Bu avtomobilləri alarkən diqqətli olun: Qısa müddətdə çürüyürlər

Bu avtomobilləri alarkən diqqətli olun: Qısa müddətdə çürüyürlər
SOSİAL
15:53 03.09.2026
75

Son dövrlər Azərbaycanda ikinci əl avtomobil bazarında "Chevrolet Equinox” modellərinə maraq artıb.

Lakin bu avtomobillərdən istifadə edən bəzi sürücülər nəqliyyat vasitələrinin alt hissəsi və şassisində qısa müddət ərzində korroziya və çürümə hallarının yarandığını bildirirlər. Bu isə avtomobil sahibləri arasında modelin davamlılığı və istismar xüsusiyyətləri ilə bağlı suallar doğurur. 

Maraqlıdır, bu modellərdə qısa müddət ərzində çürümə və korroziyanın yaranmasının əsas səbəbi nədir?

Mövzu ilə bağlı AZXEBER.COM-a açıqlama verən nəqliyyat eksperti Raqif Raufoğlu bildirib ki, problemin əsas səbəblərindən biri avtomobillərin hansı ölkədən və hansı şəraitdə gətirilməsidir: 

"Nəzərə alsaq ki, onların çoxu Amerikadan gəlir, burada əsas məsələ istehsal qüsuru deyil. Əsas məsələ həmin avtomobillərin Amerikada hansı şəraitdə olmasıdır. Xüsusilə şimal bölgələrindən gələn avtomobillərdə bunu mütləq nəzərə almaq lazımdır. Bu, təkcə Amerikada deyil, Avropada da belədir. Məsələn, Almaniyanın şimalı, Skandinaviya ölkələri olsun, bu avtomobillərdə əsas problemlərdən biri çürümə və korroziyadır”.

 

Ekspert qeyd edib ki, soyuq və rütubətli iqlim şəraitində istismar olunan avtomobillərdə korroziya riski daha yüksək olur: 

"Əsasən rütubətli və soyuq yerlərdə olan avtomobillərdə belə problemlər yaranır. Bir də artıq biz yavaş-yavaş görürük ki, həmin avtomobillər hansısa su basqınlarına və ya təbii fəlakətlərə məruz qalır, kütləvi şəkildə suyun altında qalır. Sonradan müəyyən kimyəvi təmizləmə işləri görülür, amma bu, problemi tam aradan qaldırmır. Nəticədə avtomobildə çürümə başlayır”. 

R.Raufoğlu bildirib ki, avtomobilin yaşı və əvvəlki istismar şəraiti də korroziyanın yaranmasında mühüm rol oynayır:

"Burada birinci amil avtomobilin yaş faktorudur. İlin çox köhnə olması da təsir edir. Amma dediyim kimi, əsasən soyuq ölkələrdən avtomobil alanlar mütləq bunlara fikir verməlidirlər. Avtomobilin hər hansı hissəsinin çürüməsi baxımsızlıqdan da ola bilər. Eyni zamanda avtomobilin əvvəllər hansı hadisələrdə olması da vacibdir”. 

Ekspertin sözlərinə görə, avtomobilin keçmişi barədə məlumat əldə etmək üçün bəzi hallarda "Carfax” kimi sistemlərdən istifadə etmək mümkündür: 

"Məsələn, Amerikanın vəziyyətinə görə "Carfax” vasitəsilə bu avtomobildə hansı hadisələrin baş verdiyini görə bilərik. Bu məlumatlar sistemdə qeydiyyata düşür. Amma elə ölkələr var ki, orada belə hadisələr qeydiyyata alınmır və sürücü də avtomobilin keçmişindən xəbərsiz olur. Maşın çox ucuz olur, çünki onların hamısı suda batmış avtomobillər olur”. 

R.Raufoğlu Azərbaycanda da daşqınlar və güclü yağışlar nəticəsində su altında qalan avtomobillərin sonradan ikinci əl bazarında satışa çıxarıla bildiyini vurğulayıb: 

"Hətta bizim özümüzdə də yağışlar zamanı nə qədər suda batmış avtomobillər olub. Onların harada olduğunu heç bilmirik. Hansısa formada sonradan satılırlar. Təbii ki, müəyyən müddətdən sonra belə avtomobillərdə problemlər yaranır və bunu həmin avtomobili alan sürücü yaşayır”.

 

Fəridə Əsədzadə

OXŞAR XƏBƏRLƏR