Baqrat Qalstanyan Paşinyanı məhkəməyə verdi – erməni jurnalistdən sərt ittihamlar

Baqrat Qalstanyan Paşinyanı məhkəməyə verdi – erməni jurnalistdən sərt ittihamlar
SİYASƏT
11:15 08.07.2026
950
Ermənistan Apostol Kilsəsinin arxiyepiskopu Baqrat Qalstanyan Baş nazir Nikol Paşinyan barəsində məhkəməyə müraciət edib. Datalex məhkəmə informasiya sistemində yerləşdirilən məlumata görə, arxiyepiskop baş nazirin iyunun 11-də səsləndirdiyi bəyanatın ictimai şəkildə təkzib olunmasını tələb edir.

İddiaya əsasən, söhbət Paşinyanın hakim "Vətəndaş Müqaviləsi” Partiyasının səslərinin "100 faiz üzvi (təbii) səslər” olduğunu, digər siyasi qüvvələrin isə səsləri seçicilərə rüşvət verməklə topladığını bildirməsindən gedir. Baqrat Qalstanyan hesab edir ki, həmin bəyanat başqa siyasi qüvvəyə səs vermiş seçici kimi onun şərəf və ləyaqətinə toxunur və böhtan xarakteri daşıyır.

Arxiyepiskop məhkəmədən dövlət rüsumunun Paşinyandan tutulmasını, həmçinin mənəvi ziyana görə 49,7 dram məbləğində kompensasiyanın ödənilməsini də tələb edib.

Tanınmış erməni bloger və jurnalist Natali Aleksanyan AZXEBER.COM-a açıqlamasında deyib ki, sözügedən məsələ ilə bağlı son qərarı məhkəmə verəcək:

"Şərəf və ləyaqətdən danışmazdan əvvəl Baqrat Qalstanyan ilk növbədə öz həyat yoluna nəzər salmalıdır. O,  özünə bir sadə sual verməlidir ki, kilsə xadiminin siyasi mübarizəyə qarışmağa və siyasi proseslərdə fəal iştirak etməyə ümumiyyətlə haqqı varmı? Ermənistan Respublikası demokratik dövlətdir, diktatura deyil. Buna görə də hər bir vətəndaş, o cümlədən Baqrat Qalstanyan Konstitusiyaya əsasən məhkəməyə müraciət etmək hüququna malikdir. Heç kim onu bu hüquqdan məhrum edə bilməz. Lakin iddia ərizəsinin verilməsi hələ məhkəmənin irəli sürülən tələbləri təmin edəcəyi anlamına gəlmir. Son qərarı yalnız məhkəmə verəcək”.


O qeyd edib ki, bu məhkəmə prosesinin yekununda Baqrat gülünc vəziyyətə düşə bilər:

"Bu məhkəmə prosesinin yekununda Baqrat Qalstanyan kifayət qədər çətin və hətta gülünc vəziyyətə düşə bilər. Çünki yaxın günlərdə onun fəaliyyəti və müxtəlif proseslərdə iştirakı ilə bağlı bir sıra faktları açıqlamağı planlaşdırıram”. Həmçinin ictimaiyyətə fotoşəkillər və digər materiallar təqdim edəcəyəm. Mənim qənaətimə görə, bu materiallar son illərdə Erməni Apostol Kilsəsində baş verənlərlə bağlı ciddi suallar doğurur. Hesab edirəm ki, hazırkı rəhbərlik dövründə Kilsəyə ciddi ziyan dəyib və buna görə məsuliyyəti II Qaregin də daşıyır”.

Erməni jurnalist bildirib ki, klublarda vaxt keçirən Baqratın şərəfdən danışması gülüncdür:

"Paylaşımlarımda bəzi yüksək vəzifəli kilsə xadimlərinin öz mənəvi missiyalarından uzaqlaşaraq siyasi proseslərə necə cəlb olunduqları barədə də mövqeyimi açıqlayacağam. Bu kontekstdə məhz həmin şəxslərin şərəf, ləyaqət və mənəvi dəyərlərdən danışması xüsusilə qəribə görünür. Əminəm ki, məhkəmə işi yalnız qanun və təqdim olunan sübutlar əsasında araşdırılacaq. Cəmiyyət isə dərc edilən faktlara və hər kəsin davranışına öz qiymətini verəcək.

Subaylıq andına sadiq qalmalı olan gecə klubunda vaxt keçirir. Bu gün isə məhz o, şərəf və ləyaqətdən danışır. Bu isə yalnız gülüş doğurur”.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR