BDU-dan qovulan tələbə AZXEBER.COM-a danışdı (EKSKLÜZİV-MÜSAHİBƏ)

GƏNCLİK
10:07 16.04.2011
3713

Bunu mətbuata açıqlamasında BDU mətbuat xidmətinin rəhbəri Pərvanə İbrahimova bildirib. Amma Cavid bununla razılaşmır.

Mehrəliyev bütün bu məsələlərlə bağlı AZXEBER.COM portalına geniş müsahibə verib. Müsahibəni bəzi ixtisarlarla təqdim edirik.

- Zəhmət olmasa, oxuculara bir az özün haqda məlumat ver

- Mən Cavid Mehrəliyev (mətbuatda çox zaman Yolbay Uranqan imzasıyla tanınmışam) Klassik Xalq Cəbhəsi Partiyası və Avropa Hərəkatının üzvüyəm. Bu günə qədər ölkəmizdə baş verən ictimai-siyasi hadisələrdə aktiv olmuş, mətbuatda daim çıxış etmiş, müxalifət düşərgəsinin və özəlliklə də, mənsub olduğum partiyanın keçirdiyi bütün tədbirlərdə, kütləvi aksiyalarda, mitinqlərdə, yürüşlərdə aktiv iştirak etmişəm, dəfələrlə polis tərəfindən saxlanılmışam. Siyasi fəaliyyətimə görə bu illər ərzində iki dəfə, ən sonuncusunu da üstünə gəlsək,  üçüncü dəfədir ki, universitetdən qovuluram. Bir həftə öncəyə qədər BDU-nun tələbəsi idim. Tarix fakültəsində oxusam da, ixtisasca rəssamam. 

- Necə oldu ki, BDU Tarix fakultəsini seçdin?

- Az öncə qeyd etdim ki, ixtisasca rəssamam və onu da deyim ki, beş il bununla bağlı təhsil almışam. Sadəcə Tarix fakültəsini seçməyimin əsasə səbəbi Azərbaycanımız üçün daha çox iş görmək, tariximizə, tarixçiliyimizə faydalı bir şəxs olmaq idi. Açığını deyim ki, mənim ən birinci məqsədim qədim alban yazılarını oxumaq idi. Düzdür, "Dünyanın işi bəlli olmaz" deyərlər. Həyat məni alban yazılarına yox, qədim Orxon-Yenisey və Şumer mixi yazılarına gətirib çıxardı... Orxon-Yenisey yazıları haqqında orta məktəbdən anlayışım olsa da, tələbəlik illərində bu sahədə daha çox çalışdım və özümü gəlişdirdim. Yəni təkcə əlifbanı deyil, dilini də öyrəndim. Bununla yanaşı, təbii ki, ümumtürk dil qanunlarını, fonetik, morfoloji, leksik tərkibini mənimsədim. Sonra şansım elə gətirdi ki, bir gün təsadüfən dəyərli aydınımız Firudin Ağasıoğlu ilə rastlaşdım və tanış oldum (ömrümün sonuna qədər o adama minnətdaram). Bizim ilk tanışlığımız mübahisə ilə başladı, dostluqla bitdi. Firudin Xoca mənim fikirlərimlə tanış olduqdan sonra qədim Şumer yazılarını, əlifbasını və dilini öyrənməyimi məsləhət gördü. Çox sağ olsun, gözəl-gözəl kitablarla təmin etdi. Bilmirəm onun etimadını nə dərəcədə doğrultdum, amma indiyə qədər bir neçə oxunmamış kitabə oxumuşam, dilimizdə bu günə qədər ilişib qalan Şumer sözləri ilə bağlı yazılar yazmışam, qısası bu sahə üzrə bir neçə elmi məqalə yazmışam. Bu yöndə fəaliyyəti daha da genişləndirmək bir az vaxt və imkanlar baxımından çətindir. Nəzərə alın ki, bundan öncəki dəfə universitetdən xaric edildiyimdə kursda qalmış və Abel Məhərrəmov səhər saat 9-un yarısından axşam 6-ya qədər mənə dərs kəsmişdi. Fiziki baxımdan buna davam gətirmək çox çətin idi bununla yanaşı, vaxtımı digər şeylərə ayırmağın mümkünsüz idi. Düzdür, özümü mixi yazılar sahəsində mütəxəssis hesab etmirəm, ama təvazökarlıqdan uzaq da olsa bunu qeyd etməliyəm ki, bu səviyyədə olsa da bu sahədə başqa bir uzman yetişməyib və yetişməkdə də deyil. Şumer tarixi ilə bağlı yazılar başqa, amma hələlik bu günə qədər rəhmətlik Mirheydər Mirzəyevdən başqa Şumer mətnləri üzərində, mixi yazılarla başqa bir nəfər də olsa çalışmayıb. Di gəl ki, mənim Tarix fakültəsində oxumaq haqqım yoxdur!... Bu yalnız analoqu olmayan, "ataloq"unu itirmiş bir ölkədə ola bilər. Azərbaycanda elmdən, özəlliklə Tarix elmindən danışmağa dəyməz!...

