"BMT kənardan müşahidəçi statusunda prosesləri izləyib" - Deputat

"BMT kənardan müşahidəçi statusunda prosesləri izləyib" - Deputat
SİYASƏT
15:29 01.09.2026
222
Azərbaycan Prezidenti İlham Əliyev Bişkekdə keçirilən "ŞƏT plyus” formatında görüşdə çıxış edib. Dövlət başçısı çıxışı zamanı Azərbaycan-Ermənistan münaqişəsinin nizamlanması prosesinə və BMT Təhlükəsizlik Şurasının bu istiqamətdə qəbul etdiyi qətnamələrə toxunub.
 
Prezident bildirib ki, Birləşmiş Millətlər Təşkilatı Azərbaycan və Ermənistan arasındakı münaqişənin nizamlanmasına dair qətnamələrin icrasında heç bir rol oynamayıb.

İlham Əliyev qeyd edib ki, Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü tam olaraq özü bərpa edib. Prezident vurğulayıb ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin qısa müddətdə icra olunması müvafiq mexanizmlərin işlənib hazırlanmasını tələb edir. Dövlət başçısı beynəlxalq təşkilatlar tərəfindən qəbul edilən qərarların icrasının təmin olunmasının vacibliyini diqqətə çatdırıb.

Milli Məclisin deputatı Elman Nəsirov AZXEBER.COM-a açıqlamasında deyib ki, BMT öz qəbul etdiyi qərarların icrasına selektiv yanaşır:

"Prezidentin çıxışında toxunduğu məsələlərdən biri də Birləşmiş Millətlər Təşkilatının müasir təhlükəsizlik sistemində tutduğu yerlə bağlı məqamlar oldu. Cənab Prezident qeyd etdi ki, Birləşmiş Millətlər Təşkilatı Ermənistan-Azərbaycan arasında münaqişənin nizamlanmasına dair qətnamələrinə əməl edilməsini təmin etməyib. Halbuki BMT Nizamnaməsinin 25-ci maddəsində aydın şəkildə yazılıb ki, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qərarların icrası məcburidir. Yəni BMT öz qəbul etdiyi qərarların icrasına selektiv yanaşır. Məsələn, BMT tərəfindən Liviyada Müəmmər Qəddafi rejimi əleyhinə qətnamə qəbul edilib və ardınca Liviya bombalanır. Ancaq BMT bizim münaqişə ilə bağlı isə öz qətnamələrinin 30 ildən çox müddət ərzində kağız üzərində qalmasına dözüb və heç bir bu istiqamətdə addım atmayıb”.

Deputat qeyd edib ki, İlham Əliyevin fikirləri çox önəmlidir:

"İlham Əliyevin bu mövzuda fikirləri çox önəmlidir. Cənab Prezidentin çıxışında əsas məsələlərdən biri də o oldu ki, Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü tam və qəti şəkildə bərpa edib və BMT Təhlükəsizlik Şurasının qətnamələrini biz icra vəziyyətinə gətirmişik, hərbi gücümüzdən istifadə edərək bunu etmişik. BMT sanki kənardan müşahidəçi statusunda prosesləri izləyib. Dövlətimizin başçısının çıxışının əsas tezislərindən biri o oldu ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin qısa müddətdə icra olunması ilə bağlı müvafiq mexanizmlərin işlənib hazırlanmasına böyük ehtiyac var və bu istiqamətdə mütləq əməli addımlar atılmalıdır”.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR