Bakıda restoranlarda 10–15 faiz servis haqqı - Ödəməliyik, yoxsa şikayət etməliyik?

Bakıda restoranlarda 10–15 faiz servis haqqı - Ödəməliyik, yoxsa şikayət etməliyik?
ÖZƏL
14:20 22.06.2026
861
Bakıda fəaliyyət göstərən bəzi restoranlarda ümumi hesabdan əlavə olaraq 10 faiz və daha çox servis haqqının tutulması müştərilər arasında narazılıq yaradır. Bəzi məkanlarda bu barədə əvvəlcədən məlumat verilsə də, bəzi hallarda müştərilər əlavə ödənişdən yalnız hesab təqdim ediləndə xəbər tutur.

İstehlakçıların əvvəlcədən məlumatlandırılmadan ümumi hesaba əlavə edilən 10–15 faiz servis haqqı ilə bağlı narazılıqları istehlakçı hüquqları məsələsini gündəmə gətirir.

Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov AZXEBER.COM-a açıqlamasında bildirib ki, çekdə ayrıca göstərilən servis haqqı qanuni hesab olunur.

"Əgər çekdə servis haqqı ayrıca göstərilirsə, bu tələb qanuni sayılır və həmin məbləğdən vergi tutulur. Sahibkar isə bu vəsaitdən necə istifadə etməkdə sərbəstdir. Lakin kassa çeki təqdim edilmədən əlavə servis haqqı tələb olunursa, bu, hüquqi baxımdan düzgün hesab edilmir”, - deyə o bildirib.


E.Hüseynov qeyd edib ki, son illər Azərbaycanda bu praktikanın geniş yayıldığı müşahidə olunur:

"Bir çox müəssisələrdə servis haqqı tətbiq edilir. Bəzi yerlərdə buna hətta "çay pulu” da deyilir”.

Ekspertin sözlərinə görə, xidmət haqqı müştəriyə əvvəlcədən açıq şəkildə bildirilməlidir:

"Əgər əlavə xidmət haqqı tələb edilirsə, bu, menyuda və ya digər formada əvvəlcədən göstərilməlidir. Müştərinin son anda məlumatlandırılması düzgün deyil”.

O əlavə edib ki, bəzi ölkələrdə servis haqqı geniş tətbiq olunan sistemdir. Azərbaycanda da biznes subyektlərinə bu sahədə müəyyən sərbəstlik verilib, lakin bu imkanlardan sui-istifadə halları da müşahidə olunur.

E.Hüseynov bəzi restoranlarda əlavə xidmətlərin, o cümlədən canlı musiqi və digər proqramların servis haqqı üçün əsas kimi göstərildiyini bildirib. Lakin heç bir əlavə xidmət olmadan bu ödənişin tələb edilməsi mübahisə doğura bilər.

O həmçinin son dövrlər kassa çeklərində mübahisəli qeydlərlə bağlı iddialara da toxunub və bildirib ki, istehlakçılar bu kimi hallarla bağlı Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə müraciət edə bilərlər.

Şəhanə Ziyad
OXŞAR XƏBƏRLƏR