Bakıda 11, 12 və 13 yaşlı üç azyaşlının skuterdən istifadə zamanı yol hərəkəti qaydalarını kobud şəkildə pozması kameraya düşüb.
AZXEBER.COM xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Nazirliyin yaydığı görüntülərdə üç azyaşlının sutkanın qaranlıq vaxtında paytaxtda intensiv hərəkətin müşahidə olunduğu yollarda bir skuterdə hərəkət etdiyi görünür. Onlar əks istiqamətdə hərəkət edib, svetoforun qırmızı işığında keçiblər.
Azyaşlılar yolda təhlükəli manevrlər edərkən skuterdə olan sərnişinlərdən biri hərəkət hissəsinə yıxılıb. Xoşbəxtlikdən, onların təhlükəli hərəkətləri bu dəfə yol-nəqliyyat hadisəsi ilə nəticələnməyib.
DİN bildirir ki, görüntülər uşaqların yol hərəkəti qaydalarını bilməsi ilə yanaşı, həmin qaydalara əməl etməsinə valideyn nəzarətinin də vacibliyini göstərir.
Qeyd olunub ki, kiçik elektrikli nəqliyyat vasitəsini idarəetmə hüququ 14 yaşdan başlayır.
Nazirlik valideynlərə övladlarına skuterdən istifadə zamanı yol hərəkəti qaydalarına əməl etməyin vacibliyini izah etməyi, svetofor siqnallarına riayət etməyin, əks istiqamətdə hərəkət etməməyin və təhlükəli manevrlərdən çəkinməyin zəruriliyini diqqətə çatdırmağı tövsiyə edib.











































