Naxçıvan sakini sosial şəbəkə hesabında Kənd Təsərrüfatı Nazirliyinə səslənərək irəli sürülən yeni təkliflərin, o cümlədəm xırdabuynuzlu heyvandarlıq təsərrüfatları üçün verilən subsidiyaların fermerlərin və kənd sakinlərinin real vəziyyətini nəzərə almadığını bildirib. O qeyd edib ki, Naxçıvanda otlaq və örüş sahələri son dərəcə azdır, minlərlə heyvanın otarılması üçün min hektarlarla ərazinin tapılması qeyri-mümkündür. Sakin nazirliyin təkliflərinin real həyatdan uzaq olduğunu, əksinə heyvandarlığı inkişaf etdirmək əvəzində daha da çətinə saldığını vurğulayıb. Eyni zamanda, məmurların kabinetdən deyil, bölgələrə gələrək çobanların, fermerlərin çəkdiyi çətinlikləri, su və dərman problemi ilə bağlı reallıqları yerində görməli olduğunu diqqətə çatdırıb.
Məsələ ilə bağlı AZXEBER.COM-a açıqlamasında Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, bəziləri müəyyən köhnə məsələləri gündəmə gətirir:
"Bu barədə danışan şəxslərin bir qismi isə, məsələnin mahiyyətini, qanunları və digər məqamları tam anlamır. Hərə əlinə bir telefon alıb çəkiliş edir və danışır. Bundan əvvəl də vətəndaşlardan biri südlə bağlı video çəkib paylaşım etmişdi. Sonradan məlum oldu ki, həmin şəxsin özünün də südlə bağlı problemləri var. Südün yaxşı hissəsini götürüb, yağını və digər məhsullarını ayırıb, qalanını isə yerə töküb. Yəni belə hallar da var. Hər kəs sosial şəbəkələrdən istifadə edir, telefonunu götürüb çəkiliş aparır və fikirlərini bölüşür. Amma hər vətəndaş sosial şəbəkə vasitəsilə cənab nazirimizə müraciət etməli deyil. Nazirimiz vətəndaş qəbulları çərçivəsində Naxçıvana da gedir”.
Kənd təsərrüfatı eksperti Vahid Məhərrəmov qeyd edib ki, çox təəssüflər olsun ki, subsidiyanı təyin edənlər və onun qaydalarını müəyyənləşdirənlər kəndliləri nəzərə almırlar:
"Halbuki kəndlinin də bu subsidiyadan yararlanmaq haqqı var. Mən də təsərrüfatımda heyvan saxlayıram, istehsal etdiyim məhsulu bazara çıxarıram və ölkənin ərzaq təminatında müəyyən rol oynayıram. Digər təsərrüfat sahibləri də bu rolu oynayırlar. Bəs onlara nə üçün subsidiya verilmir? Mənim imkanlarım məhduddur, çünki otlaq ərazilərimiz azdır. Buna görə də heyvanları yemlə təmin etməli oluram. Bu da mənim üçün əlavə problemlər yaradır və xərclərimi artırır. Bu, nə dərəcədə ədalətlidir? Amma subsidiyanı müəyyən edənlər məsələyə başqa cür yanaşırlar. Söhbət iri fermer təsərrüfatlarından, nəhəng təsərrüfatlardan gedir. Onlar oliqarx məmurlara məxsusdur. Müəyyən ediblər ki, 500 başdan çox xırdabuynuzlu heyvanı və 100 hektar örüş sahəsi olan təsərrüfatlar bu kateqoriyaya daxildir. Bunlar oliqarxlara məxsus təsərrüfatlardır”.
Ekspertin sözlərinə görə, bu gün demək olar ki, subsidiyaların verilməsində oliqarx məmurlar söz sahibidirlər:
"Subsidiyanı müəyyən edənlər də onlarla razılaşırlar. Sizi əmin edirəm ki, onların hamısı yüksək vəzifə sahibləridir. Subsidiyanın verilmə mexanizmini müəyyən edənlər həmin oliqarxlara tabe olan adamlardır. Onlar müxtəlif vəzifələrdə çalışır və oliqarxları razı salmağa çalışırlar. Nəticədə məqsəd əsl kəndlini, öz zəhməti ilə pul qazananı razı salmaq deyil, kabinetdə oturub göstəriş verən, eləcə də həmin şəxslərə tapşırıqlarını çatdıran məmurları razı salmaqdır”.
Aynur Babazadə











































