Bakıda tıxac həyəcanı: “15 sentyabrdan sonra vəziyyət daha da ağırlaşacaq”

Bakıda tıxac həyəcanı: “15 sentyabrdan sonra vəziyyət daha da ağırlaşacaq”
SOSİAL
14:17 04.09.2026
108
Dərs ilinin başlamasına sayılı günlər qalmış Bakının bəzi küçə və prospektlərində nəqliyyat sıxlığı müşahidə olunur. Şəhərdə tıxacların artıq indidən artması "məktəblər və universitetlər fəaliyyətə başladıqdan sonra vəziyyət necə olacaq?” sualını gündəmə gətirir. Bəs hazırkı sıxlığın əsas səbəbləri nələrdir və dərslərin başlaması ilə paytaxt yollarında vəziyyət daha da ağırlaşa bilərmi?

Nəqliyyat eksperti Rauf Ağamirzəyev AZXEBER.COM-a açıqlamasında deyib ki, hər bir tıxacın müxtəlif səbəbləri var:

"Şəhərdə ümumiyyətlə hər bir tıxacın müxtəlif səbəbləri ola bilər. Burada bir tərəfdən yol tikintisi, təmir, yolun birbaşa bağlanması, avtomobillərin nasaz vəziyyətdə olması, şəhərdə ümumi avtomobilləşmənin faizi, hərəkətlilik kimi amillər rol oynaya bilər. Digər tərəfdən, hazırda nəqliyyatın transformasiyası baş verir, müvafiq layihələr icra olunur. Məsələn, metro qovşaqlarının ayrılması layihəsi ümumən yerüstü nəqliyyata təsir edir.

Ümumən formalaşmış vərdişlər var və bunlardan dolayı sıxlıq və tıxac yaranır. Məsələn, məktəblərin başlanması ilə hər il 15 sentyabrda, vəziyyət necə olmasından asılı olmayaraq, sıxlıq olurdu”.

O qeyd edib ki, əgər yolun asfalt örtüyü dəyişirsə, asfaltlama zamanı ən azı iki zolaq hərəkətli olmalıdır:

"Söhbət ondan gedir ki, bu sıxlığa qarşı bizim alternativlərimiz nədir və cəmiyyət olaraq biz nə etməliyik ki, daha az sıxlıq yaransın?
Düşünürəm ki, müvafiq olaraq işlər görülməli, aidiyyəti qurumlar- yəni yolu tikən və təmir edən qurumlar bunu mərhələli şəkildə icra etməlidirlər. Yəni əgər yolun asfalt örtüyü dəyişirsə, asfaltlama zamanı ən azı iki zolaq hərəkətli olmalıdır. Sonra asfaltlandıqdan sonra hərəkəti yenilənmiş zolaqlara yönləndirməklə, digər istiqamətdə təmir işləri görülməlidir. İkinci məsələ, yol tikilirsə, şəhər mühitində bu müddət müxtəlif səbəblərdən uzana bilər. Yəni maliyyə səbəbindən və hər hansı texniki səbəbdən kommunikasiyaların köçürülməsi və digər bu kimi səbəblərdən tikilən yolun alternativ servisi olmalıdır. Məhdud buraxıcılıq qabiliyyəti ilə hökmən alternativi olmalıdır”.

Ekspert deyib ki, müvafiq olaraq səfərlərimizin bir hissəsini hibrid varianta keçirməliyik:

"Digər tərəfdən, ictimai nəqliyyatın üstünlüyünü təmin edən zolaqlar şəbəkəsi genişləndirilməli və sürücülər də bunu anlayışla qarşılamalıdırlar. Həmçinin müvafiq olaraq səfərlərimizin bir hissəsini hibrid varianta keçirməliyik. Yəni məcburi olaraq avtomobillə kimsə gəlirsə, müəyyən məsafəyə qədər gəlib, ondan sonra ictimai nəqliyyatdan istifadə etməsi yenə də mümkün təsirləri azalda bilər. Düşünürəm ki, müəyyən layihələri daha da sürətli icra etmək lazımdır. 

Burada dövlət proqramında olan piyada infrastrukturunun abadlaşdırılması, həmçinin bu qısa piyada marşrutlarını formalaşdıran zebralı işıqforların, keçidlərin sayını artırmaq lazımdır ki, insanlar şəhərin daxilində qısa məsafədə piyada hərəkət edə bilsinlər. Yəni avtomobildən, avtobusdan, mikromobillik vasitələrindən, taksidən düşəndən sonra biz hamımız piyadayıq və bu piyada hərəkət etmək üçün onun önündəki bütün baryerlər aradan qaldırılmalıdır. Və qısa marşrut formalaşdırmaq üçün işlər görülməlidir ki, istənilən tıxaca alternativ olsun”.

"Tıxac böyük şəhərlərdə gözlənilən haldır. Amma əsas sual bizim alternativimiz varmı, biz hansı məsafəyə nə ilə hərəkət edirik və niyə hərəkət edirik?
Bu sualların cavabı da yenə alternativ olandan sonra insanların hər məsafəyə uyğun olaraq hansı nəqliyyat vasitəsinə üstünlük verəcəyini müəyyənləşdirəcək”,-deyə nəqliyyat eksperti bildirib.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR