Cəbrayılın azadlığı – Tarixi qələbəmizin təntənəsi

Cəbrayılın azadlığı – Tarixi qələbəmizin təntənəsi
SİYASƏT
14:35 04.10.2026
242
Qarabağ Müharibə Əlilləri, Veteranları, Şəhid Ailələri İctimai Birliyinin Göygöl rayon şöbəsinin sədri

2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi Azərbaycan xalqının tarixinə qəhrəmanlıq və Zəfər salnaməsi kimi yazıldı. Azərbaycan Ordusunun rəşadəti, əsgər və zabitlərimizin misilsiz igidliyi sayəsində işğal altında olan torpaqlarımızın azadlığı uğrunda başlayan mübarizə tarixi Qələbə ilə nəticələndi.

Vətən müharibəsinin ilk günlərindən Cəbrayıl istiqamətində aparılan uğurlu hərbi əməliyyatlar düşmənin müdafiə xəttinin yarılmasında mühüm rol oynadı. 2020-ci il oktyabrın 4-də Cəbrayıl şəhərinin və rayonun bir sıra kəndlərinin işğaldan azad edilməsi Azərbaycan Ordusunun böyük hərbi uğurlarından biri oldu. 27 ildən artıq düşmən işğalı altında qalan Cəbrayıl şəhərinin azadlığı xalqımızın qəlbində illərlə yaşanan yurd həsrətinə son qoyulacağına inamı daha da gücləndirdi.

Həmin gün Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin xalqa müraciəti hər bir azərbaycanlının yaddaşına əbədi həkk olundu. Bu müjdə təkcə Cəbrayıl sakinlərinin deyil, bütün Azərbaycan xalqının sevincinə çevrildi. Çünki Cəbrayılın azad edilməsi torpaqlarımızın bütövlüyünün bərpası istiqamətində atılan mühüm addım, milli iradəmizin və sarsılmaz birliyimizin təntənəsi idi.

Cəbrayıl uğrunda döyüşlərdə Azərbaycan əsgərinin göstərdiyi qəhrəmanlıq, fədakarlıq və Vətən sevgisi hər birimiz üçün qürur mənbəyidir. Şəhidlərimizin canı bahasına qazanılan bu Qələbə xalqımızın azadlıq əzmini, ordumuzun gücünü və dövlətimizin qətiyyətini bütün dünyaya nümayiş etdirdi. Bu gün azad Cəbrayılın adı çəkiləndə gözlərimiz önündə Vətən uğrunda canından keçən qəhrəmanlarımızın müqəddəs xatirəsi canlanır.

Bu gün işğaldan azad edilmiş ərazilərimizdə genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir. Cəbrayıl rayonunda yeni infrastruktur yaradılır, yaşayış məntəqələri yenidən qurulur, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı üçün mühüm tədbirlər görülür. Bütün bunlar Azərbaycanın öz torpaqlarında həyatın yenidən canlanmasına, tarixi ədalətin bərpasına və gələcək nəsillərin doğma yurdda yaşamasına xidmət edir.

Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən, oktyabrın 4-ü Cəbrayıl Şəhəri Günü kimi qeyd olunur. Bu əlamətdar gün xalqımızın yaddaşında qəhrəmanlıq, birlik və Zəfər rəmzi olaraq yaşayır.

Cəbrayılın azadlığı bir daha sübut etdi ki, xalqımız öz torpağına bağlıdır, dövlətimizin gücü və ordumuzun qüdrəti sayəsində ən çətin sınaqlardan belə alnıaçıq çıxa bilər. Bu Qələbə gələcək nəsillərə ötürüləcək şərəfli tariximiz, milli qürurumuz və Vətən sevgimizin əbədi simvoludur.
 
İlqar Əhmədov
OXŞAR XƏBƏRLƏR