Bank kartında pul saxlamaq təhlükəlidirmi? - Ekspert riskləri açıqladı

Bank kartında pul saxlamaq təhlükəlidirmi? - Ekspert riskləri açıqladı
İQTİSADİYYAT
16:39 28.10.2026
222
Müasir dövrdə nağd puldan istifadə getdikcə azalır, rəqəmsal ödənişlər və bank kartları isə gündəlik həyatımızın ayrılmaz hissəsinə çevrilir. Bank kartları sürətli və rahat ödəniş imkanı yaratsa da, vətəndaşların maliyyə təhlükəsizliyi ilə bağlı müəyyən narahatlıqları qalmaqdadır. Xüsusilə son dövrlərdə kart məlumatlarının oğurlanması və onlayn dələduzluq hallarının gündəmə gəlməsi bu məsələni daha da aktuallaşdırır.

Bəs bank kartında pul saxlamaq həqiqətən təhlükəlidirmi? Dələduzlar vətəndaşların pullarını hansı üsullarla ələ keçirirlər və bundan qorunmaq üçün nələrə diqqət edilməlidir?

Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası İctimai Birliyinin eksperti, Xəzər Universitetinin İT departamentinin rəhbəri Fərid Musayev AZXEBER.COM-a açıqlamasında bildirib ki, əsas təhlükə bank sisteminin özündən deyil, istifadəçilərin şəxsi məlumatlarının ələ keçirilməsindən qaynaqlanır:

"İlk növbədə bir anlayışı dəqiqləşdirməliyik. Bank sisteminin özündə baş verən dələduzluq nəticəsində pul itirmək ehtimalı statistik baxımdan olduqca aşağıdır. Əsas təhlükə istifadəçinin şəxsi məlumatlarının oğurlanmasıdır. Dələduzlar birbaşa kartın özünə deyil, onunla bağlı PIN kod, CVV, kart nömrəsi və birdəfəlik təsdiqləmə kodları kimi məlumatlara hücum edirlər”.

Ekspertin sözlərinə görə, kiberdələduzlar vətəndaşların bank məlumatlarını ələ keçirmək üçün müxtəlif üsullardan istifadə edirlər:

"Ən geniş yayılmış üsullardan biri fişinqdir. Bu zaman vətəndaşlara bank adından saxta mesajlar və elektron məktublar göndərilir. Məsələn, ‘Bank hesabınızda şübhəli əməliyyat aşkarlanıb, dərhal bu linkə daxil olun’ məzmunlu bildirişlərlə istifadəçilər saxta saytlara yönləndirilirlər. Həmin saytlara daxil edilən məlumatlar birbaşa dələduzların əlinə keçir.

Digər üsul sosial mühəndislikdir. Bu zaman dələduzlar özlərini bank əməkdaşı, polis və ya rəsmi qurum nümayəndəsi kimi təqdim edərək vətəndaşlara zəng edirlər. Onlar insanları təşvişə salaraq təhlükəsizlik bəhanəsi ilə kart məlumatlarını və SMS təsdiqləmə kodlarını əldə etməyə çalışırlar.

Bundan başqa, bankomatlara və ödəniş terminallarına xüsusi qurğular yerləşdirilməsi yolu ilə kart məlumatlarının oğurlanması, eləcə də telefon və kompüterlərə zərərli proqramların yüklənməsi də geniş istifadə edilən üsullardandır”.

Fərid Musayev bildirib ki, bank kartlarında saxlanılan vəsaitlərin təhlükəsizliyini təmin etmək üçün istifadəçilər bir sıra vacib qaydalara əməl etməlidirlər:

"İlk növbədə, heç bir halda kartın arxasındakı üçrəqəmli CVV kodunu və telefona göndərilən SMS təsdiqləmə kodunu başqalarına vermək olmaz. Bank əməkdaşları bu məlumatları müştərilərdən tələb etmirlər. Həmçinin PIN kodu kartın üzərində və ya telefonun qeydlər bölməsində saxlamaq təhlükəlidir.

Vətəndaşlara bank tətbiqləri vasitəsilə gündəlik və aylıq internet alış-verişi limitləri müəyyən etməyi tövsiyə edirəm. Bu, mümkün dələduzluq zamanı maddi itkilərin məhdudlaşdırılmasına kömək edə bilər. Eyni zamanda, internet alış-verişlərində əsas maaş kartından deyil, üzərində az məbləğ saxlanılan virtual kartlardan istifadə etmək daha məqsədəuyğundur”.

Ekspert əlavə edib ki, texniki təhlükəsizlik tədbirləri də xüsusi əhəmiyyət daşıyır:

"Bank tətbiqlərində və elektron poçt hesablarında ikiaddımlı təsdiqləmə aktiv edilməlidir. Mobil bank tətbiqləri yalnız ‘App Store’ və ‘Google Play’ kimi rəsmi platformalardan yüklənməlidir. İctimai yerlərdə, xüsusilə kafe və hava limanlarında açıq Wi-Fi şəbəkələri üzərindən bank əməliyyatları aparmaqdan çəkinmək lazımdır. Mümkün olduqda mobil internetdən istifadə etmək daha təhlükəsiz seçimdir”.

Fərid Musayev vurğulayıb ki, bank kartında pul saxlamaq özlüyündə təhlükəli deyil, əsas risk istifadəçilərin diqqətsiz davranışlarından yaranır:

"Rəqəmsal dünyada ən yaxşı müdafiə vasitəsi yalnız texnologiya deyil, həm də istifadəçinin məlumatlı olmasıdır. Şübhəli mesajlara qarşı ehtiyatlı davranmaq, tələsməmək və hər hansı əməliyyatdan əvvəl məlumatı doğruluğunu bankın rəsmi kanalları vasitəsilə yoxlamaq vacibdir”.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR