"Parıltı" ("The Shining") trillerində Cek Nikolsonun canlandırdığı personajın qapını sındırmaq üçün istifadə etdiyi balta Londonda "Bonhams" hərracında satışa çıxarılacaq.
Bu barədə "Report" "The Guardian"a istinadən xəbər verir.
Rejissor Stenli Kubrikin kolleksiyasından yüzlərlə kino rekviziti satışa çıxarılacaq. Onların arasında sözügedən balta da var.
Bu səhnə dünya kinematoqrafiyasının ən məşhur səhnələrindən birinə çevrilib. Qiymətləndirmələrə görə, baltanın satış qiyməti 30-50 min funt sterlinq arasında ola bilər.
Hərracın ən bahalı lotunun isə Stenli Kubrikin digər filmi – "2001: Kosmik Odissey"dən insan embrionunu təsvir edən maneken olması gözlənilir. Bu eksponatın 800 min funt sterlinqə satılacağı ehtimal edilir.
Hərrac fevralın 3-də keçiriləcək. Buna qədər bir neçə sərgi təşkil olunacaq. İlk sərgi gələn həftə Nyu-Yorkda keçiriləcək. Daha sonra eksponatlar Los-Anceles və Parisdə nümayiş etdiriləcək. Yanvarın 18-də isə Londonda yekun sərgi təşkil olunacaq.
Qeyd edək ki, sözügedən rekvizit hələ 2022-ci ildə ABŞ-da keçirilən hərracda 140 min dollara satılıb. Komissiya haqqı nəzərə alınmaqla yekun məbləğ 175 min dollar təşkil edib. Bundan əvvəl isə balta 2019-cu ildə Londonda keçirilən hərracda 200 min ABŞ dollarına satılmışdı.











