- Təhsil müddətində sənə qarşı ayrı-seçkilik halları olurdumu?

- Ooo çox.... Dediyim kimi, qədim mixi yazılarla bağlı yazdığım məqalələri fakültənin elmi jurnalında dərc etdirmək istəsəm də, bu heç vaxt mümkün olmamışdır. Hansı ki, bu sahədə indiyə qədər heç kəs bir məqalə yazmamış, heç kəs bir kitabə oxumamışdı.... Onlar bu hadisəyə sevinməkdənsə, mənə qarşı paxıllıq, ayrı-seçkilik, pataloji nifrət göstərdilər. Mənim isə vecimə deyil. Canları cəhənnəmə.... Getsinlər saralmış vərəqlərdən Marksla Engelsin yazılarını oxusunlar... Məsələn, bir müəllim var ki, mən ona ömrüm boyu nifrət edəcəm. O həmişə məhz mənə əziyyət vermək, incitmək üçün bizim qrupu götürürdü. O müəllim bizim dekanın köhnə qrup yoldaşıdır. Məsələn, bütün uşaqlardan dərsləri səthi soruşsa da, məndən bütün Polineziya qəbilələrinin adını bir-bir soruşurdu. Məlumat üçün deyim ki, təkcə Mikroneziyada tayfa və qəbilələrin sayı 2000-dən çoxdur! O ki qaldı Polineziyaya, bu ərazi Mikroneziyadan azı beş dəfə böyükdür. Həmişə müxtəlif bəhanələrlə mənə digər uşaqlardan çox imtahan təyin edirdilər. Örnək, son semestrdə məni ordan yenə də qovmaq üçün 7 imtahan təyin etdilər, amma mən hamısını verdim. İmtahanla kəsmək mümkün olmadığına görə Abel Məhərrəmov mənimlə “qaib” oyunu oynamağa başladı ki, bu oyunun hakimi də elə Sani Hacıyev idi..

- Müxalifətçi olduğuna görə müəllimlər səni sıxışdırırdılarmı?

- Xeyr. Müəllimlər və tələbələrdən çox razıyam. Müəllimlərin yarıdan çoxunu öz valideynim, böyük qardaşım, bacım kimi, tələbələri də öz doğma bacı-qardaşlarım kimi sevmişəm. Onlar da həmçinin. Dediyim kimi, bircə Asiya və Afrika tarixindən bizə dərs deyən Qismət müəllimdən başqa bütün müəllimlər mənə qarşı xoş davranmış, hətta müxalifətçi olduğuma görə hörmət etmişlər. O Qismət müəllimə gəlincə, onu qəddarlığına, insanlıqdan kənar davranışlarına, hərəkətlərinə görə bütün tələbələr tanıyır. Təsəvvür edin ki, bu müəllimin sayəsində 20 yaşında əsəblərim pozulmuş və bir dəfə müalicə olunmuşam. Qəribə adam idi, hər hansı bir qaba hərəkətinə, davranışına qarşı çıxan kimi deyirdi ki “mən hərbçiyəm!”. Ay kişi, hərbçisən get orduya daa... Allah elə insafsız, qəddar, diktator təfəkkürlə yoğrulmuş insanları ordumuzdan da uzaq etsin..... O məni çox sıxışdırdı. Demək olar ki, tələbəlik illərimin ən dözülməz anları, ən xatırlamaq istəmədiyim zamanlar onun dərsləri, onunla üzləşdiyim anlardır..

