Mövzu ilə bağlı bank eksperti Emin Kərimov Demokrat.az-a bildirib ki, sorğulanma üçün SİMA-dan keçməsi tələb olunur:
"Yəni razılıq olmadan bu mümkün deyil. Ola bilər ki, hansısa formada saxtakarlığa məruz qalaraq müəyyən məlumatlar əldə edilsin. Amma yenə də bank və ya Bank Olmayan Kredit Təşkilatı (BOKT) tərəfindən müştəri şəxsən görülmədən, onun rəsmi razılığı alınmadan, SİMA-dan keçmədən, yəni identifikasiya aparılmadan, həmçinin şəxsiyyət vəsiqəsi məlumatları təsdiqlənmədən kredit verilə bilməz".
Emin Kərimovun sözlərinə görə, şəxsin xəbəri olmadan kredit limitinin artırılması mümkündür:
"Məsələn, sizin hər hansı bankda 1000 manatlıq kart limitiniz var. Ondan yaxşı istifadə etdiyinizə, ödənişləri vaxtında etdiyinizə və etibarlı müştəri olduğunuza görə, müştəri reytinqiniz artdıqca bank həmin limiti 1500, 2000, hətta 2500 manata qədər yüksəldə bilər. Adətən limit artırıldıqdan sonra sizə bildiriş göndərilir ki, yaxşı ödəyici olduğunuza görə limitiniz artırılıb. Bu formada müştərinin razılığı və xəbəri olmadan limit artırılması mümkündür. Son illərə qədər bunu əsasən banklardan biri tətbiq edirdi, indi isə deyəsən dayandırıb. Yəni bu cür hallara praktikada rast gəlinir. Amma şəxsin icazəsi və razılığı olmadan nağd kredit verilməsi mümkün deyil".
Maliyyə bazarında kibertəhlükəsizlik tədbirləri gücləndirilsə də, vətəndaşların şəxsi rekvizitlərini və rəqəmsal imza şifrələrini kənar şəxslərlə paylaşmaması əsas təhlükəsizlik şərti olaraq qalır. Rəqəmsal identifikasiya sistemləri bankların müştəri icazəsi olmadan öhdəlik yaratmasını hüquqi cəhətdən tamamilə qeyri-mümkün edir.
Yəni, vətəndaşın rəsmi razılığı, şəxsiyyət vəsiqəsi və SİMA ilə rəqəmsal təsdiqi olmadan adına heç bir nağd kredit verilə bilməz, lakin yaxşı ödəniş etdiyi üçün banklar mövcud kredit kartının limitini müştəriyə əvvəlcədən xəbər vermədən artıra bilər.











































