Belçikada təsirini artıran isti hava dalğası səbəbindən ölkənin böyük hissəsində narıncı xəbərdarlıq elan edilib.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Belçika Kral Meteorologiya İnstitutunun (RMI) məlumatına görə, bazar ertəsi ölkə ərazisində hava günəşli və çox isti keçəcək.
Bildirilib ki, daxili rayonlarda havanın temperaturunun 37 dərəcəyədək yüksələcəyi gözlənilir. Günün ikinci yarısında isə ölkənin cənub bölgələrində buludluluğun artacağı proqnozlaşdırılır.
Məlumata əsasən, dənizin təsiri ilə sahil bölgələrində temperaturun 30 dərəcədən aşağı olacağı gözlənilir.
RMI qeyd edib ki, Belçikanın böyük hissəsində narıncı isti hava xəbərdarlığı qüvvədədir. Qərbi Flandriya və Şərqi Flandriya bölgələrində isə bir pillə aşağı olan sarı xəbərdarlıq tətbiq olunacaq.
Proqnoza görə, çərşənbə axşamı temperatur 31, çərşənbə günü isə 28 dərəcə ətrafında olacaq. Sahil bölgələri istisna olmaqla, ölkə üzrə sarı xəbərdarlıq davam edəcək.
Qeyd edək ki, Belçikada narıncı isti hava xəbərdarlığı yüksək risk yaradan ekstremal istiləri ifadə edir. Bu müddətdə vətəndaşlara günün ən isti saatlarında çölə çıxmamaq, bol maye qəbul etmək və ağır fiziki fəaliyyətdən çəkinmək tövsiyə olunur.











