- 2 aprel mitinqindəki iştirakından fakültə rəhbərliyinin xəbəri var idimi?

- Bunu dəqiq deyə bilmərəm, ama onlar mənim heç bir mitinqdən geri qalmadığımı yaxşı bilirlər. 11 və 12 mart mitinqlərindən öncə də məni çağırıb xəbərdarlıq etmiş, problem bununla da bitmişdir. Çünki iki-üç gün xəstə olduğum üçün o mitinqlərdə ola bilmədim və bunlar da məni qorxuda bildiklərini düşündülər. Ama bütün problemlər iri miqyasını 2 aprel ilə bağlı aldı. Qeyd edim ki, bu aksiyanın fəal təbliğatçısı və iştirakçısı olmuşam. Aksiyada xüsusi olaraq mülki geyimlilər tərəfindən tutulmuş və döyülmüş, hətta iki maddə ilə ilk cinayət işi açılan 5 nəfərdən biri olmuş, xəbərsiz-ətərsiz 3 sutka polis şöbəsində AXCP rəyasət heyətinin üzvü Eldar Hüseynov və İmişli rayon şöbəsinin üzvü Vüqar Qədirovla birgə ac-susuz saxlanılmışam. Bütün bunları da təbii ki, universitet rəhbərliyi bilirdi. Təsadüfi deyil ki, həbsdən çıxandan dərhal sonra rektor tərəfindən çağırılmış, bir sürü problemlərlə qarşılaşmışam ki, nəticəsi də universitetdən xaric olunmağım oldu...

- İştiraka görə sənə hədə-qorxu gəlirdilərmi?

- Bəli. Elə içəri girən kimi, dekanı görüb salam verdim. O mənə: “Hələ salam da verirsən?” deyə ironiya ilə cavab verdi. Mən də “Tamam, bundan sonra heç vermərəm” dedim. Bundan sonra da qiyamət başlandı. Prorektor bir tərəfdən, dekan bir tərəfdən, heç tanımadığm adamlar vardı, hərəsi bir tərəfdən üstümə düşdülər. Dekan: “Siz Amerikanın agentlərisiniz, şərəfsizlər!” deyə söyüş söyüb məni və mənsub olduğum demokratik düşərgəni təhqir etdi. Qısası, orada mənə hədə-qorxu gələrək "Sən buradan diplom almayacaqsan", "Sən buradan qovulası tələbəsən" və s sözlər dedilər. Bunlarla mübahisə etdikdən sonra (mübahisə rektorun köməkçisinin otağında gedirdi və təbii ki, rektor eşidirdi) rektor mənimlə görüşdən özü çağırdığı halda imtina etdi. Yəqin, onunla da mübahisə edəcəyimi düşünüb bundan imtina etdi. Axı əlahəzrət Abellə (Abel Məhərrəmovu nəzərdə tutur - red.) mübahisə etmək olmaz... Bu andan sonra artıq üstümdən qara xətt çəkildiyini anladım. Məni qanunsuz hərəkətlər etməkdə suçlayırdılar, mən də universitetin daxili nizam-intizam qaydalarına hər zaman əməl etdiyimi, universitet daxilində siyasi təbliğatla məşğul olmadığımı vurğuladımsa da xeyri olmadı. Amma hansı ki, qanunu birinci pozan Abel Məhərrəmovdur! Azərbaycan Konstitusiyasına görə universitet daxilində hər hansı siyasi partiyanın özək və ya başqa qurumunun fəaliyyəti yasaqdır.... Bu çox ciddi faktdır ki, BDU daxilində YAP-ın özək təşkilatı açıq-aşkar fəaliyyət göstərir.... 

- Bundan əvvəl də 2 dəfə universitetdə qovulma dərəcəsinə gəlmişdin, amma səni əfv etmişdilər. Niyə bəs bu dəfə əfv etmədilər?

