BBC-nin apardığı araşdırma Hindistanda "Instagram" platformasında uşaq istismarı ilə bağlı məzmunun reklam şəklində yayımlandığını ortaya çıxarıb.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, araşdırmaya görə, platformada yayımlanan bəzi videolarda uşaqların cinsi istismarına dair ifadələr yer alıb və istifadəçilər cəmi 99 rupi (təxminən 1,04 ABŞ dolları) müqabilində bu məzmunları əldə edə biləcəkləri "Telegram" kanallarına yönləndirilib.
BBC-nin məlumatına əsasən, istifadəçi bu tip materialları axtarmasa belə, "Instagram" ona cinsi xarakterli və ya cinsi məzmunlu paylaşımlar tövsiyə edib. Bunu yoxlamaq üçün media qurumu heç bir cinsi məzmun paylaşmayan saxta hesab yaradıb.
Bir həftə ərzində həmin hesaba əvvəlcə cinsi xarakterli videolar, daha sonra isə uşaqların cinsi istismarına yönəldən "Telegram" kanal linkləri olan reklamlar göstərilib.
Araşdırmada qeyd olunur ki, "Instagram" üzərində reklamlar yalnız platformanın təsdiqindən sonra yayımlana bilir. BBC reklamların birini platformaya şikayət etsə də, "Instagram" bunun icma qaydalarını pozmadığını bildirib.
Daha sonra məsələ Meta şirkətinə çatdırılıb. Şirkət sözügedən reklamlardan bəzilərinin silindiyini və onları yayan hesabların bloklandığını açıqlayıb.
"Telegram" isə 2026-cı il ərzində uşaq istismarı məzmunu yaydığına görə 274 min qrup və kanalın bağlandığını bildirib.
Gülay










































