Billurə Əmirova: “Feminizmə tam qarşıyam, kişi hər zaman qadından üstündür”- MÜSAHİBƏ

MÜSAHİBƏ
13:52 19.07.2019
13263

 AZXEBER.COM-un "Uğurlu qadın" rubrikasının qonağı tanınmış telejurnalist, "Araz" Supermarketlər Şəbəkəsinin PR meneceri Billurə Əmirovadır.

 

- Billurə Əmirova kimdir? Özünüzü oxucularımıza necə təqdim edərdiz?


- Səfalı yerdə, havası, suyu təmiz, insanları sadə olan Qax rayonunda anadan olmuşam. Sadə, ziyalı ailədə anadan olmuşam. Atam müəllim, anam tibb bacısı olub. Ailədə 4 uşaq olmuşuq -3 bacı, bir qardaş. İllərin hesabına görə sentyabrın 30-u 40 yaşım tamam olacaq. Hər dəfə bunu xatırlayanda tüklərim biz-biz olur. Amma nə etmək olar ki? Bir zamanlar deyirdilər ki, ruh yaşı önəmlidir. Buna şablon ifadə kimi yanaşırdım.Ancaq insanın ruh yaşı çox önəmlidir. Özümü 25-30 yaşında hiss edirəm.

 

- Jurnalistikaya nə zaman gəldiniz?


- Magistraturanın 2-ci kursunda oxuyanda Lider TV-də jurnalistika fəaliyyətimə başlamışam. "Bizim əsr” qəzetinin mədəniyyət şöbəsi ilə də əməkdaşlıq edirdim. Jurnalistika həyatımın yolunu cızdı. İndi də düşünürəm mənim başqa seçimim var idi mi? Təbii o dövrdə başqa seçimlərim də var idi. Rumıniya səfirliyinin nəzdində "Azərbaycan –Rumıniya mədəni əlaqələr” ictimai birliyi var idi. Mən onların da üzvü idim. Çox aktiv gəncliyim var idi. Özümü tapmağa çalışırdım. Bəlkə də bu gəncliyin mənə verdiyi çılğınlıq idi. Rayondan Bakıya gəlmişdim. Yanımda valideynim, yol göstərənim yox idi. Tələbəlik həyatım da çox gözəl keçməyib. Maddi ehtiyaclarımızın olduğu üçün bacımlar şəraitsiz bir evdə qalırdıq.

 

 

- İxtisasca teatrşunassınız...


- Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Sənətşünaslıq” fakültəsinə çox yüksək bal ilə daxil olmuşdum. Bu sənəti mənə sevdirmişdilər. Hər zaman jurnalist olmağı arzulamışdım, ancaq jurnalistika fakültəsində oxumağı arzulamamışdım. Həmişə əlimə daraq alıb, güzgünün qabağında atamın qəzetlərini oxuyurdum. Uşaqlıq arzumun nə zamansa, reallaşacağına inanırdım. Hər zaman qaynar bir hadisənn içində olub, məlumat verməyi sevirdim və ən əsası yazmağı sevirdim. Başıma gələn hər şeyi yazırdım. Hətta yaxın zamanlara qədər anam bütün yazdıqlarımı öz sandığında saxlayırdı. Xalam aktrisa idi və hər zaman mənə deyirdi ki, bu fakültəni bitirib jurnalist, pedaqoq və ya tənqidçi ola bilərsən. Tələbə vaxtı qəzet redaksiyalarına, teatrlara, kitabxanalara tez-tez gedib-gəlirdim.


- Bir neçə telekanalda çalışmısız. Özünüzü harda tapdınız?


- Mən özümü tam olaraq ANS televiziyasında tapdım və jurnalist olaraq orada formalaşdım. Gözümü televiziyada açmışam. Gəncliyimin, çılğınlığımın pik həddə çatan dövrünü televiziyada keçirmişəm. Rahat deyə bilərəm ki, mən televiziya ilə böyümüşəm, müdrikləşmişəm.Televiziya mənim üçün həm akademiya olub, həm də ikinci evim. Televiziya bir insanın yetişməsi üçün əlverişli, rəngarəng və əhəmiyyətli mühitdir. Çünki orada hər cür üz və xarakter görürsən. Ədəbiyyatda oxuduğun obrazları həm pozitiv, həm də neqativ görürsən. ANS-in həyatımda rolu böyükdür.

 

 

- ANS-çilərin çoxu hazırda REAL TV-də bir araya gəlib. Sizə oradan təklif gəlibmi?


