərik, Tanrımız Göy qübbəsi”, "Kökün yaddaş kitabı”, "İlham Əliyev: İpək yolu sivilizasiyası Azərbaycan diplomatiyası”, "İslam mədəniyyətində sufizm” kimi kitablarının rəyçisi və elmi redaktoru olduğunu bildirib.
Akademik vurğulayıb ki, bu elmi əməkdaşlıq ona Nərman Qocatürkü daha yaxından tanımaq imkanı verib.
Müraciətdə qeyd olunur ki, Qocatürk uzun illər Bakı Dövlət Universitetinin Sosial elmlər və psixologiya fakültəsinin Fəlsəfə tarixi və mədəniyyətşünaslıq kafedrasında dosent kimi çalışıb, "Fəlsəfə tarixi” və "İslam fəlsəfəsi” fənlərini tədris edib.
Nizami Cəfərov son vaxtlar bəzi sosial şəbəkə səhifələri və xəbər saytlarında müəllim haqqında yayılan ittihamlardan ciddi narahatlığını ifadə edib:
"Son zamanlar sosial şəbəkələrdə kimlərsə məqsədli şəkildə onun şərəf və ləyaqətinə xələl gətirmək məqsədilə ona qarayaxma kampaniyasına başlamışlar”.
Akademik müraciətində konkret olaraq "Tələbə mediası”, "7 news” və "Arqument.az”ın adlarını çəkərək həmin platformalarda səsləndirilən ittihamların əsassız olduğunu bildirib.
Nizami Cəfərov müəllimə qarşı psixoloji təzyiqin bütövlükdə cəmiyyət üçün təhlükəli olduğunu vurğulayıb:
"Bir insana, xüsusən də gənclərə xitab edən müəllimə belə psixoloji basqı etmək cəmiyyət üçün yolverilməzdir. Ona qarşı yönələn ittihamlar heç bir həqiqətə sığmır. Göstərilən arqumentlər məqsədli şəkildə əsassızdır”.
Akademik Prezident İlham Əliyevin ədalətinə inandığını bildirərək məsələnin obyektiv həllini tapacağına ümid etdiyini vurğulayıb:
"İnanıram ki, çox qısa zamanda böhtan xarakterli bu məlumatlar öz obyektiv həllini tapacaq”.
Lakin akademikin müdafiəsinə qalxdığı Nərman Qocatürk artıq həyatda deyil.
Noyabrın 18-də Bakı Dövlət Universitetinin müəllimi Nərman Qocatürkün yaşadığı evdə meyiti aşkarlanıb. Onun özünə qəsd etməsi barədə məlumatlar yayılıb. Hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
Qocatürkün həyat yoldaşı, jurnalist Şərəf Cəlili isə ərinin ölümü ilə bağlı diqqətçəkən açıqlama verib.
"O, bir rektorun qurbanı oldu”, – deyə Şərəf Cəlili bildirib.
Jurnalist daha sonra "Sərəncama diqqət edin, bu barədə sonra açıqlama olacaq” sözlərini yazıb.
Qeyd edək ki, noyabrın 19-da Prezident İlham Əliyevin sərəncamı ilə Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev vəzifəsindən azad edilib.
Bununla belə, rektorun vəzifədən azad olunmasının Nərman Qocatürkün ölümü ilə əlaqəli olduğuna dair rəsmi məlumat yoxdur. Həyat yoldaşının səsləndirdiyi ittiham da araşdırılmalı olan iddiadır.
Diqqətçəkən məqam isə akademik Nizami Cəfərovun müraciətinin Nərman Qocatürkün ölümündən sonra yayımlanmasına baxmayaraq, mətnin məzmunundan onun faciədən əvvəl qələmə alındığının anlaşılmasıdır.
Xüsusilə akademikin "İnanıram ki, çox qısa zamanda böhtan xarakterli bu məlumatlar öz obyektiv həllini tapacaq” sözləri bunu deməyə əsas verir.
Görünür, Nizami Cəfərov keçmiş tələbəsinə qarşı aparıldığını bildirdiyi kampaniyanın dayandırılacağına və məsələnin ədalətli həllini tapacağına ümid edirmiş.
Lakin həmin müraciət ictimaiyyətə çatanda artıq Nərman Qocatürk həyatda deyildi.











































