"Cahangir müəllimə xəyanət edə bilmərəm"

İDMAN
11:29 31.10.2011
1779
“İnter” klubunun baş məşqçisi Kaxaber Tsxadadzenin müsahibəsi
- Geridə qalan 10 turu necə qiymətləndirisiz? 18 xal yığmısız, 8 qol vurub 6-sını buraxmısız.
- Açığı biz 3 qol buraxmışıq. “Bakı” ilə oyunda 0:3 hesabıyla texniki məğlubiyyət aldıq. Ümumiyyətlə, mövsümün əvvəli həmişə keşməkeşli olur. Komandanın oyununu tapması üçün vaxt lazımdır.Yaxşı təlim-məşq toplanışı keçdik və  hazırlaşdıq. Amma rəsmi oyunlar başqa şeydi. Çatısmazlıqlar burada üzə çıxır. Bəzi problemlerimiz oldu zədələrlə bağlı. Bu səbəbdən güvəndiyimiz futbolçuların bir neçəsi oynamadı. Bundan başqa xeyli legionerlerlə yollarımızı ayırdıq. Onların əvəzinə isə gənc futbolçuları cəlb etdik. Onlara özlərinə göstərmək üçün vaxt lazımdır. 
İlk turda “Turan”ı layiqlı udduq. “Qarabağ”la oyun isə fiasko idi. Onlar da, bizdə çox zəif oynadıq. Digər görüşlərdən isə elə bir narazılığım yoxdur. Oyun planı, futbolçuların meydandakı davranışı və əzmkarlığı məni qane etdi.
- Bugünkü "İnter"də nə çatmır?
- İlk növbədə ustalıq. Heç kimi təhqir etmək və ya alçaltmaq fikrim yoxdur. Futbolçularımın ustalıq səviyyəsi istənilən səviyyədə deyil. Reallıq budur. Ustalıq 1-2 günlə gəlmir. Bunun üçün illər lazımdır. Məni razı salan odur ki, çıxışımız artan qrafiklə davam edir. Get-gedə oyunumuz yaxşılaşır.
- Bu mövsüm gözlənilmədən “İnter”in iki yetirməsi – Asif Mirili və Elnur Abdulova etmad göstərirsiz...
- Yayda mən, prezident Georgi Nikolov və sponsorumuz Cahangir Hacıyev oturub danışdıq. “Qəbələ”dən sərfəli təklif alan Aleksandr Çertoqanovun ayrılacağını bilirdik. Ona böyük hörmətim var. Kişi kimi gedəcəyini dedi. Cahangir müəllim soruşdu ki, Saşanın yerinə kim oynayacaq. Cavab verdim ki, Asif Mirili adlı gənc futbolçumuz var. Ona böyük inamım var. Artıq böyük futbolda ilk addımlarını atıb. Daha çox çalışıb inkişaf etməlidir. Mən tərəfdən həmişə dəstək görəcək.
- Mövsümün əvvəlində keçmiş illərdə  “İnter”də oynamış bəzi futbolçuları geri qaytardız. Seçiminizdə yanılmamısız?
- Xəyal Mustafayev Mjavanadze və Navalovskinin vaxtında heyətə düşə bilmirdi. “Kəpəz”də keçirdiyi 1 il onun xeyrinə oldu. Mütəmadi meydana çıxaraq oyun praktikası qazanmış oldu. Xəyalın bu il bizə köməyi dəyəcək.
“Kəpəz”dən Samir Zərgərovu transfer etdik. Onun böyük potensilaı var. Samir hərtərəfli futbolçudur. İfadəmə görə üzr istəyirəm . Samir at kimidir. Fiziki hazırlığına söz ola bilməz. Sadəcə psixologiyasını dəyişməlidir. “Kəpəz”da ay ərzində 1 oyunda yaxşı çıxış edirdisə, “İnter”də ondan ayda 4 dəfə  özünü göstərmək tələb olunur. Biz onu buna hazırlayırıq.
Nizami Hacıyevə görə çox təəssüflənirəm. O, ilyarım hərbi xidmətdə itirdi. Mən onun MOİK-də məşqlərinə baxırdım. Nizami məşq etmirdi.Sadəcə oyunlara çıxırdı. Nizami “Xəzər Lənkəran”a qarşı 30 dəqiqə yaxşı oynadı. “Qəbələ”yə qarşı start heyətində meydana buraxdıq. Ancaq 90 dəqiqə oynamağa gücü çatmadı. Fiziki cəhətdən çox geriləyib. İndiyədək yığdığı gücü ilyarımda itirib. Əvvəlki formasını bərpa etməlidir.
- Mövsümün kəşflərindən biri də Elnur Abdulovdur...
- Elnurda da inkişaf hiss olunur. Artıq söz danışmaq istəmirən. Təəssüf ki, gənc futbolçuların hamısı mentalitetdən əziyyət çəkir. Çox tez bir zamanda “ulduz xəstəliyi”nə tutulurlar.
- Yeri gəlmişkən, Elnur Abdulov U-21-ə dəvət olunmur. Asif Mirli isə indi-indi çağırılır. Buna necə baxırsız?
- Bernard Lippertlə yaxşı əlaqələrim var. Ona 10 dəfə Elnur Abdulovu təklif etmişəm. O, millidə oynamağa layiqdir. Çağırılmamasının səbəbini isə bilmirəm.
- İndi verəcəyim sual sizin həssas yerinizlə bağlıdır. Oğlunuz Baçananı soruşuram. Ata-oğul eyni komandada. Oğlunuzun sizin yanınızda olması kollektivdəki atmosferə xələl gətirmir?
- Çox çətin sualdır. Çünki, bu sual həmişə meydana çıxacaq. İstəyirsiz inanın, istəyirsiz inanmayın, oğlumla digərləri arasında fərq qoymuram. O, məşq vaxtı mənim gözümdə adi futbolçudur. Baçanaya həmişə deyirəm ki, məndən güzəşt gözləmə. “Turan”la görüşdə yaxşı oynadı, sadəcə bəxti gətirmədi. Qol vəziyyətləri yaradırdı. “Qarabağ”a qarşı zəif oynadı və təbii ki, əsas heyətdə yerini itirdi. Baçana bundan sonra məşqlərdə səylə çalıçmağa başladı. “Neftçi” ilə oyundan əvvək köməkçim Georgi Çixradze ilə rəqini analiz etdik və belə qərara gəldik ki, Baçananı ilk dəqiqələrdən meydana buraxaq. Qol da yaxşı alındı. Əla kombinasıya qurduq. Baço rəqib müdafəni gərginlikdə saxlaya bildi və oyun ərzində qapıya 5 zərbə vurdu. Bu hücumçu üçün yaxşı göstəricidir. Əfsuslar olsun ki, onunda fiziki hazırlığı hələ istənilən səviyyədə deyil. Topla rəftarını da yaxşılaşdırmalıdır.  Ancaq bir çox müsbət keyfiyyətləri var.
- Yaxınlarda Mirça Rednik çox maraqlı açıqlama vermişdi. Rumın mütəxəssis “İnter”in “Qəbələyə” qarşı 4 müdafiəçi, bir tur sonra “Xəzər Lənkəran”a qarşı isə  5 müdafiəçi ilə oynadığını bildirib.
- Biz taktika və oyun strategiyamızı rəqibə görə müəyyənləşdiririk. Güclü mərkəz müdafiəçilərimiz var. “Xəzər”lə oyunda 3 mərkəz müdafiəçisi ilə oynadıq. Güclü pressinq etdik. “Xəzər”i oynamağa qoymadıq. Boş zonaları bağlamağa müvəffəq olduq. Həmçinin “Neftçi”yə qarşı da belə oynadıq. Uşaqlara tapşırmışdım ki, lənkəranlılara qarşı aqressiv oynasınlar. Qol vurandan sonra geriyə çəkilib əks-hücumlara bel bağladıq. Mirça Rednik oyundan sonra etiraf etdi ki, “İnter” daha yaxşı oynadı və layiqli qələbə qazandı. Qeyd edim ki, “Xəzər Lənkəran” çox yaxşı komandadır və lider olmaları da qanunauyğunluqdur. 
- Qış tarnsfer dönəmində heyəti gücləndirəcəksiz?
- Legioner seçiminə həssas yanaşırıq. Mən yetirmələrimə inanıram. İndiki kollektivlə uğur qazana bilərik. Rəhbərliklə məsləhətləşəcəyik. Ola bilsin ki, 2-3 futbolçu alaq. 
- Ötən müsahibələrinizin birində demişdiz ki, “İnter”in bübcəsi ildən-ilə azlır. Səbəb nədir?
- Sponsor demir az pul verirəm. Vəziyyət bunu labüd edir. Mən “İnter”ə gələndə 36 oyunçu var idi. İndi isə 24. Artıq az oynayıb pul qazanan legioner gətirmirik. Nəyimizə lazımdır? Niyə artıq pul xərcləyək ki? Hansı ki, legionerin əvəzinə gənc yerli futbolçu oynada bilərik.
- Azərbaycan futbol ictimaiyyətində “İnter”ə qarşı həmişə bir anitpatiya olub. Yəqin ki, bu da klubun yarandığı gündən daha çox əcnəbilərə qucaq aşmasından irəli gəlir. Bu ildən isə sanki münasibət müsbətə doğru dəyişib. Bunda sizin də əməyiniz var. O baxımdan ki, azərbaycanlı futbolçulara daha çox şans verirsiz.
- Məsələn, “Neftçi ilə oyunda heyətdə 7 azərbaycanlı futbolçu var idi. Öyrəşmişəm ki, futbol ictimaiyyəti məni yerli-yersiz tənqid edib. Bilmirəm bu işimə görədi, ya başqa səbəbdən. Əgər “İnter”ə qarşı olan antipatiyanı simpatiyaya doğru çevirmək istiqamətində az da olsa payım varsa, buna ancaq sevinərəm.