- REAL TV açılanda mən çox sevinmişdim. Mirşahin Ağayev imzasının yenidən jurnalistikaya gəlməsinə çox sevinirdim. Mənim jurnalistikada müəllimim Mirşahin olub. Mən ANS-ə qədər "Lider” televiziyasında çalışmışdım.Televiziyanın əlifbasını bilirdim. Ancaq xəbərçilikdə və xəbər məktəbində mənim müəllimim Mirşahin olub. Hər zaman da demişəm və indi də deyirəm ki, mən onun çörəyini yeyirəm. O insana çox böyük hörmətim var. Real TV açılanda keçmiş iş yoldaşlarımla danışdım və buna çox sevindim. Ancaq mənə REAL-dan təklif gəldimi? Xeyir (gülür).

- Təklif gələrsə televiziyaya qayıdarsınızmı?


- Gələcəkdə maraqlı layihə olarsa və əgər təklif gələrsə, bəli qayıdaram.Tam ştat işçi olmasam belə hər hansı müəllif verilişi ilə televiziyada işləməyə razılıq verərəm.

 

- Bizim rubrika "Uğurlu qadın” adlanır. Özünüzü uğurlu qadın sayırsınız?


- Özüm-özümü uğurlu hesab etmirəm. Təmbəlliyim olmasaydı, uğurlu ola bilərdim. Özümü heç vaxt öndə görə bilmirəm. Daim fonda qalmağı sevirəm. Uğur qazanmaq istəyən şəxs qarşısına çıxan hər şeyi tapdalayıb getməlidir. Ancaq mən bunu bacarmadım. Mənim üçün toxunulmaz, tapdanılmayacaq dəyərlər var. Karyeranın ən pik nöqtəsində işimə yox deyib, ailəmi üstün tutmağı bacaran insanam. Mənim üçün ailəm, həyat yoldaşım və şəxsi komfortum hər şeydən üstündür.

 

 

- Belə bir fikir var ki, üzdə olan xanımlar xoşbəxt olmurlar. Bu fikirlə razısınız?

 

-Bəli, razıyam. Belə bir deyim var ki, mən bədbəxt deyiləm,ancaq xoşbəxtliyin nə olduğunu bilmirəm. Ancaq mən həyatımda hər şeydən də olmasa, çox şeydən məmnunam.

 

 

- Bəs şəxsi həyatınızda?


- Bunu əminliklə deyə bilərəm ki, şəxsi həyatımda çox uğurluyam. Sevilən ana, həyat yoldaşı, övlad və sevilən gəlinəm. Daha bundan artıq nə olsun?

 

 

- Qadına uğur qazanması üçün nə lazımdır?


- Bir qadının uğur qazanması üçün mütləq güclü, sadiq və anlayışlı "ağ atlı” oğlana ehtiyacı olur. Bu onun həyat yoldaşı, atası və ya qardaşı ola bilər. Mən nə qədər iradəli və kənardan güclü görünsəm də, hər zaman mənə yol göstərən şəxsə ehtiyacım olub. Mən o gücü həmişə həyat yoldaşımdan almışam. Ailə qurmamışdan əvvəl də düşünürdüm ki, mənim çox ağıllı, güclü və ən əsası mənə yol göstərməyi bacaran həyat yoldaşım olacaq. Günü bu gün də, onun gücündən istifadə edirəm. Həyat yoldaşım olmasaydı, tək yox tənha olardım. Çünki həyatda heç kim tək deyil, onun yanında yaradanı var.

 

- Belə çıxır ki, siz arzuladığınız "ağ atlı oğlanı” tapmısınız...

- Nağıllardakı qəhrəmanlar həyatda yoxdur, onlar uydurulmuş qəhrəmanlardı. Bəli tapmışam. Ancaq nağıllardakı kimi ideal deyil (gülür). Amma çox anlayışlıdır, mənə yol göstərir. Həmişə onun göstərdiyi yol uğurlu olub. Çünki mən hisslərlə yaşayan insanam. Mən ürəyimin səsini dinləyiəm. Məncə hər hansı mövzuda qərar verilirsə, ağıl da burda rol oynamalıdır. Bizdə ailədə ağlı yoldaşım verir. Bir–birimizə əks olsaq da, bu cəhətdən bir-birimizi tamamlayırıq.

 

 

- İşiniz şəxsi həyatınıza mane olmur?


-İşim özümə mane olur (gülür). Özümə yetərincə vaxt ayıra bilmirəm. Mən yaxşı yaşamağı sevən qadınam. Mənim vaxtım olsa salona gedərəm, özümə qulluq edərəm, alış-veriş edərəm, idmanla məşğul olaram. Bütün günü özümə vaxt ayıraram, bezmərəm. İşim mənim istəklərimə, hobbimə mane olur.

 


- Bəs övladlarınıza yetərincə vaxt ayıra bilirsiniz?

 

- Övladlarımı ancaq axşam işdən evə gələndə görürəm. Səhər işə gedərkən üzlərindən öpüb, gedirəm. Axşamlar mütləq 1 saat da olsa, görüşüb vaxt keçiririk. Həftə sonları bir yerdə vaxt keçiririk. Həftənin cümə günü gəldikdə çox sevinirik, çünki şənbə günü biz ailəlikcə bir yerdə olub, xoş gün keçirirk.

