Boşanmada uşağın qalacağı yer necə müəyyənləşir? - Açıqlama

Boşanmada uşağın qalacağı yer necə müəyyənləşir? - Açıqlama
SOSİAL
21:15 10.08.2026
128
Boşanma və ya ayrılıq zamanı azyaşlı uşaqların kimin yanında qalması valideynlər arasında ən çox mübahisə yaradan mövzulardandır. Ananın maddi imkanlarının zəif olması uşağın ondan alınmasına səbəb ola bilərmi? Valideynlər arasında uşağın qəyyumluğu ilə bağlı razılıq olmadıqda məhkəmə hansı meyarları əsas götürür?

Mövzu ilə bağlı Demokrat.az-a açıqlamasında vəkil, hüquq üzrə fəlsəfə doktoru Vüsalə Muradxanlı bildirib ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 60-cı maddəsinə əsasən, valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir.

Onun sözlərinə görə, belə razılıq olmadıqda isə mübahisəni məhkəmə uşağın hüquq və mənafelərini, onun rəyini və işin konkret hallarını nəzərə almaqla həll edir:

"Məhkəmə uşağın hər bir valideynə, bacı və qardaşlarına bağlılığını, yaşını, valideynlərin mənəvi və digər şəxsi keyfiyyətlərini, uşağın tərbiyəsi və inkişafı üçün şərait yaratmaq imkanlarını və digər halları kompleks şəkildə qiymətləndirir.

Burada əsas prinsip uşağın üstün mənafeyinin təmin edilməsidir. Bu yanaşma həm milli qanunvericilikdən, həm də Azərbaycanın tərəfdar çıxdığı BMT-nin Uşaq Hüquqları haqqında Konvensiyanın 3-cü maddəsindən irəli gəlir. Konvensiyaya görə, uşaqlarla bağlı bütün qərarlarda uşağın ən yaxşı mənafeləri əsas diqqət predmeti olmalıdır.

Azyaşlı uşağın anaya emosional bağlılığı, onun gündəlik qayğısını faktiki olaraq kimin həyata keçirməsi, uşağın formalaşmış həyat tərzi və sosial mühiti məhkəmə tərəfindən nəzərə alına biləcək mühüm hallardır. Bununla belə, qanunvericilikdə "azyaşlı uşaq mütləq ananın yanında qalmalıdır” şəklində avtomatik qayda yoxdur. Ana və ata valideynlik hüquq və vəzifələri baxımından bərabər hüquqludurlar və hər bir iş fərdi qaydada araşdırılmalıdır.

Xüsusilə vurğulamaq lazımdır ki, ananın maddi imkanlarının atanın imkanlarından aşağı olması öz-özlüyündə uşağın atanın yanında qalması üçün hüquqi əsas sayıla bilməz. Atanın daha yüksək gəlirə, daha geniş mənzilə və ya daha yaxşı maddi şəraitə malik olması həlledici meyar deyil. Çünki Ailə Məcəlləsinin yanaşmasına görə, məhkəmə təkcə maddi vəziyyəti deyil, uşağın tərbiyəsi və inkişafı üçün mövcud olan bütün şəraiti məcmu şəkildə qiymətləndirməlidir. Eyni zamanda, uşağın saxlanılması hər iki valideynin öhdəliyidir.

Qəyyumluq və himayə orqanının prosesdə iştirakı da mühüm əhəmiyyət daşıyır. Ailə Məcəlləsinin 73-cü maddəsinə əsasən, uşaqların tərbiyəsi ilə bağlı mübahisələrə məhkəmədə baxılarkən müvafiq icra hakimiyyəti orqanı işə cəlb edilməlidir. Orqan uşağın və onun tərbiyəsinə iddia edən şəxslərin həyat şəraitini müayinə edir və məhkəməyə müayinə aktı ilə yanaşı, mübahisənin mahiyyəti üzrə rəy təqdim edir. Lakin həmin rəy məhkəmə üçün avtomatik və məcburi nəticə yaratmır. Məhkəmə onu digər sübutlarla birlikdə qiymətləndirməli və yekun qərarı uşağın üstün mənafeyini rəhbər tutaraq verməlidir.

Uşağın atanın yanında qalmasına o halda qərar verilə bilər ki, iş üzrə sübutların məcmusu uşağın mənafeyinin məhz bunu tələb etdiyini göstərsin. Məsələn, ananın uşağın tərbiyəsi və gündəlik qayğısı ilə faktiki məşğul olmaması, uşağın təhlükəsizliyi və sağlam inkişafı üçün ciddi risklərin mövcudluğu və yaxud uşağın atanın yanında artıq sabit və sağlam sosial-psixoloji mühitdə yaşaması kimi hallar nəzərə alına bilər. Təbii ki, eyni qiymətləndirmə meyarları ata barəsində də tətbiq edilməlidir.

Yəni məhkəmə üçün əsas sual "hansı valideynin maddi vəziyyəti daha yaxşıdır?” deyil, "uşağın fiziki, psixoloji, mənəvi və sosial inkişafı baxımından hansı yaşayış mühiti onun üstün mənafeyinə daha çox cavab verir?” olmalıdır”, - deyə hüquqşünas fikrini tamamlayıb.
OXŞAR XƏBƏRLƏR