13 dekabr tarixində “MDB gəncləri – ictimai diplomatiyanın gələcəyi” adlı beynəlxalq forumun 150-yə yaxın iştirakçısı Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstituna (MDBƏİ) səfər ediblər. MDBƏİ-də forum iştirakçılarını qarşılayan rektorun məsləhətçisi Artyom Malqin onları institutun binası ilə tanış edərək, buranın təhsil sistemi haqda danışdı. O qeyd etdi ki, bu gün MDBƏİ-də 53 xarici dil tədris olunur və bu qeydə alınmış rekorddur. Hal hazırda istitutda MDB-dən olan 400-ə yaxın tələbə təhsil alır, onlar arasında Azərbaycan, Belarus və Qazaxıstanlı tələbələr çoxluq təşkil edir. Daha sonra MDBƏİ-nin böyük auditoriyasına toplaşan forum iştirakçıları MDB məkanında ictimai-siyası proseslər, ölkələrarası KİV-lərin əməkdaşlığı və s. mövzularda müzakirələrə qatıldılar. Müzakirələr zamanı Azərbaycan tərəfindən çıxış edən Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) mətbuat katibi Məcid Musayev ölkəmizin elektron informasiya vasitələrinin sürətli inkişafından xəbər verərək, yeni media formaları, internet televiziyaları mövzusunda mərzu etdi. Məruzəsində M.Musayev xüsusi vurğuladı ki, tolerantlığı ilə seçilən ölkəmizdə müxtəlif dillərdə fəaliyyət göstərən informasiya agentlikləri və qəzetlər var. İnformasiya mübadiləsi prosesində Azərbaycanlı gənclərin roluna gəldikdə isə ATGTİ nümayəndəsi bildirdi ki, bu gün ölkəmizin gəncləri bütün sosial şəbəklərdə aktivlikləri ilə seçilirlər. Öz növbəsində bu da onların daima yeni bilik və məlumatlar axtarışında olmasını sübut edir. Daha sonra forum iştirakçıları “Layihələrin yazılması” və “Faundreyzinq” (əlavə maliyyə vəsaitinin toplanılması) mövzusunda təlim kurslarına qatıldılar.