- Əvvəlki iki dəfədə ölkədə vəziyyət çox durğun idi. Qeyd edim ki, hər iki dəfə siyasi fəaliyyətimlə yanaşı, əsasən terrorizmə, kürd separatçılığına qarşı çıxdığım üçün universitetdən qovulmuşam. Burada bunu mütləq qeyd etmək istərdim ki, universitet rəhbərliyi açıq-aşkar terrorizmi dəstəklədi!... Artıq o durumda sanki dilim tutuldu, söz deyə bilmədim. Birinci dəfə qovularkən millət vəkillərindən Sabir Rüstəmxanlı da çox yardım etdi, ona da buna görə təşəkkür edir və bunu heç vaxt unutmayacağımı bildirirəm!.... Ama ikinci dəfə isə bu əfvolunma demək olar ki, Azərbaycansayağı üsullarla gerçəkləşdi. Yəni məsələni ictimailəşdirmədən, böyütmədən sadəcə universitet rəhbərliyinə mətbuat vasitəsi ilə təzyiqlər göstərdik. Çox xırdalığına getmək istəmirəm, onu deyim ki, nəticədə kursda qalmaq mümkün oldu. Üçüncü dəfə isə Abel Məhərrəmovun repressiyasından qurtulmaq mümkün deyildi....

- Portalımız vasitəsilə qrup uşaqlarına nə demək istəyirsən?

- Qrup uşaqlarıma öncə salamlarımı çatdırır, çətin durumlarda mənə etdikləri mənəvi yardımlara görə təşəkkür edirəm!... Onlara ehtiyatlı olmağı, repressiya caynağına keçməməyi, ama bununla belə bir öldük min dirildik prinsipi ilə, hamını ölkəmizdə baş verən siyasi hadisələrdə aktiv iştiraka çağırıram... Məni qovdularsa, bundan sora heç kəsi qova bilməzlər. Kimsə qorxmasın!... Əslində heç mənə o xarabanın diplomu da lazım deyildi. Asif Atanın bir sözü var: “İmperializmə qarşı “mübarizə aparanlar” imperiyanın verdiyi fəxri adları, titulları, qırmızı diplomları və elmi dərəcələri başları üstündə qürurla gəzdirirlər...” 
Heç yadımdan çıxmaz, Yusuf Halaçoğlunu da bir neçə il öncə Ərdoğan hökuməti Tarix Qurumunun başqanlığından çıxararkən Yusuf bəy, "Mənim əlimdən başqanlığı aldılar, elmi yox!" demişdi. Mənə Tarix elmini Firudin Xoca öyrədib, yoxsa BDU-nun kiflənmiş, qoca, kommunist artığı olan müəllimləri yox!!!

- Bundan sonra necə olacaq? 17 aprel mitinqində iştirak edəcəksənmi?
- Bundan əvvəl necə ki, bütün mitinqlərdə iştirak etmişəmsə, bundan sonra da elə olacaq. Heç bir repressiya gəncliyin qarşısında dura bilməz!

- Təhsilini Avropada davam etdirmək perspektivi varmı? Partiya liderləri bu haqda nə deyir?

- Əlbəttə ki, təhsilimi Avropada davam etdirmək çox gözəl olardı. İnanın, əgər ikinci təhsilim və ya magistr təhsilim yarımçıq qalsaydı, buna davam etmək üçün səy göstərməz, elə siyasi fəaliyyətimə davam edərdim. Amma nəzərə almaq lazımdır ki, mənim 21 yaşım var və həyata addımlarımı yeni atıram. Gələcəkdə istər siyasi, istər elmi fəaliyyətim üçün heç olmazsa bakalavr təhsilimin olması şərtdir.... İnanın, əgər mənim təhsilim burda bitmiş olsaydı ömrümün 4 ili boşuna xərclənmiş olacaq və gələcək fəaliyyətim üçün də heç bir baza olmayacaqdı.... Bunun maddi ziyanlarından çox mənəvi-psixoloji ziyanları var. Buna görə də üzümü İctimai Palata rəhbərliyinə, partiya liderlərinı tutub deyirəm ki, bu məsələni tezliklə həll etmələri hamımızın xeyrinə olardı. Bunu da mütləq qeyd edim ki, siyasi liderlər, İctimai Palata rəhbərliyi və mətbuat bu məsələdə çox aktivdirlər, çox sağ olsunlar! O cümlədən də mənim məhkəmə prosesimi öz üzərinə götürən qeyrətli hüquqşünas İntiqam Əliyevə təşəkürümü bildirirəm.

- AZXEBER.COM Oxucularına son sözün

- Biz qalib gələcəyik!....


Söhbətləşdi: Hacıbəy HEYDƏRLİ 

OXŞAR XƏBƏRLƏR