 


- Övladlarınızın sizin ya atalarının davamçısı olmalarını istərdiniz?


- Mən övladlarımın nə mənə, nə də atalarına oxşamalarını istəmirəm. Övladlarım öz yollarını özləri seçsin. Mən bir valideyn kimi onların sağlamlığını, geyimini, mühitini və təhsil almalarını təmin etməliyəm. Çünki gözəl bir deyim var, "insanı zəmanə yetişdirir”. Onları da zəmanə yetişdirəcək. Bizim üzərimizə düşən onların ətraflarına, oxuduqları kitablara, hara getdiklərinə nəzarət etməkdir. Ən çox istədiyim şey övladlarımın insan kimi yaxşı bünövrələrinin olmasıdır. Heç vaxt onların seçiminə mane olmarıq. Mənim valideyn kimi missiyam onların gözəl mühitdə yetişələrini təmin etməkdir. Bunu bacarırammı? Deyə bilmərəm, ancaq bunun üçün əlimdən gələni edirəm. Çünki indi insanlar çox aqressivləşib. Mən küçədə gülən insan görəndə çox sevinirəm.

 

- Övladlarınıza hər hansı qadağa qoymusunuzmu?


- Bizim evdə qadağalar var. Həyat yoldaşım çox mühafizəkar insandı. Ondan olsa evdə uşaqlar üçün hər şey saatla-rejimlə olar. Yoldaşım evdə uşaqların məşğuliyyəti üçün xüsusi saatlar ayırıb- yatma, telefonla oynama, həyətə düşmə və s. Bizim evdə kompüter, Playstation oynamaq qadağandır. Mən bu qadağalara qarşıyam, ancaq bunu uşaqların yanında bildirmirəm. Mən bayaq da dediyim kimi, hisslərimlə hərəkət etdiyimə görə yoldaşımın fikirlərinə üstünlük verirəm. O daha ağıllı və müdrikdir.


- Həyat yoldaşınız sizə hər nəyəsə qadağa qoyub?

-Həyat yoldaşımın mənə birbaşa qadağası yoxdur. Hələ ailə qurmazdan əvvəl öz olmazlarını hiss etdirmişdi. Onun nəyi xoşlayıb, nəyi xoşlamadığını bilirəm. Mənim kimi insanlara qadağa qoymaq düzgün deyil. O da ağıllı insan olduğu üçün mənə qadağa qoymur. Ona çox hörmət etdiyim üçün onun həssas olduğu mövzularda mən də eyni həssaslığı göstərirəm. Yoldaşım mənə çox güvənir. Arada bu güvən məni incidir. Ailəmdən çox rahatam, bilirəm ki, hər şeyi düşünən həyat yoldaşım var. Mən də ona dəstək olmağa çalışıram. Heç vaxt maddi sıxıntını, diqqətsizliyi, əksikliyi, natamamlığı problem etmirəm. Onsuzda o bütün ailənin işlərini üzərinə götürüb. 


- Bir qadını nə xoşbəxt edir?


-Bir qadının xoşbəst olması üçün onun yaxşı həyat yoldaşı olmalıdır. Allah qadını qadın, kişini kişi yaradıb. Mən feminizmə tam qarşıyam. Belə qadınlara qıcıq oluram. Mənə görə kişi hər zaman qadından üstündür. Bir zərif, gözəl və uğurlu qadının yanında mütləq tərəf müqabili olmalıdır. Mənə elə gəlir ki, qadının xoşbəxt olmasında kişinin çox böyük rolu var. Məni nə pul, nə var-dövlət xoşbəxt etmir. Mən əgər rahatamsa, o zaman xoşbəxt ola bilərəm.


- Yoldaşınız kişilərlə işləməyiniz problem etmir?

 

- Xeyir (gülür). Yoldaşım mənə çox güvənir. Arada bu güvən məni incidir. Adam gündə bir dəfə də olsun, axtarmazmı həyat yoldaşını?(gülür). Mənə güvəni sonsuzdur. Bu güvəni necə qazanmışam bilmirəm, ancaq yəqin o da öz üsulları ilə məni sınağa çəkib və mən bu sınaqlardan üzü ağ çıxmışam. Məhz buna görə də güvənir mənə.

 

- Bəs siz gündə neçə dəfə yoldaşınıza zəng edib onu axtarırsınız?

-Mən də zəng etmirəm(gülür).

 

- Səmimi müsahibəyə görə təşəkkür edirəm.


- Mən də maraqlı suallara görə sizə təşəkkür edirəm.


Günel Hüseynli


AZXEBER.COM

OXŞAR XƏBƏRLƏR