"Davam" və "Azərbaycan Xalqlar Dostluğu" Dərnəyinin təşəbbüsü ilə videokonfrans keçirildi

GƏNCLİK
17:14 25.04.2021
1423
"Davam" Gənclər Hərəkatı və "Azərbaycan Xalqlar Dostluğu" Dərnəyinin təşəbbüsü ilə 24 aprel - Gənclərin Beynəlxalq Həmrəylik Günü münasibəti ilə "Azərbaycan - Türkiyə Gəncliyinin Siyasətdə Rolu" mövzulu videokonfrans baş tutub. 

Görüşdə "Davam" Gənclər Hərəkatının sədri Nihad Allahyarlı, "Azərbaycan Xalqlar Dostluğu" Dərnəyinin İdarə heyətinin sədri Lalə Həsənova, "Davam" Gənclər Hərəkatının İdarə heyətinin üzvləri Sabir Rüstəmov, Məhəmməd Türkmən, Sara Rəcəbli, AK Partinin Konyaaltı rayon Gənclər Birliyinin sədri Ali Çakmak, AK Partinin Konyaaltı rayon Gənclər Birliyinin təşkilati işlər üzrə sədri Furkan Beyazıt Kepez, eləcə də Azərbaycan və Türkiyə gəncləri iştirak edib. 

Dərnəyin sədri Lalə Həsənova iştirakçıları salamlayaraq konfransı açıq elan edib. 

Çıxış edən Nihad Allahyarlı Azərbaycan-Türkiyə gəncliyinin həmrəyliyini xüsusi vurğulayaraq "Davam" Gənclər Hərəkatının Türkiyənin ictimai-siyasi arenasında fəaliyyət göstərən təşkilatlarla əməkdaşlıqlar qurmağa maraqlı olduğunu dilə gətirib. Çıxışının sonunda o vurğulayıb ki, qarşıdakı aylarda "Davam" Gənclər Hərəkatının rəhbər heyətinin paytaxt Ankaraya növbəti səfəri planlanır. 

Daha sonra çıxış edən Ali Çakmak, Sabir Rüstəmov, Furkan Beyazıt Kepez, Məhəmməd Türkmən dostluq və qardaşlıq münasibətindən danışaraq iki ölkə arasında əməkdaşlığın gücləndirilməsi üçün müxtəlif təkliflər irəli sürüb.

Konfransın yekununda "Davam” Gənclər Hərəkatının sədri Nihad Allahyarlı bu günlərdə aktual mövzu olan Co Baydenin 1915-ci il hadisələrini "soyqırım" adlandırmasına da münasibət bildirib. Bu açıqlamanı erməni lobbisinin dəstəyini qazanmaq cəhdi kimi qiymətləndirərək hüquqi əsası olmayan belə bir hadisəyə ABŞ prezidentinin münasibət bildirməsinə etirazını dilə gətirib və hər zaman olduğu kimi bu məsələdə də Azərbaycanın Türkiyənin yanında olduğunu bir daha vurğulayıb.
 

 

 

 

 

OXŞAR XƏBƏRLƏR