- “İnter”in çempionluq şansı nə qədər realdır?
- Bizim cempionluq şansımız heç də pis deyil. Əgər belə davam etsək xoşbəxt sonluğa çata bilərik.
- Bildiyimiz qədərilə, “İnter”də digər klublardan fərqli olaraq  futbolçulara hər qələbəyə görə mükafat verilmir. Bu amil yetirmələrinizin oyuna köklənməsinə mane olmur?
- Başqasının pulunu saymaq yaxşı hal deyil. Allaha şükür futbolçularımızın müqaviləyə görə alacağı pullarda bir problem olmur. Bura gələn hər kəs şərtləri əvvəlcədən bilirdi. 2 il əvvəl çempion olanda sponsorla qərara aldıq ki, hər oyuna görə yox, ümumi nəticəyə görə mükafat verək. Belə deyim, hər dovrənin sonunda, bir də mövsümün yekununda mükafat verildi. Məqsədimiz futbolçuları çempionluğa kökləmək idi. Belədə onların əməyi yaxşı qiymətləndiriləcəkdi. Çempion olmaq üçünsə hər oyunda masksimum nəticə qazanmaq lazımdır. Yəqin ki, nə demək istədiyimi anladız. Ötən il isə sistemdə bəzi dəyişikliklər etdik. Belə ki, hər oyuna görə “premiya” ayırdıq. Bu mənim təşəbbüsüm idi. Zaman göstərdi ki, səhv etmişəm. Zəif komandalarla qarşılaşmalarda futbolçularda “boşalma” müşahidə edildi. Gərək belə etməyəydik. Bu ildən yeni mükafatlandırma sistemi tətbiq etmişik. Artıq ayın yekununa görə hesablayırıq. Deyək ki, avqustu zəif keçirdik, pul yoxdur. Və yaxud sentyabrda nəticələrimiz yaxşı olduğuna görə mükafat olacaq.
- Vətəninizdə necə qarşılanırsız? Gürcü mətbuatından əlaqə saxlayan olur?
- Özümü tərifləmək olmasın, Gürcüstanda tanınan insanam. Jurnalistlər tez-tez zəng vurub buradakı işlərimizlə maraqlanırlar. Tbilisidə olanda telekanallarda verilişlərə dəvət edirlər. İnsanlar küşədə görəndə yaxınlaşıb hal-əhval soruşurlar. Deyirlər ki, Gürcüstana nə vaxt qayıdacaqsız?
- Məqamı gəlmişkən, mən də soruşum. Deyəsən, Azərbaycanda çox rahatsız. Gürcüstana qayıtmadığınıza görə belə deyirəm.
- Bilirsiz ki, Gürcüstan U-21-nin baş məşqçisiydim. Lakin, klubda işləmək istəyirdim. Mən enerjili insanam. Sevdiyim işlə hər gün məşğul olmaq istəyirəm. Millidə isə bu mümkün deyil. Azərbaycanda  ambisiyali komandaya gəldim. Rəhbərliklə gözəl münasibətim var. Cahangir Hcıyev həmişə mənə dəstək olur. Onun qarşısında öhdəlik götürmüşəm. “İnter”i daha yüksək səviyyəyə qaldırmaq istəyirik.
- “İnter”də işlədiyiniz müddətdə təkliflər almısız?
- Olub. Həm də dəfələrlə.
- Yerli, yoxsa xarici klublardan?
- Hər ikisindən. Ümumiyyətlə, təkliflə bağlı heç vaxt problemim olmayıb. Məsələ pulda deyil. Pulu çox yerdə qazana bilərəm. Mən “İnter”də başqa məsələlərə görə işləyirəm. Əsas şəraitdi. “İnter”də özümü rahat hiss edirəm. 3 il əvvəl  Cahangir müəllim mənə etimad göstərdi. Ona xəyanət edə bilmərəm.
- Yaxınlarda Berti Foqtsun Azərbaycan yığma komandasıyla müqaviləsi başa çatır. Qeyri-rəsmi məlumatlara görə, miliyə namizədlər arasında sizin də adınız var.
- Əgər belədirsə, əlbəttə ki, məmnunam. Bu məsələyə daha əvvəl də münasibət bildirmişəm. Məncə millidə yerli məşqçi işləməlidir. Qurban Qurbanov və Yunis Hüseynov bu işin öhdəsindən gələ bilər.
- Lap AFFA-dan konkret təklif olsa belə imtina edəcəksiz?
- Bəli. Bir daha təkrar edirəm. Bu mənim üçün böyük şərəfdir. Ancaq Azərbaycan millisində azərbaycanlı işləməlidir.
Mənbə: Penalti.az

OXŞAR XƏBƏRLƏR