Prezident İlham Əliyevin son sərəncamları ilə Azərbaycanın Avropa Şurası və UNESCO yanında daimi nümayəndəliklərində dəyişiklik edilib.
Bununla yanaşı, Azərbaycanın beynəlxalq təşkilatlar yanında fəaliyyət göstərən daimi nümayəndəlikləri də diqqət çəkir.
AZXEBER.COM xaricdə fəaliyyət göstərən nümayəndəliklərlə bağlı araşdırma aparıb.
Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatına görə, hazırda ölkəmiz xaricdə 70 səfirlik, 6 daimi nümayəndəlik, 9 baş konsulluq, 7 səfirlik ofisi və 1 təmsilçilik ofisi ilə təmsil olunur.
XİN-in rəsmi məlumatına əsasən, Azərbaycanın beynəlxalq təşkilatlar yanında 6 daimi nümayəndəliyi fəaliyyət göstərir.
Azərbaycanın BMT yanında Nyu-Yorkdakı Daimi Nümayəndəsi Tofiq Fərhad oğlu Musayevdir. O, bu vəzifəyə 2024-cü ilin dekabrında təyin edilib. Bundan əvvəl isə 2019–2024-cü illərdə Azərbaycanın BMT yanında Daimi Nümayəndəsinin müavini vəzifəsində çalışıb.
Azərbaycanın BMT-nin Cenevrə bölməsi və digər beynəlxalq təşkilatlar yanında Daimi Nümayəndəsi Qalib İsrafilovdur. O, Fövqəladə və Səlahiyyətli Səfir, Azərbaycanın BMT-nin Cenevrə bölməsi və digər beynəlxalq təşkilatlar yanında Daimi Nümayəndəsi vəzifəsini icra edir. Bu vəzifəyə 24 avqust 2021-ci ildə təyin olunub.
Azərbaycanın ATƏT və Vyanadakı digər beynəlxalq təşkilatlar yanında Daimi Nümayəndəsi Rövşən Sadıqbəylidir. O, 23 iyul 2021-ci ildə Azərbaycan Prezidentinin sərəncamı ilə Avstriyada Fövqəladə və Səlahiyyətli Səfir, ATƏT yanında Daimi Nümayəndə, həmçinin Vyanada yerləşən digər beynəlxalq təşkilatlar, o cümlədən BMT-nin Vyana bölməsi, MAQATE və digər qurumlar yanında Daimi Nümayəndə təyin edilib.
Azərbaycanın Avropa Şurası yanında Daimi Nümayəndəsi kimi Strasburqda fəaliyyət göstərən Fəxrəddin İsmayılov bu gün Azərbaycan Respublikasının Avropa Şurası yanında daimi nümayəndəsi vəzifəsindən geri çağırılıb. Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.
Digər sərəncamla Fəxrəddin Nəcəf oğlu İsmayılov Azərbaycan Respublikasının UNESCO yanında daimi nümayəndəsi təyin edilib. O, bu vəzifəyə qədər Azərbaycanın Avropa Şurası yanında Daimi Nümayəndəsi olub.
Hazırda Azərbaycan Respublikasının NATO yanında Nümayəndəsi Cəfər Əbdülhüseyn oğlu Hüseynzadədir.
Şahanə Ziyad












































