2027-ci ildə işğaldan azad olunmuş ərazilərə kütləvi köç prosesi həyata keçiriləcək. Hər bir keçmiş məcburi köçkünə öz doğma yurdunda ev təklif olunacaq.
Bunu Milli Məclisin bugünkü plenar iclasında deputat Vüqar Bayramov bildirib.
Deputat qeyd edib ki, Böyük Qayıdışa dair birinci Dövlət Proqramının icrası 2026-cı ildə başa çatacaq. Növbəti Dövlət Proqramı isə 2027–2030-cu illəri əhatə edəcək. Onun sözlərinə görə, hazırda işğaldan azad edilmiş ərazilərdə 100 minə yaxın vətəndaş yaşayır, işləyir və təhsil alır. Onlardan 41 213 nəfəri daimi məskunlaşmış keçmiş məcburi köçkünlərdir. Ən çox məskunlaşma Ağdam rayonunda qeydə alınıb. Artıq 8 300 nəfər Ağdama, 7 112 nəfər isə Cəbrayıl rayonuna qayıdıb.
"Növbəti aylarda, eləcə də 2027-ci ildə həmin ərazilərimizdə kütləvi məskunlaşma olacaq. Hər bir keçmiş məcburi köçkünə öz ata-baba yurdunda ev təklif ediləcək. Heç bir keçmiş məcburi köçkün prosesdən kənarda qalmayacaq. Bu, Prezidentin siyasi iradəsidir”, – deyə deputat vurğulayıb.
Hər kəsin ata-baba yurdu nəzərdə tutulursa, bir ailənin bütün üzvlərinə ev veriləcək?
Mövzu ilə bağlı AZXEBER.COM-a açıqlamasında Vüqar Bayramov bildirib ki, söhbət məcburi köçkün statusu olan ailələrə evlərin təmin edilməsindən gedir:
"Təbii ki, əgər ailə köçkün düşdükdən sonra həmin ailədəki uşaqlar artıq böyüyüb və ailə qurublarsa, o halda və onlarında məcburi köçkün statusu varsa, o halda həmin şəxslər də mənzillə təmin olunacaqlar. Yəni yalnız məcburi köçkün düşmüş ailə deyil, həmin məcburi köçkün düşmüş ailədən ailənin üzvləri də, yəni nəzərə alsaq ki, işğaldan uzun müddət keçmişdi, artıq ailə qurublarsa, öz ailələri varsa, həmin vətəndaşlarımızın da evlə təminatı və onlara da nəzərdə tutulub və onlara da ev təklif olunacaq. Proses sürətlənəcək, çünki artıq infrastruktur ciddi şəkildə qurulur və xeyli işlər görülür. Amma ümumiyyətlə proses qayıdış prosesi 2040-cı ilə qədər davam edəcək. Birinci proqram, dövlət proqramı bu ili başa çatır. Növbəti dövlət proqramı 2027–2030-cu illəri əhatə edəcək. Amma bütövlükdə isə proses 2040-cı ildə tamamlanması nəzərdə tutulur”.
Aynur Babazadə











































